“Fazil Mustafa Borçalı ittihamlarının hansı nəticə verəcəyini düşünürmü?” – REAKSİYA

18-08-2022, 11:38           
“Fazil Mustafa Borçalı ittihamlarının hansı nəticə verəcəyini düşünürmü?” –
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafa Borçalıda keçirilən Aşura yürüşü ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq siyasi analitik Turab Rzayev redaksiyamıza məktub ünvanlayıb. Həmin məktubu diqqətinizə təqdim edirik:

“"Bizim faciəmiz elə Borçalıdan başlayır" - Azərbaycan Milli Məclisinin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa belə deyib.

Mən bilmirəm, Azərbaycan Respublikasının ümumiyyətlə, nəyisə niyə Borçalıdan başlamalıdır, nəzərə alsaq ki, Borçalı Gürcüstan Respublikasının sərhədləri daxilində yerləşən vilayətdir. Bəli Borçalı əhalisinin əksəriyyəti Azərbaycan türküdür (Azərbaycanlıdır), Borçalı ilə Azərbaycan Respublikası arasında mədəni, tarixi, iqtisadi hətta siyasi güclü bağlar mövcuddur. Azərbaycan vətəndaşları Borçalı əhalisinə soydaş kimi yanaşır və bu elə belə də olmalıdır.

Amma bu heç bir halda özünü Azərbaycan siyasətçisi hesab edən adama, dost ölkənin vətəndaşları olan Borçalı əhalisinə təftiş və göstəriş tonu ilə dərs keçməyə, dost ölkənin daxili işlərinə qarışmağa heç bir əsas vermir.

Birincisi, deputatın buna siyasi əsası yoxdur. Heç bir halda qonşu ölkənin ərazisi olan Borçalı Azərbaycan regionları arasında sadalana bilməz.

Fazil Mustafa Borçalını radikalizm təhlükəsinin artdığını hesab etdiyi Bakı və Azərbaycanın digər bölgələri ilə birgə sadalayır ki, bu Azərvaycanın ən ali səviyyədə elan etdiyi “başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək” prinsipinə daban-dabana ziddir. Və özünü bir dövlət və siyasət adamı sayan üçün kobud səhvdir.

İkincisi, deputatın buna mənəvi haqqı yoxdur. “Din pərdəsi altında Azərbaycana qarşı böyük bir qüvvənin formalaşdığından” narahat olan deputat üçüncü ölkələrin din faktorundan yararlanaraq Borçalıda sosial dayaq yaratmaq, o cümlədən gələcəkdə bundan Azərbaycana qarşı istifadəsinin qarşısını almaq üçün bugünədək nə edib?

Fazil Mustafa parlamentdə neçə dəfə Borçalıların üzləşdiyi ağır ptoblemləri dilə gətirib?

Məsələn, “Soydaş haqqında” qanunun zəruriliyi haqqında bir dəfə təşəbbüs göstəribmi? Borçalıda məhv olunan teatr, mədəniyyət ocaqları, kənd və rayon klubları ilə bağlı hansı addım atıb? Borçalıda hazırda fəaliyyət göstərən məktəblər 1990-cı ildəkindən iki dəfə azdır. Soydaşlarının dini ənənnələrini şikayət etmək istədiyi Gürcüstan höküməti qarşısında bu məsələrin qaldırılması haqqında həyəcan təbili çalıbmı?

Fazil Mustafa Gürcüstan vətəndaşları arasında dini və məzhəbi aktivliyin artmasına qarşı Gürcüstan dövlətinə “hərəkətə keç” tələbinin nəticlərini düşünübmü? Bu cür tələblərin Gürcüstanda yaradacağı əks-sədanı hesblayıbmı? Gürcüstan erməniləri, Azərbaycan ilə Güscüstanın xoş münasibətini qəbul etmək istəməyən qüvvələr, gürcüləşmiş ermənilər üçün bunun göydən düşmüş fürsət olduğunun fərqindədirmi?

Şübhəsiz, hər kəsin öz şəxsi dini və məzhəbi tərəfkeşliyi ola bilər. Amma və lakin …. Bu təəsübə xidmət edərək, Gürcüstanda milli varlığımızı qoruyan Borçalıların taleyi üzərindən məzhəb kartını oynamaq yolverilməzdir. Onu da qeyd edim ki, istər tarixən, istərsə də son 30 ildə məhz Aşura mərasimi və Qızılbaş tarixi yaddaşının oyanması Gürcüstandakı soydaşlarımızın milli kimliyini saxlamqada ən böyük sosial-mədəni amillərdən olub.

Bunu aradan qaldırmaq isə Azərbaycanlıların assimilisiyasını istəyənlərin ən böyük xəyalıdır.

Mənim xatirəmdə isə bu gedişlər 90-ci illərin əvvələrindəki prosesləri canlandırdı. Xalq cəbhəsi hakimiyyəti dövründə Borçalıda az qala Qərbi Azərbaycan və Qarabağ kimi azərbaycanlılardan təmizlənmə təhlükəsi ilə üz-üzə qaldı. Çindən Pekini, İrandan Təbrizi, Rusiyadan Yakutiyanı almağı planlaşdıran bu xəyalpərəst xadimlər, nədənsə Borçalı məsələsi gündəmə gələndə Gürcüstanın demokratikləşməsi üçün onu qurban verməyə hazır olduqlarını heç də gizlətmirdilər. Guya Borçalını qurban versələr, vaxt gələcək bütün Qafqaz demokrat olacaqdı və hamının hüquqları təmin olunacaqdı.

Məhz mərhum Heydər Əliyevin qətiyyətli siyasəti, siyasi xarizması və öz ağırlığını var gücü ilə masaya qoyması nəticəsində Borçlıda Qərbi Azərbaycan və Qarabağda yaşanan faciələr yaşanmadı.

Ölkə başçısının ağır artilleriya sayılan həqiqi ziyalı və dövlət xadimlərini bölgəyə göndərməsi, Gürücstan höküməti qarşısında məsələni qətiyyətlə qoyması, Kvemo-Kartlı bölgəsi ilə Azərbaycanın qərb bölgələri arasında hərtərəfli o cümlədən iqtisadi münasibətlərin qurulması – yəni düşünülmüş və həqiqətən milli siyasət - Borçalıda yaşanacaq faciələrin qarşısını aldı.

Əlqərəz ….. Millət vəkili Fazil Mustafanın bu cür məsuliyyətsiz, milləti alçaldan açıqlamaları Azərbaycan-Gürcüstan dostluğuna, əməkdaşlığına ilk fürsətdə zərbə endirməyə hazır olan erməni millətçiləti və fars şovinistlərinin də dəyirmanına su tökür. Ona görə keçmiş cəbhəçi deputatın, onun vaxtilə təmsil etdiyi güruhun bir dəfə tarixi faciə həddinə çatdırdığı Borçalı mövzusundan uzaq durması məsləhətdir”.

Turab Rzaev, siyasi analitik

P.S: Məktubda səsləndirilən fikirlərlə bağlı millət vəkili Fazil Mustafanın da cavabını verməyə hazırıq.

Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.