Bayden ən “ağır topu”nu Putinin önünə çıxartdı: müharibə qaçılmazdır? - böhran kulminasiyada...

20-01-2022, 09:22           
Bayden ən “ağır topu”nu Putinin önünə çıxartdı: müharibə qaçılmazdır? - böhran kulminasiyada...
Blinkenin təyyarəsi Kiyevə endi, Zelenski ilə görüşdü, Ərdoğan isə Rusiya və Ukrayna liderlərini Türkiyəyə çağırdı, Ağ Ev ən böyük hərbi yardımı bu ölkəyə göndərir
Yanvarın 19-da ABŞ dövlət katibi Entoni Blinkenin olduğu təyyarə səhər saatlarında Kiyevə enib. Bu, bölgədə yaşanan gərgin krizisin getdikcə dərinləşməsi dövrünə təsadüf edən səfər idi. “Yeni Müsavat” xəbər verir ki, səfər çərçivəsində Blinken Ukrayna prezidenti Vladimir Zelenski və XİN rəhbəri Dmitri Kuleba ilə görüşüb. Prezident Co Baydenin ən ağır toplarından olan Blinkenin Ukrayna səfəri heç də sıradan hadisə deyil.

ABŞ açıq şəkildə iddia edir ki, yanvarın sonu, fevralın əvvəli rus ordusu Ukraynanı işğal edə bilər. Odur ki, Amerika Putinin ordusunun qarşısına Blinkeni çıxardı. Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, bu görüşün ardınca Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparılacaq və Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün qarşısını almaq üçün birgə səylər, o cümlədən müttəfiqlərin Rusiyaya böyük nəticələr və ağır iqtisadi xərclər tətbiq etməyə hazırlığı müzakirə olunacaq.

Belə ərəfədə isə ABŞ Dövlət Departamentinin nümayəndəsi dövlət katibi Entoni Blinkenin Avropa səfərini mediaya şərh edərkən deyib ki, yaxın həftələrdə Ukraynaya hərbi yardımların növbəti və daha iri partiyası göndəriləcək. Blinken Avropa səfərini yanvarın 21-i Cenevrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirəcəyi görüşlə yekunlaşdırmağı planlaşdırır. Dövlət Departamentinin nümayəndəsi mediaya açıqlamasında deyib ki, səfərdə məqsəd Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyin diplomatik yolla həllinə nail olmaqdır. ABŞ rəsmisi qeyd edib ki, diplomatik cəhdlər nəticə verməsə, Rusiya Ukraynaya qoşun yeritsə, onda Vaşinqton NATO-nun şərq cinahını möhkəmləndirmək variantını da nəzərdən keçirir. Bugünlərdə CNN kanalı xəbər yayıb ki, Ağ Ev Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göstərilməsi haqda məxfi qərar qəbul edib. Bu dəstək Rusiyanın geri çəkilməsinə səbəb olacaqmı? Həm ABŞ-ın hərbi yardımları, həm Blinkenin Kiyev səfəri gərginliyi azalda biləcəkmi? Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün ölkəsinə dəvət edib.


Professor Toğrul İsmayılın “Yeni Müsavat” bildirdiyinə görə Rusiya Ukrayna sərhədinə hərbi kontingent yığıb, Şərqi Ukraynada separatçı qüvvələrə dəstək verir, bu da hər bir baş verə biləcək ehtimalı nəzərə almağı zəruri edir: “Amma Rusiya Amerika və Qərbdən lehinə hansısa güzəştlər qoparmaq istəyir və bundan istifadə edir. Əslində bu münaqişənin ortaya çıxmasına Qərb daha çox səbəbkardır. Sadəcə, Rusiyanın etdiyi xətalar Moskvanı daha aqressiv göstərir”. T.İsmayıl hesab edir ki, əgər Rusiya hərbi həmlə edərsə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının təməl fəlsəfəsinə zidd addım atmış olar: “Amma Rusiya xarici siyasətində gücdən istifadə etdiyi üçün bu ehtimalları unutmaq olmaz. Ona görə müharibəni nə istisna, nə ehtimal etmək olar. Sərhədə ordu toplanırsa, müharibə heç zaman istisna deyil. Ancaq belə addım atarsa, Rusiya üçün faciəvi dönüş ola bilər. O baxımdan Putinin buna getməyəcəyini düşünürəm”.

Siyasi şərhçi Asif Nərimanlının sözərinə görə, proseslərin inkişafının xəbər lentlərində təqdim olunandan fərqli olması Ukrayna cəbhəsində “böyük müharibə” hazırlığını “böyük oyuna” da bənzədir. Onun fikrincə, əsas fokus rusların təqdim etdiyi müqavilə və amerikalıların bunu qəbul etməməsi ilə “oxun yaydan çıxması” üzərində qurulub: “Cenevrədə ”strateji sabitlik" müzakirələri nəticəsiz qaldı, Vaşinqton kəşfiyyat məlumatlarına istinadən Rusiyanın yanvarın sonu-fevralın əvvəlləri tarixlərində hücuma keçəcəyini, hətta hücum ssenarisinin necə olacağını açıqladı. Moskva bunları təkzib etmir, əvəzində Peskov “NATO-nun Ukraynanı işğal etməsinə artıq dözə bilmirik” deyir, Lavrov 7 gün vaxt verir. Tərəflərin tələbləri və hədəflərini analiz etdikdə “böyük müharibə”nin daha çox ritorikadan ibarət olduğu nəticəsi ortaya çıxır". Ekspert hesab edir ki, Qərb Ukraynaya hücum qarşılığında yalnız sanksiya tətbiqini önə sürməklə Moskvanın “iştahını artırır”: “Bu, həm Qərb yarımkürəsi üçün ”ölüm zənginin" daha gur çalınmasına, həm də Rusiyanı tələyə çəkməyə bənzəyir. 2014-cü ildən başlanan, 2020-ci ilin pandemiyası ilə praktiki mərhələyə keçən yeni şərtlər dünyada ABŞ-ın hakim olduğu təkqütblü sistemdən, ikiqütblü sisteminə keçidi dəlalət edir. Rusiyanın Ukraynaya hücum edəcəyi, “böyük müharibə”nin olacağı ehtimalı zəifdir, diplomatik gərginlik, müharibə ritorikası davam edəcək".

Politoloq Fərhad Mehdiyev sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı 18 ssenari hazırlayıb: “Onların içərisində Rusiyanın Cenevrədəki danışıqlarda təqdim etdiyi təhlükəsizlik zəmanətlərinin heç biri yoxdur. Rusiya Xarici İşlər Nazirliyi cavab üçün ayrılmış həftəni geri sayır, paralel olaraq Ukrayna ilə sərhədə qoşun toplayır. Rusiya ümid edə bilər ki, Qərb sərt mövqeyindən geri çəkiləcək və Moskvanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini imzalayacaq. Amma Qərb partnyorlarının qarşısında alçalacağı üçün belə qərarlar verə bilməz. Qərb Rusiyadan Şərqi Avropa ölkələri üçün necə analoji təhlükəsizlik təminatı tələb edə bilər? Bu ölkələrin özləri şübhəsiz ki, zəmanət istəyəcəklər. Bəs, region ölkələri Rusiyanın təminatlarına inanacaqmı?! Axı Ukrayna Krımın itirilməsi ilə barışmayacaq, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyadan imtina etməyəcək”.

Fərhad Mehdiyev vurğulayır ki, hər iki tərəfdən qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürülür və bu da müharibəni qaçılmaz edir: “Tərəflər bütün ssenariləri hesablayıblar, amma müharibənin gözlənilməz nəticəsi amili var. Rusiyanın ildırım sürətli qələbə ilə Ukraynanı ələ keçirəcəyi gözləntisinə əks olaraq Qərbin hesablamaları belədir: Rusiya müharibə zamanı minlərlə qurban verəcək, ağır sanksiyaların ilk təsirləri nəticəsində ölkədə narazılıq artacaq, bu da nəticə etibarilə elitadaxili çevrilişə və çöküşə gətirib çıxaracaq. Ümumiyyətlə, müharibə bir günə hesablanmır və gedişatda münaqişə edən tərəflər planlarına düzəlişlər edə bilər. Vəziyyət kifayət qədər mürəkkəbdir və bizim coğrafiyada geosiyasi reallıqların dəyişməsinə gətirib çıxara bilər”. Qeyd edək ki, 2021-ci ilin dekabrının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.