Fərrux irəliyə doğru SON ADDIMDIR? - GƏLİŞMƏ

31-03-2022, 09:35           
Fərrux irəliyə doğru SON ADDIMDIR? - GƏLİŞMƏ
Martın 28-də müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində müavinlərinin, qoşun növləri komandirlərinin və idarə rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib. Videorabitə vasitəsilə azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin, birləşmələrin komandirləri və digər zabitlər də müşavirəyə qoşulublar.

“Yeni Müsavat” xəbər verir ki, müşavirədə Azərbaycan - Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasında əməliyyat şəraiti ətraflı müzakirə olunub. Media və hərbi analitiklər bu müşavirəni Azərbaycanın antiterror əməliyyatlarına başlayacağına hazırlıq kimi qiymətləndirmişdi. Çünki müşavirə Fərrux kəndinin azad edilməsindən sonraya təsadüf etmişdi.

Ona görə nazirin generalları, komandirləri toplayıb müşavirə keçirməsi bu kontekstdə diqqət çəkirdi. Xüsusən Xocalı, Xocavəndin mərkəzi, Əsgəranın tam azad olunması, terrorçu silahlı birləşmələrin bölgədən çıxarılmasının zamanı gəldiyinə çağırış edənlər var. Çünki rus sülhməramlıları üzərinə düşən bu missiyanı ilyarım ərzində icra etməyiblərsə, Azərbaycan Ordusunun 10 noyabr sənədini reallaşdırmaq hüququ var.

Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunub və Azərbaycanla sülh danışıqlarının dərhal başlanması təklifi edilib. İclasda iddia edilib ki, Bakı Qarabağdakı separatçıların təmizlənməsi əməliyyatına zəmin hazırlayır. Ermənistan Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 baza prinsipinə Qarabağdakı ermənilərin “statusu” məsələsini əlavə etmək niyyətindədir, lakin Bakının Qarabağda mümkün təmizləmə addımları İrəvanın, ümumiyyətlə, bu istiqamətdə cəhd imkanlarını da sıradan çıxara bilər. Amma indiki halda beynəlxalq şərtlər əlverişlidirmi? Azərbaycanın dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi suverenliyini bərpa etməsinə başlaması mümkün görünürmü?

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, hələ Ukrayna hadisələrindən əvvəl bu məsələ gündəmdə idi: “Sülhməramlıların hərəkətsizliyi də vadar edirdi ki, Azərbaycan addımlar atsın. Ona görə Zakir Həsənovun müşavirəsi, Fərruxun nəzarətimizə keçməsi, rus ordusunun Ukraynada uğursuzluğu üst-üstə düşə bilər, amma bu faktorları bir-biri ilə bağlamaq istəməzdim, çünki bizim həmin ərazilərlə bağlı əvvəldən planlarımız var. Zakir Həsənov da göstəriş verdi ki, hər hansı gərginlikdən çəkinmək olmaz, zəruri addımlar atılmalıdır”, - deyə hərbi ekspert qeyd etdi.

Onun sözlərinə görə, Z.Həsənovun bu qərarları da ondan ibarətdir ki, sülhməramlı kontingent hər hansı əngəl yaradacağı təqdirdə, nazir silahdan istifadəyə icazə verir: “Hazırda iş aparılır və sülhməramlı qüvvələr öz imicini qorumaq üçün müəyyən hərəkətlər edirlər. Amma istənilən halda plan əsasında iş aparılır və geriyə çəkilmək yoxdur, ordu üzərinə düşəni həyata keçirir. Zakir Həsənov sülhməramlı komandanlığına, rus həmkarının da diqqətinə çatdırıb ki, qanunsuz silahlı dəstələri orada saxlaya, ordumuz üçün təhlükəni belə qoya bilmərik. Onlar istədiyi vaxt atəş açırlar, odur ki, bölgədən getməlidirlər”.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Fərrux yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilk növbədə Qarabağda qalmış qanunsuz erməni silahlılarına ciddi zərbədir: “Bundan sonra Qarabağda separatçıların istənilən hərbi təxribatının qarşısı daha uğurla alınacaq. Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olmasının bizim üçün mühüm hərbi-strateji əhəmiyyəti var. Bu üstünlüyümüz birbaşa olaraq erməni silahlı tör-töküntülərinin Qarabağ ərazisindəki, o cümlədən Ağdərə və Xankəndi istiqamətindəki fəaliyyətlərinə həm vizual, həm də atəş nəzarətini həyata keçirməyə imkan verir”.

Ə.Vəliyev bildirir ki, digər tərəfdən, Fərrux kəndi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Xocalı rayonunun ərazisinə daxildir: “Bunu Azərbaycanın Qarabağa nəzarəti tam şəkildə həyata keçirmək üçün zəruri olan fəaliyyətlərinin bir hissəsi kimi də qiymətləndirməliyik”. Hərbi ekspertin sözlərinə görə, növbəti təxribatların Xocavənd istiqamətində ola biləcəyinə dair müəyyən siqnallar var: “Əgər bunlar baş verərsə, Azərbaycan Ordusu növbəti yerdəyişmə proseslərini Xocavəndin Taqaverd kəndi istiqamətində həyata keçirə bilər”.

Qeyd edək ki, Fərrux dağ silsiləsindəki yüksəkliklər Xankəndi, Xocalı, Əsgəran və Ağdərəyə də nəzarət etmək imkanı tanıyır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.