“Qarabağ qoy, Rusiyanın olsun” – Bu təxribat KİMİN İŞİDİR?

22-08-2022, 16:57           
“Qarabağ qoy, Rusiyanın olsun” – Bu təxribat KİMİN İŞİDİR?
Ermənistan aparılan sülh danışıqları fonunda belə öz çirkin niyyətlərini davam etdirir.

Məlumatlara görə, İrəvanda “Ermənistan” partiyasının nümayəndələri səkidəki ağaclara Qarabağla bağlı vərəqələr yapışdırıblar.

Hansı ki, bu vərəqələrdə “Tiraspol Rusiyadır, Mariupol Rusiyadır, Krım Rusiyadır, Donetsk Rusiyadır, Luqansk Rusiyadır, Sxinvali Rusiyadır, Arsax (Qarabağ) da qoy Rusiyanın olsun” şüarı yazılıb. Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, ermənilərin bu sayaq təxribatda məqsədləri Azərbaycanla Rusiya arasında narazılıq toxumu səpmək, bir-birinə inamsızlıq yaratmaqdır:

“Ancaq Bakı ilə Moskva arasında münasibətlər hansısa bir erməninin siyasi təxribatı ilə müəyyənləşmir. İki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. Milli maraqların oxşar ümumi nöqtələrini axtarır tapır və birgə mehriban qonşuluq siyasəti yeridirlər”.

Deputat qeyd edir ki, heç bir erməni təxribatı Azərbaycana öz ərazi bütövlüyünü tam təmin etməyə maneə ola bilməyəcək:

“Erməni millətçiləri bütün tarix boyu həmişə təxribat və saxtakarlıqla məşğul olub. Bu da onların növbəti təxribatıdır. Onlar işğal etdikləri torpaqların əllərindən çıxması ilə razılaşa bilmir. Bilməli idilər ki, başqa xalqın torpağına sahiblənmək gec-tez elə onların özləri üçün ağır nəticələnəcək.

Azərbaycan öz torpağını azad edib. Bir neçə günə Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçəcək.

Rusiya sülhməramlılarının nəzarətində olan ərazilər də çox da uzaq olmayan zamanda yenidən Azərbaycanın suverenliyi altına keçəcək. Heç bir təxribat Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsinə maneə ola bilməz.

Ermənilər öz ərazilərində istədiyi fəaliyyətlə məşğul ola bilər. Amma onu da unutmasınlar ki, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.