Yeni maaş qalmaqalı: - Nazirlik direktorlara niyə fərq qoydu?

25-08-2022, 17:40           
Yeni maaş qalmaqalı: -
"Məktəb direktorlarının əməkhaqlarına əlavələr ediləcək. Sentyabrın 1-dən qərar qüvvəyə minəcək".

Bunu Elm və Təhsil Nazirliyinin brifinqində nazir Emin Əmrullayev deyib.

Nazir əlavələri ardıcıllıqla qeyd edib:

"500-700-dək şagirdi olan məktəblərdə 600 manat direktor, 200 direktor müavini, 700-900 şagird olan məktəblərdə 750 direktor, 250 direktor müavini, 900-1300 şagirdi olan məktəblərdə 900 direktor, 300 direktor müavininə, 1300-1700 şagird sayı olan məktəblərdə 1050 direktor, 350 manat direktor müavininə, 1700-2100 şagird sayı olan məktəblərdə 1200 direktor 400 direktor müavininə, 2100-2500 şagird sayı olan məktəblərdə 1350 direktor, 450 direktor müavini, 2500-dən yuxarı şagird sayı olan məktəblərdə 1500 direktor, 500 manat isə direktor müavininin əməkhaqqına əlavələr ediləcək".

Qeyd edək ki, son günlər ölkədə aktual olan məsələlərdən biri də məhz məktəb direktorlarının və müavinlərin əməkhaqlarının artırılması ilə bağlıdır. Belə ki, bu gün ölkədə şagird sayı 500-dək olan məktəblərin sayı o qədər də çox deyil. Ancaq şagird sayı daha az sayda olsa belə, əziyyət çəkən, bilikli şagirdlər yetişdirən məktəblərimizin sayı çoxdur.

Görünür, həmin məktəblərin rəhbərliyinin əməkhaqqında heç bir artım olmayacaq və maaş artımı şagird sayı çox olan məktəblərdə direktor “yarışını” artıracağı halda neqativ halların yaranmasına gətirib çıxarmayacaqmı? Teref.az-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, əslində ümumtəhsil məktəblərində şəffaf, neqativ hallardan uzaq bir mühitin yaradılması üçün məkəb direktorları və mavinlərinin əməkhaqqının artırılmasını gözləyirdik, çox vacib idi:

“Ancaq qərarın bu şəkildə verilməsi çox məyusedicidir. Qərar əslində çox məktəbi əhatə eləmir. Ölkədə 4432 məktəb var və onun 20 faizə qədəri 500 şagirddən yuxarıdır. Bu ortalama kiçik bir qism məktəbi əhatə edir. Belə az sayda məktəbi əhatə etməsini doğru saymıram.

Bütün məktəblərdə artım olmalı idi və orada 100-ə qədər və 100-dən yuxarı şagirdlə bağlı şkala verilməli idi. Ölkə məktəblərinin əksəriyyəti şagird sayı 500-dən aşağı olan məktəblərdir. Əslində bu o deməkdir ki, “mən əməkhaqqını qaldırıram, nəticədə qaldırmıram”. Fakt odur ki, direktor və direktor müavinlərinin əməkhaqları qalxdı və ölkənin cüzi bir məktəblərinə şamil olundu. İkinci tərəfi odur ki, əməkhaqqı artırılan məktəblərdə müavinlərlə direktorlar arasında çox ciddi fərq var. Bu qərarı verən insanın təhsillə bağlı az-çox yaxınlığı olsaydı bilməliydi ki, məktəblər müavinlərin çiyni üzərində durur.

Hələ sovet dövründə, sonrakı müstəqillik dövrümüzdə direktorlarla müavinlər arasındakı əməkhaqqı sistemində 10-15 faizdən artıq fərq olmayıb. İndi müavinin əməkhaqqını 3 dəfə az qaldıracaqsansa bu absurddur. Məqsəd dolayısı ilə 500-dən yuxarı olan məktəblərdə direktor yerinə təyinatı rüşvətin miqdarını təmin etməkdir. Bu dərəcədə absurd, bir-birini tamamlamayan, məntiqə sığmayan artım vermək özü gülüncdür. Artıq insanlarda belə təsəvvür yaranır ki, sanki 500-dən yuxarı olan məktəblərdə direktor vəzifələrinə rüşvətin miqdarını müəyyən etmək üçün bilərəkdən verilmiş təklifdir.

Belə olmal deyil, təzadlı bir vəziyyətlə üzləşmişik. Bir tərəfdən direktora, müavinlərə deyilir ki, “siz dərs deyə bilməzsiz”. Onlar sertifikasiyaya buraxılmır. Digər tərəfdən əməkhaqqını 330-dən artıq olanlar üçün qaldırılır. Bundan başqa direktorların işə qəbuluna metodikaya pedaqogikanı salırıq. Təhsildə atılan addımlar xaotik səhnəyə oxşayır. Nə etmək, nə üçün etmək istədikləri təhsil mütəxəssislərinə də məlum deyil”.

Ekspertin sözlərinə görə, direktorların əməkhaqqı sonuncu dəfə 2021-ci ilin dekabrında artırılıb və müəllimlərin əməkhaqqı sistemi ilə bağlı 11 iyul 2016-cı il tarixli Nazirlər Kabinetinin 270 nömrəli qərarı var:

“Həmin qərara uyğun olaraq məktəb direktorlarının əməkhaqqı 799 manat, müavinlərin maaşı isə 719 manat müəyyən edilmişdi. Eyni zamanda məktəb direktorları vəzifədən başqa 12 saata qədər dərs apara bilirdi. Bu gün əgər istəyirsizsə məktəb direktorları daha şəffaf işləsin, direktor və müavinlərə lazım olan əməkhaqqını verin. Məktəb direktoru və müavinlərin əməkhaqqı şagird sayından asılı olmayaraq 1500 manatdan başlamalıdır.

Sonra şagird sayına görə dəyişməlidir. Ölkədə 20 minə yaxın, direktor və direktor müavini var, onların əməkhaqqını qaldırmamaq bu qədərmi çətindir? Onların əməkhaqqını qaldırmaqla yanaşı çalışmaq lazımdır ki, məktəblərdə sistemli iş qurulsun. Ölkə məktəblərinin heç nizamnaməsi yoxdur. Nəyin əsasında idarə olunduğu məlum deyil. Təhsilin idarə olunması illərdir ki, labirintə düşüb, bu labirintdən çıxış yolunu tapmaq ya istəmirik, ya da tapa bilmirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.