"Azercell"də yeni rəhbərlik özünü doğruldubmu? - ekspert SORUŞUR

24-08-2022, 13:06           
"Azercell"də yeni rəhbərlik özünü doğruldubmu? - ekspert SORUŞUR
"Ötən gün məlumat verilib ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azercell"in rəhbərliyi ilə görüş keçirib. Açıqlanan məlumatdan belə anlaşılır ki, görüş "Azercell"in strateji təşəbbüsləri və gələcək planları, xüsusilə də onun modernizasiyası ilə tanışlıq məqsədi daşıyıb. Əlbəttə, "Azercell"in "dövlətləşməsindən" elə də çox müddət keçmədiyini nəzərə alsaq onun fəaliyyətinin dövlətin diqqət mərkəzində olması, nazirin yeni komanda ilə görüşməsi doğru addımdır və təqdirəlayiqdir. Maraqlıdır ki, görüşlə bağlı məlumatda cəmiyyəti maraqlandıran sualların heç birinin cavabını tapmaq, hələlik mümkün olmayıb".

TEREF pravda.az-a istinadla xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, bu tip ictimai maraq kəsb edən sualları ünvanlamaq lazım idi: ""Azercell"də yeni rəhbərlik, yeni idarəetmə özünü doğruldubmu? "Azercell" dövlət şirkətinə çevriləndən sonra buradan bir xeyli peşəkarların uzaqlaşdırılması, təsadüfi adamların yüksək postlara gətiriliməsi haqqında məlumatlar sızırdı.
Hazırda bu dövlət şirkətinin sağlamlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi durumu necədir? "Azercell"ə bağlı nazirliyin, dövlətin strateji məqsədi nədən ibarətdir? Bu nəhəng mobil operator daha da gücləndirilərək özələşmə üçün satışa çıxarılacaq, yoxsa elə dövlət şirkəti olaraq qalacaq? "Azercell" dövlət şirkətinə çevriləndən sonra investisiya imkanları, innovasiyala yatırımları necə olub? Son zamanlar trafikin (danışıq və mobil internet) kəskin artması, bahalı mobil trafik müqabilində mənfəətin cüzi artımlarını necə izah etmək olar? Diqqət çəkən məqam həm də odur ki, ölkənin bir nömrəli mobil operatorunun gələcək planları, nazirlə görüşü haqqında məlumatda 5G haqqında bir kəlmə yoxdur. Amma qonşu ölkələrdə, digər regionlarda bu tip görüşdə müzakirə predmeti ancaq və ancaq 5G infrastrukturun inkişafı, ancaq 5G üçün tezliklər uğrunda amansız mübarizə və s. olur. Bəlkə də belə bir müzakirə olub, özəl operatorlara bildirmək istəmirlər, bilmək olmaz. Ucqar ərazilərdə, kəndlərdə 3G/4G infrastrukturu qurulmayıb. Bu məsələ öz həllini necə tapacaq? Nazirlik tezlik, lisenziya verdiyi operatorlardan bu problemin həllini ayrılıqda tələb edəcək, yoxsa vahid bir şəbəkə qurulması təşəbbüsü irəli sürüləcək? "Azercell" dövlət şirkətinə çevriləndən sonra mobil bazarda rəqabətin daha da azaldığı müşahidə olunur. Nazirlik "Azercell", "Bakcell" və "Nar" mobil operatorlar arasında, ümumiyyətlə, mobil bazarda rəqabəti gücləndirmək üçün hansı addımları nəzərdə tutub və sair".

"Azərbaycanın ən nəhəng vergi ödəyicisi olan, ölkədə rəqəmsal innovasiyaların inkişafında mühüm yer tutan, 4 il bundan öncə 460 milyon manat büdcə vəsaiti ayrılan, mobil bazarın böyük hissəsinə nəzarət edən bir dövlət şirkəti ilə nazirin görüşü haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Ümid edirəm nəzərə alacaqlar" - ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.