Qarabağın taleyində mühüm dönəm başlayır... – qanlı savaşın pərdəarxası

4-04-2016, 09:39           
Qarabağın taleyində mühüm dönəm başlayır... – qanlı savaşın pərdəarxası
İşğalçıya sarsıdıcı zərbə, ermənipərəst həmsədrlərə mesaj; Ordumuzun blits-zəfəri – iki kənd, iki strateji yüksəklik geri alındı; düşmən atəşkəs dövrünün ən böyük itkisini verdi – onlarla ölü...; vasitəçilərin dəyişmək istəmədiyi status-kvonu Azərbaycan əsgəri dəyişir; prezident ABŞ-da ikən Azərbaycana qarşı törədilən avantürada “rus izi”, bumeranq effekti... (manset)
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da ikən Qarabağ münaqişəsi zonasında vəziyyət aprelin 2-dən etibarən qəfildən gərginləşib. Rəsmi məlumatlara görə, hər iki tərəfdən artilleriya və ağır zirehli texnikadan istifadə olunduğu eskalasiya zamanı Azərbaycan düşmənin layiqli cavabını verib, onu ağır itkilərə məruz qoyub. Düşmənin iki qat artıq canlı qüvvəsi (onlarla ölü) və texnikası sıradan çıxarılıb, iki kəndimiz, iki strateji yüksəklik geri alınıb. Döyüşlər davam edir və düşmənin yeni təxribatları istisna olunmur.

Bununla belə, yenə sual ortaya çıxır ki, Ali Baş Komandan İlham Əliyev Amerikada ikən bu eskalasiya kimə lazım olub? Axı məntiqlə Azərbaycanın hücum planı olsaydı, Ali Baş Komandan Bakıda olardı. Yada salaq ki, 2014-ün avqustunda baş vermiş “3 günlük müharibə” zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkədə olmamışdı - hərbi nazir məzuniyyətdə idi. O vaxt hadisələrdə “Rusiya izi” aydın görünmüşdü. Yenə şübhələr Kremlin üzərinə gəlir - bir neçə mühüm və vazkeçilməz səbəbə görə.

* * *

Ondan başlayaq ki, prezidenti İlham Əliyevin ABŞ-a yetərincə uğurlu səfərinə düşmən tərəfi və onun əsas havadarının neqativ reaksiyası gözlənilən idi. Çünki səfər çərçivəsində ölkə başçısının prezident Barak Obama başda olmaqla, Amerikanın ali rəsmi şəxsləri ilə keçirdiyi çoxsaylı məhsuldar görüşlər əksər ekspertlər tərəfindən Azərbaycan-ABŞ münasibətləri tarixində mühüm mərhələ kimi, qiymətləndirilir.

Söhbət öncəliklə energetika sahəsindən, o sırada Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropa bazarlarına çatıdırılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizi ( TANAP və TAP) layihəsinə rəsmi Vaşinqtonun dəstəyindən, təhlükəsizlik, terrorla mübarizə sahələrində birgə əməkdaşlığın gücləndirilməsinə dair anlaşmalardan gedir. Bu görüşlərin hamısında Amerika rəsmiləri ölkəmizin regiondakı aparıcı rolunu və önəmini xüsusi vurğulamışdılar.

Bundan əlavə, görüşlər zamanı həm dövlət katibi Con Kerri, həm də vitse-prezident Co Bayden səviyyəsində ərazi bütövlüyümüzə birmənalı dəstəyin ifadə olunması, İlham Əliyevin habelə, Amerika siyasətinə ciddi təsiri olan yəhudi lobbisinin əsas fiqurları ilə bir araya gəlməsi, nəhayət, bütün bunların Ermənistan prezidenti Serj Sərkisyanın ABŞ səfərini tamamən və əzici şəkildə kölgədə qoyması fonunda baş verməsi düşmən tərəfini və onun əsas müttəfiqini qıcıqlandırmaya bilməzdi.



* * *
Belə vəziyyətdə Ermənistan hökuməti üçün daxili ictimai rəyi uğursuz səfərin nəticələrindən yayındırmağın yeganə optimal və “uğurlu” yolu kimi ənənəvi olaraq təmas xəttində gərginliyi artırmaq, Azərbaycana qarşı yeni təxribatlara əl atmaq qalırdı. Üstəlik, indiki eskalasiyada Rusiyanın marağı əvvəlkilərdən daha çox idi. Çünki rəsmi Bakının Vaşinqtonla hər hansı yaxınlaşması şimal qonşumuzu qane eləmir. Bir səbəbi yuxarıda qeyd etdik.



Yəni baş verənlər ilk növbədə ABŞ-Azərbaycan yaxınlaşmasına qarşı rus-erməni təpkisi qənaəti yaradır. Son eskalasiyada da erməni təxribatı və onun arxasındakı məlum qüvvənin mövcudluğuna prezident İlham Əliyev Təhlükəsizlik Şurasının son toplantısında aydın işarə vurub. Sitat: “Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq” (Çıxışın tam mətni ayrıca verilir).

Yeri gəlmişkən, Azərbaycan və Ermənistan dövlət başçılarının Vaşinqton görüşünün reallaşmamasında bu amilin də rolu istisna deyil. Maraqlıdır ki, məhz həmin mümkün görüş və İlham Əliyevin Vaşinqton təmasları ərəfəsində Putinə yaxın “Valday” analitik qurumu yaydığı hesabatda Azərbaycanı “Gürcüstan ssenarisi” ilə hədələmişdi.

Budəfəki eskalasiya həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ərəfəsində (7 aprel) Kremlin bir güc nümayişini xatırladır. Yəni Azərbaycana belə bir mesaj verilir ki, Qarabağ məsələsində Amerika yox, məhz Rusiya əsas və həlledici ölkə olaraq qalır və ilk növbədə onunla hesablaşılmalıdır. Məlum olduğu kimi, Lavrov Bakıda Qarabağ problematikasını da müzakirə edəcək.

* * *
Cəbhədəki son qarşıdurmaya dəxli olan daha bir mühüm detalı qeyd etməliyik. Belə ki, cəmi bir gün öncə erməni mənbələri yazmışdı ki, Serj Sərkisyan Vaşinqtonda Co Baydenlə görüş zamanı təmas xəttində yeni monitorinq mexanizminin yaradılması (işğalçının özünü daha rahat və arxayın hiss eləməsi - red.) üçün ABŞ-dan dəstək istəyib, bu yöndə bəzi ermənipərəst konqresmenlərin Obamaya müraciətini nümunə göstərib və ölkəmizi hədələyərək bildirib ki, əks halda Ermənistan “Azərbaycana qarşı təkbaşına preventiv addımlar atacaq”.



Bundan az öncə isə ATƏT seminarında Ermənistan müdafiə nazirinin müavini David Tonoyan işğalçı ölkənin “müdafiə hərbi doktrinasından preventiv çəkindirmə doktrinasına” keçdiyini bəyan eləmişdi. Bütün bunlar, əlbəttə ki, təsadüf deyildi və cəbhə xəttindəki son gərginliyin səbəb-nəticələr zənciri ilə tam şəkildə uzlaşır.

* * *

Ancaq erməni faktoru həmişəki kimi məsələdə bir alət, vasitədir. Dirijor çubuğu isə yenə Rusiyanın əlində görünür. İstisna deyil ki, bununla Kreml ABŞ-a da mesaj yollamaq istəyib. Buradaca xatırladaq ki, prezident Putin Vaşinqton sammitini boykot edib. Obama isə öz çıxışlarında Rusiyanı, Putini sərt tənqid eləmiş, Rusiyanı nüvə silahlarının yayılmaması haqda müqaviləni uzatmaq istəməməkdə ittiham eləmişdi.



Yanakı səbəblər də var. Söhbət Putinin şəxsi ədavətdə olduğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Barak Obama arasında baş tutan təkbətək və səmimi görüşün yaratdığı qıcıqdan gedir. Bu görüş, şübhəsiz, ən əvvəl Rusiyaya bir çatdırış idi ki, bəzi fikir ayrılıqlarına rəğmən, Vaşinqton Ankaranın yanındadır.

* * *

Söz düşmüşkən, Qarabağda yeni müharibə məntiqlə Rusiya ilə münasibətləri qaydaya salmağa cəhdlər edən Türkiyənin marağında ola bilməzdi - erməni tərəfi bu versiyasını gözə soxmağa çalışsa da. Heç Rusiya da Qarabağda Türkiyə ilə toqquşmaq istəməz. Hər halda münasibətləri normala salmaq indi Moskvaya Ankaradan daha çox lazımdır. Bu cür təhlükəli “Qarabağ avantürası” isə Moskva üçün bumeranq effekti də verə bilər, çünki hərbi əməliyyatların proqnoza yatmayan istiqamətdə inkişaf tapmayacağına kimsə zəmanət vermir (Necə ki, Azərbaycan Ordusu düşmənə layiqli kontur-zərbə endirərək onu ağır itkilərə məruz qoydu).



Başqa sözlə, mini-müharibə, lokal xarakterli gərginlik Moskvaya yalnız ondan ötrü gərək ola bilərdi ki, münaqişə tərəfləri ilə yanaşı, Türkiyə və ABŞ-a da “bölgənin əsl yiyəsinin kim olduğunu” nümayiş etdirsin. Yəni Qərblə növbəti siyasi bazarlığa hesablanmış “əzələ nümayişi”. Rusiya rəsmilərinin, prezident Putinin münaqişə tərəflərinə ünvanlı çağırışlarının arxasında duran əsas məram budur. Bunun ardınca Putin 2014-də Soçidə olduğu kimi, “baş arbitr” qismində yenə Əliyevlə Sərkisyanı nümayişkaranə şəkildə bir araya gətirsə, təəccüblənmərik...

***
Əlavə edək ki, Rusiyanın Suriyadan öz hərbi qüvvələrinin əsas hissəsini çıxardıqdan sonra Ukrayna və Güney Qafqaza diqqətini artıracağı gözlənilirdi. Təsadüfi deyil ki, Ukrayna məsələsində (Donbas) də Moskvanın siyasi-diplomatik, hərbi fəallığı son vaxtlar xeyli artıb. ABŞ dövlət katibi Con Kerri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin təzəcə başa çatan Moskva səfərləri buna sübutdur.



Lakin konflikt zonasındakı son hadisələrin hamıya, o cümlədən Rusiyanın özünə verdiyi ən böyük xəbərdarlıq mesajı budur ki, nə qədər ki, Dağlıq Qarabağ konfliktinin həllində ciddi irəliləyiş yoxdur, Ermənistan işğal elədiyi Azərbaycan torpaqlarının heç olmasa, bir hissəsindən çıxmağa hazırlaşmır, o zamanadək bu münaqişə potensial qaynar müharibə mənbəyi olaraq qalacaq və konfliktə cəlb olunmuş dövlətlərin hamısının maraqlarını təhdid altında saxlayacaq...

Əslində son eskalasiyanı Kəlbəcərin işğal gününə ordumuzun əvəzsiz sürprizi və blits-zəfəri adlandıra bilərik. Bu, o deməkdir ki, Azərbaycan əsgəri vasitəçilərin on illərdir dəyişə bilmədiyi, daha doğrusu, dəyişmək istəmədiyi status-kvonu artıq xeyrimizə dəyişməyə başlayıb.

Bu, o deməkdir ki, sonrakı danışıqlarda Azərbaycan daha inamlı, Ermənistan isə daha zəifləmiş mövqedə olacaq və həmsədrlər də yeni reallığı ciddiyə almalı olacaqlar. Bu reallıq həm də ondan ibarətdir ki, Azərbaycan istənilən an öz torpaqlarını güc yolu ilə azad eləmək qabiliyyətinə malikdir və sonsuzadək gözləmək niyyətində deyil. Ermənipərəst həmsədrlərə verilən ən qiymətli mesaj-çatdırış budur...

P.S. Yazı çapa gedərkən Azərbaycan tərəfinin hərbi əməliyyatları birtərəfli qaydada, lakin şərtlə dayandırmaq qərarı verdiyi bəlli oldu. Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir: “Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir. Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.