Mətbuat reket jurnalistikadan azad olmalıdır
31-03-2016, 09:31
Mehman Əliyev: «Müstəqil medianın inkişafı üçün şərait birbaşa mövcud siyasi sistemin dəyişməsindən keçir»
Bəlli olduğu kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi barəsində ortaya çıxan sensasion məlumatların bir qismində bəzi mətbuat orqanlarının da adı hallanıb. “MTN-çilər”in qara və çirkli əməllərinə şərik olan, onlarla əlbir işləyən bir çox “reket qəzet” və “reket saytlar” iş adamlarına “torba tikilməsi”ndə xüsusi rol oynayıblar.
Mətbuat Şurası Idarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov ÿModern.az saytına ÿaçıqlamasında ilk olaraq “reket jurnalistika”ya qarşı mübarizənin vacibliyinə toxunub. Deputat deyib ki, “reket jurnalistika”ya qarşı daim mübarizə aparılmalıdır və bu, prinsipial olmalıdır. Onun fikrincə, ilk olaraq jurnalistlər özləri bu mübarizəni aparmalıdırlar. Jurnalistlər öz adlarının təmizliyi üçün, jurnalistika sahəsində sağlam mühit yaratmaq üçün bu addımı atmalıdırlar. Eyni zamanda, ictimaiyyət özü də bu işə kömək etməlidir. Yəni, “reket jurnalistika”nı tanıyıb-bilən insanlar onlarla əməkdaşlıqdan çəkinməlidirlər: “Reket jurnalistlər”ə yaşıl işıq yandıran məmurlar, onları maliyyələşdirənlər var. Onlar da bu yoldan çəkinməlidirlər. Yaxud jurnalistlər onları aşkara çıxarıb həmin insanlar barəsində mətbuatda yazılar verməli, onların bu cür xoşagəlməz əməllərini qınaq hədəfinə çevirməlidirlər”.
Məsələ barədə “Azadlıq”a açıqlama verən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bu məsələni hakimiyyətin media ilə bağlı apardığı siyasətin birgə məhsulu adlandırır. Mehman bəyin fikrincə, ölkədə normal, azad mətbuat və onun inkişafı üçün imkanlar olsaydı, media bir biznes sahəsi kimi işləsəydi, iqtisadi, yaradıcılıq müstəqilliyi, peşə-əxlaqi kodeksə və qanunlara riayət etmək kimi amillər mövcud olardı:
“Media bu prinsiplərlə işləsəydi, bizdə ”reket jurnalistika” olmazdı. Nöqsanları olan idarə və müəssisələri şantaj edən, dilənçi və nəhəngləri “reket jurnalistika”nın nümayəndələri hesab edirəm. Hökumət tərəfindən qeyri-leqal yolla maliyyələşdirilən, əsasən, insanları çaşdıran, onlara düzgün informasiya verməyən, hakimiyyətin alətinə çevrilənlər reketçiliklə məşğuldurlar”.
Mehman bəy vəziyyətdən çıxış yolunu da göstərir. Onun fikrincə, müstəqil medianın inkişafı üçün şərait yaradılmalıdır. Bu da birbaşa mövcud siyasi sistemin dəyişməsindən keçir:
“Xalq tərəfindən seçilmiş hakimiyyət, prezident, parlament, Nazirlər Kabineti və insan haqlarına hörmət, azad məhkəmə sistemi bir-biriylə zəncirvari şəkildə bağlıdır. Bu məsələlər olmasa, problemi həll etmək mümkün deyil”.