Dünyanın heroin istehsalatı mərkəzi və "Taliban"ın "mübarizəsi": Kabilin itləri də narkomandır - FOTOLAR

16-08-2022, 08:28           
Dünyanın heroin istehsalatı mərkəzi və "Taliban"ın "mübarizəsi":
Narkomanlar üçün tiryək plantasiyaları və “müalicə” düşərgələri: “Taliban” milyonlarla əfqanı heroin əsarətindən qurtarmaq istəyir?

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” bir sıra vədlər verdi ki, onlardan biri də narkotik istehsalının dayandırılması ilə bağlı idi. Lakin məsələ narkomanlar üçün düşərgələrin təşkilindən o yana getmədi. Əhalisi narkomaniyadan çox əziyyət çəkən Əfqanıstan üçün narkotik biznesi ən aktual problem olaraq qalır. Hətta fiziki asılılıqdan qurtulanlar hələ də narkotiklərlə mübarizə aparırlar: Əfqanıstan iqtisadiyyatı demək olar ki, bu zəhərin istehsalından asılıdır. Dövlətin siyasi təcriddə qalmasının və beynəlxalq təşkilatların köməyinə ümid edə bilməməsinin əsas səbəblərindən biri də budur. Bununla belə, “Taliban”ın sadə əfqanların həyatından qat-qat vacib olan asan tiryək gəlirindən ayrılmağa tələsmədiyini düşünməyə əsas var. “Lenta.ru” “Heroin Əfqanıstanda gündəlik həyatda” adlı araşdırma aparıb. AYNA istinadla materialı təqdim edir:
Böyük gözləntilər

“Daha istehsal və qaçaqmalçılıq olmayacaq. Əfqanıstan bundan sonra ümumiyyətlə tiryək becərən ölkə olmayacaq”, - deyə “Taliban”ın sözçüsü Zabiullah Mücahid ötən il avqustun 18-də bildirib və bununla belə, “Taliban”ın bunun üçün xarici yardıma ehtiyacı olacağını vurğulayıb. Beynəlxalq ictimaiyyət isə “Taliban”ın narkotik vasitələrin istehsalının qadağan edilməsi məsələsinə, eləcə də qadın hüquqlarının və söz azadlığının qorunması ilə bağlı populist bəyanatlarına inanmayıb. Əvvəlki illərdə “Taliban” təkcə narkotik biznesini qorumaqla kifayətlənmirdi - onlara nəzarət edir və vergiyə cəlb edirdilər. Və heroindən gələn qazanc onların 2021-ci ildəki hərbi uğurlarında rol oynadı.

“Taliban” tədricən öz gəlir mənbələrini şaxələndirib və indi təkcə narkotik vasitələrin satışından deyil, həm də faydalı qazıntıların çıxarılmasından, vergilərin yığılmasından, həmçinin ölkə ərazisindən tranzit malların daşınmasından da qazana bilir. BMT-nin 2020-ci il üçün məlumatına görə, “Taliban”ın gəliri 300 milyon dollardan 1,5 milyard dollara qədər artıb. Müqayisə üçün: 2019-cu ildə Əfqanıstanın bütün ÜDM-i 18,9 milyard dollar, büdcə gəlirləri 5,5 milyard dollar olub. Bununla belə, problem aradan qalxmır.

Heroin iqtisadiyyatı

Kabil - narkomanlar körpülərin altına toplaşır

Bir il əvvələ qədər narkotik vasitələrin qanunsuz dövriyyəsinin kökünün kəsilməsi ilə bağlı verilən vədlərin nə dərəcədə reallaşa biləcəyi bəlli deyildi: BMT-nin 2018-ci ildəki məlumatına görə, narkotik ticarəti Əfqanıstanın ÜDM-nin 11 faizinə qədərini təşkil edib. “Taliban” 2000-ci ildə uyuşdurucunu rəsmən qadağan etsə də, istehsalçıların istehsalı dayandırmaq niyyəti yox idi. Rəqəmlər də buna işarə edir: 2015-ci ildən 2020-ci ilə qədər dünya üzrə heroinin 83 faizi Əfqanıstanda istehsal edilib.

Ölkə narkotik istehsalı ilə uzun və çətin tarixə malikdir. 2000-2001-ci illərdə yaraqlılar ilk dəfə olaraq tiryək istehsalını məhdudlaşdırmağa çalışdılar və xaşxaşın becərilməsi və ixracına qadağa qoydular. Əkin sahələri kəskin şəkildə - on dəfədən çox (82 min hektara qədər) azaldıldı. ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin ekspertləri diqqətə çatdırıblar ki, o vaxt “Taliban” narkotik istehsalından əl çəkməyə ciddi hazırlaşırdı. Ekspertlər bunun 2001-ci il sentyabrın 11-də ABŞ-a hücumdan sonrakı ilk aylarda baş verdiyini xatırladıblar. Amerikanın işğalına hazırlaşmaq və “təhlükəsizlik yastığı” qurmaq üçün silahlılar “dərmanın” qiymətini qaldırmaq qərarına gəliblər. Məhsul azaldıqca, qiymət həqiqətən rekord həddə çatdı: bölgədə təxminən 95 dollara satılan tiryəkin kiloqramı 746 dollar dəyərində idi.

Yeni hökumət - köhnə iş

Heroin aludəçisi

Süni qiymət artımı “Taliban”ı məğlubiyyətdən xilas edə və Amerikanın işğalını dayandıra bilmədi. Bununla belə, sonuncu illər ərzində yaxşı qurulmuş istehsal məhv edilmədi: hətta Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra da xaşxaş bitkiləri tez bir zamanda əvvəlki ölçüsünə çatdı. 2002-ci ilə qədər xaşxaş sahələri 74 min hektar ərazini tutdu və 2004-cü ildə amerikalıların gəlişindən əvvəlki miqyasını aşdı, böyüməyə davam etdi.

ABŞ hakimiyyətinin dəstəklədiyi əvvəlki Əfqanıstan hökuməti xaşxaşın məhvinə ümumilikdə 8,6 milyard dollar xərcləyib. Buna baxmayaraq, yüksək rütbəli əfqan məmurları tiryək ticarəti ilə məşğul olurdular və bundan çəkinmədilər: onlar Kabilin mərkəzində saraylar tikdirir, Dubay və Birləşmiş Ərəb Əmirliklərində nəhəng villalar alırdılar. Bundan əlavə, Əfqanıstanda keçmiş hakimiyyət dövründə digər narkotiklərin istehsalı da quruldu: ölkə həşiş tədarükçüsü oldu və metamfetamin istehsalında istifadə olunan efedra bitkisinin becərilməsinə başladı.

Allahsız əməl

“Taliban” narkomanların toplaşdığı yerlərdə onları məcburi "müalicə"yə aparmaq üçün reydlər keçirir

2021-ci ildə yenidən hakimiyyəti ələ keçirən “Taliban” tiryək istehsalını məsələsinə başqa cür yanaşmağa çalışıb. 2022-ci ilin aprelində “Taliban” xaşxaş becərilməsini İslam əleyhinə fəaliyyət kimi rəsmən qadağan etdi. Amma indi də, heroin istehsalı Əfqanıstan hakimiyyəti üçün ən böyük gəlir mənbəyi kimi görünür. 2021-ci ildə Əfqanıstanda qeyri-qanuni ticarətin həcmi təxminən 1,8-2,7 milyard dollar qiymətləndirilir. Gələn gəlirin ölkənin ÜDM-də ümumi payı 9-14 faiz arasındadır, mal və xidmətlərin rəsmi qeydə alınmış qanuni ixracının dəyərini üstələyir (bəzi hesablamalara görə, 2020-ci ildə ÜDM-in 9 faizini təşkil edirdi).

2021-ci ilə qədər Əfqanıstanda tiryək xaşxaş becərilməsi sahəsi 177 min hektar olaraq qiymətləndirilir. Ümumilikdə, ölkədə 2021-ci ildə təxminən 6,8 min ton tiryək istehsal edilib ki, bu da 2020-ci illə müqayisədə 8 faiz çoxdur. Bu miqdarda narkotik maddəni 270-320 ton təmiz heroinə çevirmək olar.

“Başqa məhsullar sadəcə olaraq gəlirsizdir”

Narkomanların müalicə düşərgəsində yeməkxana

Geniş miqyaslı repressiyalar kömək etmədi - əksinə, onlar işi daha da gərginləşdirdi: on şirkətlər və yüz minlərlə insan “Taliban” tərəfindən əsir götürülən Əfqanıstanı tərk etdikdən sonra ölkə növbəti dəfə iqtisadi problemlərlə üzləşdi. Xaşxaş tarlalarının dağıdılması yalnız fermerlərin narazılığını sürətləndirdi. Bu, öz növbəsində “Taliban” hərəkatının əsas tərəfdarları - puştun fermerlərinin narazılığına səbəb oldu: xaşxaş əkinindən asılı olan ailələrin əlində heç nə qalmadı. Üstəlik, ağır iqtisadi vəziyyət hətta narkotik alverini ağlına belə gətirməyənləri də əyri yola getməyə sövq edib. Tiryək istehsalı, məsələn, buğdadan daha asan və daha sürətli olduğundan, Əfqanıstanın cənub-şərq əyalətlərində bir çox insan qanunsuz əkinçiliklə məşğul olub.

“Taliban” hakimiyyətə gəldikdən bir neçə ay sonra da vəziyyət dəyişməyib. Bu ilin aprelində bir əfqan fermer “Reuters”ə bildirmişdi ki, xaşxaş əkilməsi qadağası ilə bağlı şayiələr fonunda xaşxaş qiymətləri son həftələrdə iki dəfədən çox artmaqdadır. Fermer etiraf edib ki, yalnız tiryək istehsalı ona ailəsini dolandırmağa kömək edəcək: “Başqa məhsullar sadəcə olaraq gəlirsizdir”.

“BBC News” ilə söhbətində fermer Məhəmməd Qani də deyib ki, indi tiryək satıcıları hətta məmurlara rüşvət vermək və yeraltı mal satmaq məcburiyyətində deyillər. İndi fermerlər bazarda açıq şəkildə satışla məşğuldurlar.

"Taliban ölkəni azad etdikdən sonra biz tamamilə azad olduq", - başqa biri deyir.

“Yaşıl dərman”

Narkomanlar üçün düşərgədə

Əfqanıstanda narkotik ticarəti ilə mübarizə cəhdləri də uğursuzluqla nəticələnir, çünki tiryəkin hətta ən yoxsul fermerlər üçün də yetişdirilməsi çox asandır. “Taliban” çoxlu vədlər versə də, narkotik ticarətinin kökünün kəsilməsi istiqamətində addımlar atsa da, narkotik istehsalçıları qadağaları qabaqlaya və onlardan yan keçməyə nail ola bilirlər. Problemin kökünü kəsmək əvvəlkindən daha çətin olub.

Xaşxaş tarlalarında su nasoslarını gücləndirmək üçün yalnız bir neçə çox ucuz, lakin çox səmərəli günəş panelləri lazımdır. Belə panellər hər il getdikcə daha böyük plantasiya salınmasına kömək edir. Əfqanıstanın cənubundakı xaşxaş fermerləri onları 2014-cü ildən quraşdırır. Günəş enerjisi indi Əfqanıstanın cənubunda həyatın müəyyənedicisidir. Kiçik günəş panelləri kərpic daxmalarda lampaları enerji ilə təmin edir və nasoslar təkcə buğda və narları deyil, həşiş sahələrini torpaqları da suvarır.

Ümumiyyətlə, jurnalistlərə müsahibə verən istər ekspertlər, istərsə də sadə əfqanlar etiraf edirlər ki, Əfqanıstanda narkotik istehsalı ilə məşğul olmaq daha da asanlaşır. Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Polisinin keçmiş kəşfiyyat rəisi, polkovnik Nezamuddin Bahavi “Nezavisimaya qazeta” ilə söhbətində deyib ki, bütün qadağalar şou üçündür. Əslində “Taliban” onların becərilməsinin qarşısını almır, əksinə, göz yumur. Belə ki, əvvəllər narkotiklərin böyük partiyaları məxfi marşrutlar, keçmiş keçid məntəqələri və dağlardakı çətin yerlər vasitəsilə daşınırdısa, indi bütün Əfqanıstan ərazisində tamamilə sərbəst şəkildə daşınır.

““Taliban” qubernatoru icazə qətnaməsi tətbiq edir və bu qədər: yol pulsuzdur, sadəcə kiçik bir ödəniş etməlisiniz. Tutaq ki, hansısa narkotik alverçisi Bədəxşandan Cəlalabada bir neçə ton narkotik keçirmək istəyir. O, “Taliban” məmuruna malının hər kiloqramı üçün müəyyən məbləğ ödəməlidir. Bundan sonra ona tranzit icazəsi verilir ki, bununla da heç kim ona toxunmur”, - deyə Bəhavi bildirib.

“Asılılıq Məkkəsi”


Narkomanlar üçün düşərgədə: xəstələr 45 gün heç bir müalicə olmadan orada saxlanılır

Buna baxmayaraq, ölkənin xaşxaş iqtisadiyyatı istənilən yolla formatlaşdırılmalı və azaldılmalıdır. Narkotikdən əziyyət çəkən “Taliban”ın reputasiyası deyil, ölkə əhalisidir. Uzun müddətdir ən kəskin problemlərdən biri “Narkomaniya Əfqanıstanın əsas dayağı” idi: davam edən yoxsulluq və müntəzəm münaqişələr səbəbindən narkomanların sıraları artdı. 2005-ci ildə ölkədə 200 minə yaxın tiryək və heroin aludəçisi var idisə, 2009-cu ildə onların sayı bir milyona çatıb.

“İndi narkotiklər Əfqanıstanda istehsal olunduğundan, onlar ucuzlaşıb. Əvvəllər onlar İrandan gətirilirdi. Bir qramı 1500 əfqani idi (15 dollar), indi isə 30-40 əfqanidir”, - Kabil yolunun yaxınlığındakı xəndəkdə vaxt keçirən narkomanlardan biri “BBC News”a bildirib. Onun taleyini kanalizasiyada gecələyən yüzlərlə eyni kişi və qadın bölüşür.

Radikal "müalicə"

Narkotik düşərgəsinin xəstələri

Problemdən qurtulmaq üçün “Taliban” nəinki xaşxaş bitkilərinin kökünü kəsmək üçün aqressiv kampaniyaya başladı, həm də narkomanları xəstəliyindən sağalmalı olduğu düşərgələrə göndərməyə başladı. Yaraqlılar əvvəllər narkomanların toplaşdığı ərazilərə basqın edərək onları yük maşınlarına və minik avtomobillərinə mindirir, Kabil yaxınlığındakı klinikaların birində ay yarım həyatdan təcrid edirlər. İstər bir il əvvəl, istərsə də indi “Taliban” narkotik aludəçilərini 2016-cı ildə klinikaya çevrilmiş keçmiş Amerika hərbi bazası olan Kabil yaxınlığındakı məşhur “Avicenna” Narkoloji Xəstəxanasına kütləvi şəkildə gətirməyə davam edir. Bu, paytaxt yaxınlığında yerləşənlər arasında narkomanların müalicəsi üçün ən böyük düşərgədir. Bu klinikada son bir ildə rejim dəyişməyib: narkomanlar hələ də yük maşınları ilə gətirilir, 45 gün kazarmada saxlanılır. Dərman terapiyası əvəzinə “Taliban” adi abstinensiyanı təyin edir, buna görə xəstəxanaya gələn demək olar ki, hər bir xəstə ən ağır yoldan keçir - bəzən "müalicə" xəstənin ölümü ilə başa çatır. Başqa variant yoxdur: “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra klinikaya beynəlxalq maliyyə dayandı, ona görə də indi düşərgənin məcburi xəstələri qidalandırmaq üçün kifayət qədər vəsaiti yoxdur.

Şikayət: “İt də belə yaşamaz”

Narkomanlar üçün düşərgədə

Təəccüblüdür ki, düşərgədən sonra "sağalanlar”ın əksəriyyəti yenidən küçədə peyda olur və uyuşdurucudan istifadəyə davam edir. Adekvat terapiya və minimal sosial reabilitasiya olmadıqda, heroin asılılığı dərhal qayıdır. Kabil səngərində gecələməli olanlardan biri jurnalistlərə “İt də belə yaşamaz” deyə şikayətlənir.

Narkomanların ailə üzvləri də qohumlarını axtarmaq üçün magistral yollara, körpülərin altına çıxırlar. Kimsə qaranlıqda yalnız bir fənərlə silahlanmış və yüzlərlə kasıb adamın arasından tanış sifəti çıxarmağa çalışır. Həmin şəxslərdən biri narkotikə həvəsindən illər əvvəl evdən çıxan qardaşını tapa bilmədiyini deyib. "Ümid edirəm ki, bir gün onu tapa bilərəm",- deyə əfqan “Associated Press”ə söyləyib.

Nazər Kabil körpülərindən birinin altında yaşayır. 30 yaşı var və yoldaşları arasında mübahisələri həll edərkən, görünür, hörmətdən zövq alır. Nəzərin başqalarından fərqli olaraq, qayıtmağa yeri var: vaxtının çoxunu körpünün altında keçirsə də, bəzən yenə də evə gəlir. Ancaq çox da fərq yoxdur - asılılıq artıq onun bütün ailəsinə yayılıb. Nəzər “Avicenna” klinikasından “Taliban”ın hər basqınından sonra körpünün altındakı boşluğun nə qədər tez dolmasına təəccüblənmir. “Bu yaxşıdır. Onlar hər gün daha çox olur... Heç vaxt bitmir,”, - o, gülümsəyərək deyir.

Müəllif: Turan Abdulla
ayna.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.