Eks-spikerdən himnə qarşı çıxanlara SƏRT SÖZLƏR: - “Yarınmaq üçün belə edirlər”

1-04-2016, 12:38           
Eks-spikerdən himnə qarşı çıxanlara SƏRT SÖZLƏR: - “Yarınmaq üçün belə edirlər”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin himnimizlə bağlı səsləndirdiyi fikirlər ictimaiyyətdə rezonans doğurub.

Məlumat üçün bildirək ki, Araz Əlizadə Azərbaycan himninin insanlarda ruh yüksəkliyi yaratmadığını və ona qulaq asanda adamı ağlamaq tutduğunu vurğulayıb.

Mövzu ilə bağlı Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev də danışıb.

Rəsul Quliyev Modern.az saytına açıqlamasında bildirib ki, himnin müasir Azərbaycana daha yaramadığından danışanların gətirdiyi arqumentlər təəssüf hissindən başqa emosiya yarada bilmir.

Eks-spikerin fikrincə, himnə qarşı çıxan adamlar tapşırıqla hərəkət edirlər.

“Bu insanların tapşırıqla, yarınmaq üçün çıxışlar etdikləri zərrə qədər şübhə doğurmur. Əsas məqsəd himnin sözlərini dəyişməkdir”.

R.Quliyev bildirib ki, 1919-cu ildə 34 yaşlı Üzeyir Hacıbəylinin görkəmli şair Əhməd Cavadın sözlərinə yazdığı “Azərbaycan marşı” əsəri ilk demokratik dövlət tərəfindən himn kimi qəbul edilib.

“Musiqidən başı çıxanlar belə himnin musiqisində mütləq qəmgin notların olmadığını, əksinə, əvvəldən axıra qədər mübarizə notlarının üzərində qurulduğunu görməyə, hiss etməyə bilməz.

Üzeyir Hacıbəyli bu musiqisini bəstəkarlar üçün yaradıcılığın ən pik nöqtəsi hesab edilən 30-40 yaş arasında yazıb.

Və ona görə də Hacıbəyliyə qədər və ondan sonra o səviyyədə mükəmməl əsər yoxdur.

Dünyanı bu gün də silkələyən klassik bəstəkarlar Bax, Mosart, Bethoven, Şubert, Raxmaninov və başqaları şah əsərlərini əsasən 40 yaşlarına qədər yazıblar. Bethovenin 9-cu simfoniyası 50-ni keçəndən sonrakı dövrə aiddir”,-deyə eks-spiker bildirib.

Rəsul Quliyev qeyd edib ki, musiqidən elementar anlayışı olan kəs Azərbaycan himninin ancaq mübarizəyə çağırış üzərində qurulduğunu və insanları cəsur olmağa çağırdığını duya bilər.

“Nəzərə alsaq ki, Hacıbəyli indiki Azərbaycanda yaşayanlardan müsiqi tarixini dəfələrlə yaxşı bilirdi, onda deyə bilərik ki, qəmgin emosiyalı notlar üzərində yazılmış musiqini heç vaxt marş adlandırmazdı. Bizim himnə yazılan şeirin hər cümləsindən, hər sözündən vətənpərvərlik, mübarizəyə çağırış, qəhrəmanlıq yağır.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!

Şanlı Vətən!
Şanlı Vətən!

Azərbaycan!
Azərbaycan!
Azərbaycan!
Azərbaycan!”.

R.Quliyev deyir ki, himn dəyişdirmək çox nadir hallarda baş verir. Onun sözlərinə görə, himin mətni elə bir yazıdır ki, 1000 ildən sonra da öz əhəmiyyətini itirə bilməz.

“İndi siz yeni bir mətn təsəvvür edin. İndiki vəziyyətimizi tərənnüm edən, bir mətn çətin yazıla. Doğrusu, belə bir şeir yazmağa kimin əli qalxar, bilmirəm. Hər halda Bəxtiyar Vahabzadə, Məmməd Araz və bir çoxu belə bir şeir yaza bilməzdi. Tutaq ki, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından olan musiqi parçası himn kimi qəbul olundu. Bu himnin nə qədər ömrü ola bilər? Maksimum 10 il.

Belə çıxır ki, hər 10 ildə bir himn dəyişəcək. Azərbaycanlılar üçün əməl etməyin mürəkkəb olduğu məsələləri, məsələn, yalan danışmağı tərgitmək, rüşvətə yox demək, yaltaqlanmağı iyrəncliyin yuxarı forması hesab etmək, qonşuya, dosta, tanışa paxıllıq etmək və şeytançılıqla onların evini yıxmağa çalışmağı qırağa qoyuram.

Ancaq belə elementar məsələlərdə ciddi olmalıdırlar, özlərini tam ələ salmağa imkan verməməlidirlər. Azərbaycan himnini qəmgin emosiya üzərində qurulduğunu iddia edənlər görəsən həyatlarında heç olmazsa bir dəfə Bethovenin 5, 7, 9, Çaykovskinin 6, Fikrət Əmirovun “Kürd ovşarı”’ simfoniyalarına, Qara Qarayevin 7 gözəl baletindəki musiqilərə qulaq asıblar?

Bethovenin mübarizəyə, qəhrəmanlığa çağıran 9-cu simfoniyasının “to Joe” parçasını dinləyiblərmi? Düşünürəm yox. Üzeyir bəyin marşını qəmgin və ya zəif hesab edənlər dünyanın qəhrəmanlıq musiqiləri kimi qəbul etdiyi yuxarıda sadaladığım müsiqilərə qulaq assalar,gərək dəsmal götürüb ağlayalar. Ona görə də nə musiqiyə, nə də sözlərə böhtan atmağa dəyməz, sadəcə dəyişmək lazımdır. “Mən belə istəyirəm” deyib, dayanmaq lazımdır”.

[media=https://www.youtube.com/watch?v=GETdcAAXx-U]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.