Zülfüqarlıların işində daha bir biabırçı məhkəmə qərarı
1-04-2016, 10:12
Rasim Məmmədov prezidentə müraciət edən zavod direktorlarını məhkəməylə susdurmağa çalışır
Nizami Rayon Məhkəməsində “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovun Zülfüqarlı qardaşlarına məxsus olmuş “Bakıelektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədova, “Bakıpoladtökmə” zavodun meneceri Adilxan Musayevə, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı iddası üzrə proses yekunlaşıb. Prosesə hakim Rauf Əhmədov sədrlik edib.
Hakim zavod direktoru ilə menecerin hər birinin ayrı-ayrılıqda 10 min manat cərimə olunması və prezidentə videomüraciətlərin qəzetlərin saytlarından çıxarılması, təkzib edilməsi haqda qərar verib. R.Əhmədov və A.Musayev qərarla razı deyillər. Bildirirlər ki, bu, ölkədə prezidentin qarantı olduğu söz azadlığına qarşı çıxarılmış məhkəmə qərarıdır. R.Əhmədov məhkəmə qərarı elan olunarkən ölkə xaricində olub və məhkəmədə iştirak edə bilməyib. Belə bir qərarın verilməsi haqda məlumat aldıqdan sonra isə növbəti dəfə ölkə rəhbərliyinə videomüraciət hazırlayaraq mətbuata yollayıb. Həmin videomüraciətində R.Əhmədov məhkəmə qərarına münasibətini açıqlayır:
Cənab prezident! 2015-ci il 18 noyabrda sizə ünvanladığımız videomüraciətdən sonra Rasim Məmmədov bizə qarşı açıq-aşkar hucuma keçməyə başladı. Biz həmin videomüraciətdə göstərmişdik ki, Nurəddin və Rövşən Zülfüqarlılardan zorla alınmış əmlakların 80 faizi zəbt olunub. Sizdən həmin əmlakların qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdik. Bunun müqabilində Rasim Məmmədov bizi məhkəməyə verib. Hakim Rauf Əhmədov 2016-cı il 29 mart tarixli ədalətsiz qərarı ilə Rasim Məmmədovun xeyrinə bizə 10 min manat cərimə kəsdi. Həmçinin həmin qərarla bizdən Rasim Məmmədovdan üzr istəməyimiz tələb olunur.
Cənab prezident! Bu haqsız bir qərardır. Zavodların sahibkarları bu gün mühacir həyatı yaşayırlar. Biz sizə müraciətimizdə xahiş etmişdik ki, sahibkarların geri dönməsinə şərait yaradılsın və işləməyən zavodlara investisiya qoyub işləməyən kollektiv üzvlərini işlə təmin etsinlər.
Cənab prezident! Biz nə edək? Sizə müraciət edirik, Rasim Məmmədov kimilər bizi məhkəməyə verir. Hazırda zavodlar işləmir. Kollektivlərin üzvləri işsiz qalıblar. Bizdən iş tələb edirlər. Insanlar gözləyirlər ki, biz nə vaxt iş yeri açacağıq və onları işlə təmin edəcəyik. Rasim Məmmədov arxasında dayanan məmurlara arxalanır. O, Loğman Zülfüqarlı ilə danışıqlarında qeyd edib ki, baş verənlər onluq deyil, arxasında Bəylər Əyyubov, Ramiz Mehdiyev və Rafiq Əyyubov kimi insanlar dayanıb. Hətta Loğman Zülfüqarlıya deyib ki, onların (Zülfqarlı qardaşlarınının həbsi nəzərdə tutulur) həbs olunmasında Rafiq Əyyubovun da rolu olub. Qərardan narazı olan Adilxan Musayev isə bildirib ki, prezident Ilham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı çıxışlarından sonra bir daha mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət etmək qərarına gəliblər: “Bilirsiniz ki, cənab prezident sahibkarlığın inkişafı ilə bağlı çağırışlar etdi. Həmin çağırışlardan sonra qərara gəldik ki, mətbuat vasitəsi Ilham Əliyevə müraciət edərək fəaliyyəti iflic edilmiş ”Bakıelektroştamp” və “Bakıpoladtökmə” zavodlarının fəaliyyətinin bərpa olunması üçün dəstək istəyək. Buna görə də videomüraciət hazırlayıb mətbuat vasitəsi ilə yaydıq. Videomüraciətdə ümumilikdə 1100-dək kollektiv üzvünün olduğu zavodların qapadılmasının təfərrüatlarını da möhtərəm prezidentə çatdırdıq, xahiş etdik ki, zavodların açılması, Azərbaycan vətəndaşları olan kollektiv üzvlərinin işlə təmin olunması üçün zavodların sahibkarlarına dəstək verilsin. Bu, Rasim Məmmədov və onun arxasında dayananların, zavodların qapadılmasında rolu haqda kifayət qədər məlumatlar olan şəxslərin xoşuna gəlməyib. Mənim və 1100-dək kollektiv üzvünün işi zorla dayandırılıb, bu məhkəmə qərarı bizlərin baş verənlərə susqunluq nümayiş etdirməyimizə xidmət edir. Çox təəssüf edirəm ki, Azərbaycan məhkəməsi söz azadlığına qarşı belə bir qərar qəbul edib. Bizlər bu qərardan razı deyilik və şikayət edəcəyik”.
R.Məmmədov məhkəməyə təqdim etdiyi iddiasında zavod direktorlarının mətbuatdakı çıxışlarının şərəf və ləyaqətini alçaldıldığını göstərib. R.Məmmədov iddia edir ki, ötən il noyabrın 19-da dərc edilən “Zülfüqarlı qardaşlarının zavodlarında çalışanlar prezidentə müraciət etdilər” sərlövhəli yazıda yer alan məlumatlar şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzunu ləkələyib. Buna görə də R.Məmmədov cavabdehlərin hər birindən 5 milyon manat tələb etmişdi.