“Beynəlxalq Bank” “AAAF PARK”la əməkdaşlığı dayandırdı
7-05-2015, 13:37
Azərbaycan Beynəlxalq Bankı (ABB) Xırdalan şəhərindəki "AAAF PARK” yaşayış kompleksi ilə əməkdaşlığı dayandırıb.
teref.az fins.az-a istinadən xəbər verir ki, Şirkət yaranmış vəziyyəti Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə izah edir: "Avropa oyunlarına görə hələlik bank kredit vermir, oyunlardan sonra bərpa olunacaq”.
ABB ilə əməkdaşlıq dayandırılsa da, "AAAF PARK”da yerləşən mənzillərin kreditlə satışı davam etdirilir – amma şirkətin daxili kredit şərtləri əsasında, lizinqlə.
Xatırladaq ki, ABB ilə əməkdaşlıq çərçivəsində müştərilər mənzilin dəyərinin 10%-ni əvvəlcədən, qalan hissəsini isə illik 10%-lə, 15 müddətində kreditlə ödəyirdilər. Hazırda da mənzilin dəyərinin 10%-ni bəri başdan, qalan hissəni isə 15 ilə ödəmək mümkündür. Amma müddətdən asılı olaraq mənzillərin 1 m2-nin qiymət artır. Belə ki, nağd aldıqda 1 m2-nin qiyməti 650 manatdırsa, 1 illik kreditdə qiymət 680 manat, 2 illik kreditdə 710 manat, 15 illik kreditdə isə 1100 manat təşkil edir. Yəni, hər il üçün 1 m2 mənzil sahəsi 30 manat bahalaşır.