AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ

31-03-2016, 18:23           

Baş redaktorun “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusu qəbul olunub
AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ


Dünən Azərbaycan Milli Elmlər Akademiyasında növbəti dissertasiya müdafiəsi keçirilib. "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiə olunub. Dissertasiyanın elmi rəhbəri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix institunun direktoru, professor Yaqub Mahmudov öz çıxışında mövzunun aktuallığından və əhəmiyyətindən söz açaraq Bakı uğrunda Azərbaycanın milli qüvvələrinin Qafqaz İslam Ordusu ilə birgə mübarizəsindən danışıb.

Eyni zamanda, Y. Mahmudov sözügedən dissertasiya mövzusunun müdafiəsinin 31 Mart soyqırımı ərəfəsinə salınmasının təsadüfi olmadığını qeyd edib.

Mövzu ilə bağlı məlumat verən Akif Aşırlı "Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin 3 fəsildən ibarət olduğunu deyib: "İlk fəsildə Qafqaz İslam Ordusunun yaranması və onun ilk döyüş sınaqlarından və Bakı Sovetinin silahlı qüvvələri və Qafqaz İslam Ordusu arasında hərbi əməliyyatlara dair mətbuat xəbərlərindən bəhs olunur. İkinci fəsil isə artıq Xalq Komissarları Sovetinin süqutundan sonra Bakıda hərbi siyasi vəziyyət və Bakı uğrunda Azərbaycan milli qüvvələrinin Qafqaz İslam Ordusu ilə birgə mübarizəsi, ən nəhayətində isə Azərbaycan paytaxtının azad edilməsi əks olunub. Müdafiə işimin 3-cü fəsildə isə Qafqaz İslam Ordusunun Hərəkatının son mərhələsi qeyd olunub. Bu mərhələyə Qarabağda erməni separatizmi ilə mübarizə, Mudros barışığından sonrakı hərbi-siyasi vəziyyət, Qafqaz İslam Ordusunun ləğvi aiddir”.

Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iştirakçılarının müzakirəsinə verilib. Müəllif mövzu ilə bağlı sualları cavablandırıb, tövsiyələri dinləyib. Müdafiənin davamında Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov səsvermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.

Elmi Şuranın iclasına sədrlik edən professor Fəzail İbrahimli A.Aşırlının "Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, A.Aşırlının dissertasiya müdafiəsində elmi rəhbər və Müdafiə Şurasının üzvləri ilə yanaşı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər ictimaiyyət üzvləri, elm adamları iştirak edib.
teref.az kollektivi olaraq bizdə Akif Aşırlını təbrik edirik!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.