“KREMLDƏ TƏLAŞ: PUTİN NİYƏ SÜLH DANIŞIQLARI İSTƏYİR?” - “Rusiya Prezidentinin ətrafında üç əsas təsir qrupu formalaşıb...”

24-08-2022, 10:16           
“KREMLDƏ TƏLAŞ: PUTİN NİYƏ SÜLH DANIŞIQLARI İSTƏYİR?” -
Rusiya Ukrayna müharibəsində hərbi üstünlüyünü və hücum imkanlarını getdikcə itirir. Hərbi əməliyyat meydanında böyük problemlərlə qarşılaşan Kreml müxtəlif manevrlərlə yaranmış çətin vəziyyətdən çıxış yolu axtarır.

Rusiya başçısına yenidən güc toplamaq və tutulan ərazilərdəki mövqelərini qoruyub saxlmaq üçün vaxt lazımdır. Hazırda Moskva danışıqlar mövzusunu ortaya atmaqla nəbz yoxlamasına başlayıb. Digər tərəfdən, ekspertlərin fikrinə görə, mühüm və həlledici qərarların verilməsində Putinin ətrafı da müstəsna rol oynayır.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” portalı “Kremldə təlaş: Putin niyə sülh danışıqları istəyir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni təqdim edirik: ”Vladimir Putinin hesablamasına görə, Qərb Ukrayna ilə bağlı problemlərdən usanacaq və Kiyevə təzyiq göstərərək ondan Moskva ilə danışıqlara getməyi tələb edəcək.

Amma Kremlin əlaltılarının canfəşanlığına baxmayaraq, Brüssel və Vaşinqton Ukrayna rəhbərliyini rüsvayçı “sülhə” təhrik etməyib, bunun əksinə olaraq, hazırda Rusiya isteblişmenti “xüsusi əmləyyat”ın gətirdiyi sanksiyalardan, iqtisadi geriləmədən və Putin rejiminin “şimali koreyalaşması”ndan “yanmağa” başlayır. Moskva mütəmadi olaraq Qərb KİV-lərinə sülh danışıqları barəsində tezislər sızdırır, halbuki, Ukrayna rəhbərliyinin buna razılaşacağı çox şübhəli görünür.

Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olmasını bildirməsi haqqında məlumat xeyli vaxtdır ki, Qərb KİV-lərində dövr etdirilir. Türkiyə Prezidenti Soçidəki görüşdən qayıtdıqdan sonra bəyan etmişdi ki, Rusiya prezidentinə Zelenski ilə Türkiyədə görüş keçirməyi təklif edib.

Moskva dəfələrlə bildirib ki, Türkiyə Prezidentinin vasitəçi kimi çıxış etməsinə qarşı deyil, amma Kreml danışıqlar prosesinin başlanması üçün tələbləri yumşaltmaqdan imtina edir. Ümumi yekunda Ərdoğanla Lvovdakı görüşü zamanı Volodimir Zelenskinin lakonik cavabı hər şeyə nöqtə qoyub. Zelenski söyləyib ki, danışıqlar yalnız Rusiya ordusunun Ukrayna ərazisindən çıxmasından sonra mümkündür.

Bu arada isə Vladimir Putin və Sergey Şoyqu vurğulayırlar ki, Ukraynaya qarşı “xüsusi əməliyyat” guya ki, plan üzrə gedir. Kremlin ilk baxışdan soyuqqanlı görünən davranışının səbəbi müharibənin əleyhinə olan fikirlərin siyasi müstəvidən silinməsi ilə bağlıdır. Lakin Kreml əlaltılarının aktivləşməsi göstərir ki, Moskva üzdə danışıqların ona lazım olmadığı görüntüsü yaratsa da, əslində hər vəchlə danışqlara can atır.

“Ukrayna Gələcək İnstitutu”nun xarici məsələlər üzrə eksperti İlya Kusa bu mövzuyla bağlı “Apostrof.ua”-ya bildirib: ”Döyüşlərin dondurulması Moskva üçün faydalı ola bilər. Bəli, onlar Putinin qışda hesabladığının əksi ilə qarşılaşdılar, amma Kreml anlayır ki, bu halda Kiyev daha çox riskə gedir. İndiki vəziyyətdə Ukraynanın danışıqlara getməsi daxili siyasi bomba olacaq. Ona görə də indi hər hansı danışıqların baş tutması inandırıcı deyil. Kremldə bunu bilirlər və çalışırlar ki, daha çox ərazi işğal etsinlər. Bununla paralel ümid edirlər ki, soyuq qış avropalıları ”sözəbaxan” edəcək”.

Ancaq rusiyalı işğalçılar yeni ərazilər zəbt etməkdə böyük çətinliklər çəkirlər. Hərbi ekspertlərin fikrinə görə Rusiya ordusu praktiki olaraq dayanıb və aktiv fəaliyyət göstərmək qabiliyyətində deyil.

Kremldə təlaş...

KİV-lərə Kreml isteblişmentinin iqtisadiyyatla bağlı böyük təhlükə duyması barədə informasiyalar sızır. Rusiya təbliğatının danışdıqları əfsanədir; yarım ildən sonra iqtisadiyyatın geriləməsi yalnız güclənəcək və bu da özü ilə bərabər ictimaiyyətdəki gərginliyi və narazılığı artıracaq. Deməli, indiki vəziyyətə uyğun olaraq taktiki baxımdan Kremlə Kiyevlə danışıqlara gedib işğal etdiyi ərazilərdə möhkəmlənmək lazımdır. Amma burada işğalçılar Ukrayna Prezident Ofisinin və Ukrayna Silahlı Qüvvələri komandanlığının bu cür ”danışıqları” arzulamadıqlarını nəzərə almırlar.

Putindən, Medvedyevdən və ya Patruşevdən fərqli olaraq Rusiya isteblişmentinin nümayəndələri reallıq hisslərini hələ itirməyiblər, onlar anlayırlar ki, Kiyevdə kimsə Kremlə Xersonu, Zaporojyeni, Krımı və Donbası peşkəş etməyə hazırlaşmır.

Britaniya jurnalistləri Qərb kəşfiyyat məlumatlarına əsaslanaraq xəbər veriblər ki, Kremlin hansısa yüksək vəzifəli məmuru müharibənin sona çatmasına kömək olunması üçün gizli şəkildə Qərb nümayəndələrinə müraciət edib. Mənbənin sözlərinə görə, Kreml təlaş içərisində çarəsizcəsinə “xüsusi əməliyat”ın dayndırılmasına ehtiyac duyur.

“The Daily Mirror” qəzeti yazır ki, həmin Kreml məmurunun verdiyi məlumat Qərb xüsusi xidmət orqanları arasında yayılıb. Xəbər verilir ki, yuxarı zabit heyəti, məmurlar, Putinə yaxın olanlar müharibə sayəsində meydana çıxan Qərb sanksiyalarından və iqtisadi geriləmədən çox narahatdırlar.

Putinin yaxın ətrafının nümayəndəsi danışıqlar aparmaq arzusunda olduqları barədə Qərbə siqnal yollayıb. Kreml elitası təlaş əhval-ruhiyyəsindədir. Ekspertlər deyir ki, Qərb mətbuatında gedən bu cür məlumatların ciddi əsasları var.

“Vətəndaş cəmiyyəti araşdırmaları mərkəzi”nin rəhbəri Vitali Kulik “Apostrof.ua”-ya verdiyi müsahibəsində deyib: ”Yekun qərara gələn Putin və onun ətrafı planlarının yolunda getmədiyini anlayırlar, yüksək vəzifəli Kreml funksioneri vəziyyətin Moskva üçün ən pis ssenari üzrə irəliləməsini görür. Onlar başa düşürlər ki, sistem yalnız zor və daimi səfərbərlik üzərində dayana bilməz. Belə getsə, ölkə bir ilə kimi Şimalı Koreyaya dönəcək və bu, rusiyalılar üçün xöşagəlməz nəticələrə gətirib çıxaracaq. Belə bir vəziyyətdə hər qrup daha çox qamarlamağa çalışacaq ki, bu da xaosa və özbaşınalığa səbəb olacaq. Ona görə də əhali, dini elita və müxtəlif korporativ qrupların üsyan qaldırması ehtimalı yüksəkdir. Əlbəttə, Qərb kəşfiyyatının Kremlin təlaş keçirməsi barəsindəki məlumatları həqiqətə uyğundur”.

Kreml qüllələrinin laxlaması...

Putin və Şoyqunun Rusiyada ümumi səfərbərlik etmək istəməmələri vəziyyətin nəzarətdən çıxa bilcəyi təhlükəsilə bağlıdır. Bunun əvəzinə Moskva yöndəmsiz manevrlər edərək ordunu cəbhənin dar hissəsinə cəmləyir, dünyanı Zaporojye AES-in partladılması ilə təhdid edir. Lakin bütün bunlar heç bir nəticə vermir.

Sergey Şoyqu və Rusiya Baş Qərargahı uğurlu “xüsusi əməliyyat” raportlarıyla çıxış edərək daim “günahkarlar” axtarışı ilə məşğuldur və bu, işğalçı generalitetin sıralarında daimi kadr yerdəyişməsi ilə müşayiət olunur.

İyun ayının əvvəlində “Suriya cəlladı” kimi tanınan Aleksandr Dvornikov komandanlıq postundan xaric edildi. O, bu vəzifəni daşıyan sayca ikinci general idi. Bu yaxınlarda Viktor Sokolovu işğal edilmiş Krımdakı Qara dəniz donanmasına yeni komandan təyin etdilər. Krımdakı partlayışlar səbəbindən Sevastopoldakı mərasim çox sakitcə keçirildi.

Müharibə və “günahkarlar” axtarışı Kremldəki müxtəlif qruplaşamalar arasındakı rəqabəti kəskinləşdirib. Belə bir vəziyyət Putinin “sabitliyinə” adət etmiş Rusiya isteblişmentini ciddi narahat edir. Rusiya analitiklərinin fikrinə görə, Ukraynaya müdaxilə zamanı Putinin ətrafında üç əsas təsir qrupu formalaşıb. Bunlar “Rusiya” bankının səhmdarı Yuri Kovalçuk və ”Rosneft”in rəhbəri İqor Seçin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və “çekistlər”, həmçinin də “Rostex”in baş direktoru Sergey Çemezovla birlikdə olan Arkadi və Boris Rotenberq qardaşlarıdır.

Sergey Şoyqu və Dmitri Medvedev də daxil olmaqla yerdə qalanların Putinə heç bir təsiri yoxdur. Onlar “yadlar” siyahısına düşməmək üçün daim öz “döyüşkənliklərini” nümayiş etdirmək məcburiyyətindədirlər.

Əvvəllər “liberallar”a aid olunan Medvedevin sərsəm bəyanatları işğalçıların Ukraynanı “demilitarizasiya” etmələri planlarının uğursuzluğa düçar olmasından xəbər verir.

“İslahatlara dəstək mərkəz”inin rəhbəri, siyasi ekspert Georgi Çijov vəziyyəti belə şərh edib: ”Vaxtilə Dmitri Medvedev Putin üçün prezidentlik postunu saxlayıb. Elə buna görə də onu dəstədən tam vurub tullamayıblar. Lakin o, ciddi qərarların alınması məsələlərindən uzaqlaşdırılıb. Putinin ətrafında real təsir gücünə malik “şahinlər” Patruşev və onunla həmfikir olanlardır. Onlar “qələbə” qazanana kimi vuruşmaq istəyirlər. Ancaq bu cənablar “qələbə”nin nə demək olduğunu bir-birilərinə izah edə bilmirlər. Çünki planlar daim dəyişdirilir.”

Vaqif Nəsibov

"AzPolitika.info"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.