Müharibənin dəyişməyən qanunu – döyüşün taleyini əsgər həll edir

24-03-2022, 10:02           
Müharibənin dəyişməyən qanunu – döyüşün taleyini əsgər həll edir
Ən qədim dövrdən bu günə qədər aparılan müharibələrdə dəyişməyən bir qayda var. Silahlar, döyüş texnikaları dəyişir, amma bu qayda dəyişmir. Dəyişməyən bu yeganə qayda qələbəni təmin edən əsgər amilidir. Savaşın qalibi qələbəni əsgər ayağı dəydiyi yerdə elan edə bilər. Əsgər bayrağı sancmayana qədər qələbədən danışmaq mümkün deyil.

Bu gerçəklik xüsusən də son 100 ildə texnologiyanın inkişafı dövründə özünü daha qabarıq şəkildə göstərdi. Dünyanın ən güclü orduları hesab olunan ABŞ ordusunun Vyetnamda 1965-75-ci illərdə, SSRİ hərbi qüvvələrinin 1979-89-cu illərdə Əfqanıstanda qarşılaşdığı uğursuzluqlar müasir silah və texnologiyaların müharibənin taleyini həll edən əsas faktor olmadığını sübut etdi.

Hər iki müharibənin taleyini insan faktoru həll etdi, halbuki, amerikalılar Vyetnamda, sovetlər isə Əfqanıstanda silah və texnika sarıdan əzici üstünlüyə malik idilər. Amma nəticədə hər iki müharibədə qalib gələn insan faktoru oldu, qüdrətli ordular isə ağır itki verərək döyüşdən uduzmuş, nəticəsiz ayrılmalı oldu.
21-ci əsr müharibələrində də insan amili öz sözünü deyir.

2014-17-ci illərdə İraq və Suriyada İŞİD-ə qarşı aparılan müharibədə ABŞ və Rusiya raket-artilleriya və aviasiya üstünlüyünə malik olsa da (İŞİD-in nə aviasiyası, nə də faktiki olaraq artilleriyası yox idi –K.R.) hər iki dövlət quru qüvvələri cəlb etməyə məcbur oldu. ABŞ İŞİD-ə qarşı quruda kürd qüvvələrindən, Rusiya isə İranın təmin etdiyi silahlı qruplardan istifadə etməklə hərbi üstünlüyünü təmin edə bildi.

44 günlük Vətən müharibəsində milli şüurun, vətənpərvərliyin əyani surətdə şahidi olduq"

Azərbayan və Ermənistan arasında 2020-ci ildə baş verən 44 günlük müharibədə hər nə qədər Azərbaycan texnoloji cəhətdən üstün olsa da, müharibənin taleyini yüngül silahlarla silahlanmış Azərbaycan ordusu xüsusi təyinatlılarının Şuşa şəhərini azad etməsi əməliyyatı həll elədi. Yalnız bundan sonra ermənilər məğlubiyyətlərini qəbul edib atəşkəsə razılaşdılar.

Və Ukrayna müharibəsi. Bu gün açıqlanan etiraflardan da belə məlum olur ki, hətta bir çox Avropa ölkəsi Ukraynanın Rusiya qarşısında bir neçə gün davam gətirəcəyinə belə inanmırmış. Ancaq müharibə başladıqdan sonra məlum oldu ki, ukraynalılar müqavimət göstərə bilir. Özü də çox ciddi və uğurlu şəkildə. Bundan sonra Qərbdən Ukraynaya silah və texnika yardımları artdı. Amma bu texnika həlledici deyil, həlledici olan ön xəttə vuruşan əlisilahlı əsgərlərdir. Müharibənin taleyini onlar həll edir.

Rusiya ilk gündən Ukraynada aviasiya və raket-artilleriya üstünlüyünə malik olsa da, bu üstünlük müharibənin taleyini həll etmədi. Artıq 4 həftədir ki, ağır artilleriya, aviasiya bombardmanı altında müharibə davam edir. Rusiya artıq “Kalibr”, “Kinjal” və “İsgəndər” kimi ultramüasir raketlərdən istifadə etməyə başlayıb. Amma bu silahlar müharibənin taleyini həll etmir. Çünki müharibədə son sözü əli silahlı əsgərlər deyir. Əsgərin daxil olmadığı nöqtə alınmış nöqtə hesab olunmur. Hər nə qədər havada təyyarələr uçuşsa, artilleriya ərazini “şumlasa” belə, əsgərin ayağı dəymədikcə o ərazilərdə qələbəyə iddia etmək mümkün deyil. Bu gerçəklik Mosulda, Raqqa və bu gün Ukraynada dəyişmədi. Azov dənizi sahilində yerləşən Mariupol şəhəri aviasiya və artilleriya tərəfindən xarabalığa çevrilsə də, ukraynalı əsgərlər hələ də şəhəri ruslara təslim etməyib. Dolayısı ilə Mariupola hələ rus əsgəri daxil olmadıqca şəhərin itirilməsindən danışmaq olmaz.

Müharibədə həlledici məsələ psixoloji üstünlükdür. Tərəflərdən biri psixoloji üstünlüyü ələ alana qədər bütün müharibələr yorucu və dağıdıcı olur. Düşmənin müqaviməti qırıldıqdan sonra psixoloji üstünlüyü təmin edən tərəf qarşısıalınmaz şəkildə irəliləməyə davam edir. Necə ki, II dünya müharibəsində Stalinqrad qələbəsindən sonra sovet ordusu almanları ardıcıl olarq qovmağa başlamışdı. Hazırkı mənzərə onu göstərir ki, hələlik müharibənin ən ağır və yorucu hissəsi davam edir. Ukrayna ordusu müqavimət göstərir, rus ordusunun irəliləməsinin qarşısını alır. Hətta bəzi yerlərdə onları geri oturdur. Baxmayaraq ki, ruslar raket-artilleriya üstünlüyünə sahibdir. Ancaq bütün müharibələrdə olduğu kimi, döyüşün taleyi yerdə, quru qoşunları tərəfindən həll olunur. Quru qüvvələri isə hələlik əzmlə müqavimət göstərir.

Quruda müqavimət davam etdiyi müddətdə Rusiyanın qələbəsindən danışmaq mümkün deyil, hətta ən modern silahlarla hücum edilsə belə. Başqa sözlə, indi döyüş cəbhəsində dəyişən bir şey yoxdur. Müharibənin nəticəsi döyüş meydanında əlində silah savaşan əsgərlərdən, onların nə qədər müqavimət göstərməsindən asılı olacaq.

Kənan Rövşənoğlu,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.