“Ermənilərin yalan məlumatları bölgələrdə əleyhimizə istifadə oluna bilər” - Komitə sədri
5-04-2016, 19:07
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin yanvar-mart aylarının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə Dövlət Komitəsinin mərkəzi Aparatının şöbələrinin rəhbərləri ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.
Tədbirdə əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Mübariz Qurbanlı son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində gərginlik yarandığını xatırladaraq bildirib ki, bu təxribatların qarşısının alınması məqsədi ilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində ordumuz əhəmiyyətli irəliləyiş əldə edib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev baş verənlərlə əlaqədar Təhlükəsizlik Şurasının iclasında ölkəmizin müdafiəsinin və əzəli torpaqlarını işğaldan azad etməsinin xalqımızın haqqı olduğunu qeyd edib və buna etinasız yanaşan düşmənin layiqli cavab alacağını bildirib. M. Qurbanlı qeyd edib ki, hazırda davam edən müharibə şəraitində Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranmış şəraitə uyğun qurmalıdırlar. Bölgə şöbə müdirləri və əməkdaşları, eyni zamanda dini icma üzvləri əhali ilə sıx təmasda olmalı, şəhidlərimizin dəfn mərasimində iştirak etməlidirlər.
Komitə sədri Azərbaycan əleyhinə ermənilərin güclü təbliğat apardıqlarını, yalan informasiyalar yaydıqlarını vurğulayıb: “Bu məlumatlar bölgələrdə əleyhimizə istifadə oluna bilər. Ona görə də belə məsələlərə yüksək həssaslıqla yanaşmaq lazımdır”.
Sonra müşavirədə bu ilin yanvar-mart aylarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yerlərdə dini radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri müzakirə edilib. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov 3 ay ərzində bölgələrdə dini radikalizmlə mübarizə mövzusunda keçirilən tədbirlər haqqında geniş məlumat verib. O deyib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir.
Sonra müşavirədə bölgə şöbə müdirlərinin yanvar-mart ayı üzrə hesabatları dinlənilib.
Cari məsələlərin müzakirəsindən sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirən Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib.