Ermənilərin çıxarkən donuz qanı sürtdüyü evlər - orada yaşamaq olarmı?

27-08-2022, 08:51           
Ermənilərin çıxarkən donuz qanı sürtdüyü evlər -
Laçını və Laçın dəhlizi boyunca yerləşən kəndləri tərk edən gəlmə ermənilər yüz oyundan çıxırlar. Bəziləri 1994-95-ci ildən bəri yaşadıqları evləri yandırır, bəziləri meşələrə od vurur, kommunikasiya xətlərini zədələyir; bütün bunları da çəkib, sosial şəbəkələrdə paylaşırlar. Dünya və tarix növbəti dəfə erməni vandalizminə dair fraqmentləri heyrətlə izləyir.
Erməni ailələrdən bir neçəsi isə tərk etdikləri evə donuz qanı çəkiblər, ayrıca ölmüş donuzun dərisini və digər əzalarını evin ayrı-ayrı yerlərindən asıblar. Bütün bu vəhşiliyi, insanlıqdan xaric hərəkətləri də çəkərək, sosial şəbəkələrdə yayıblar. Mesaj veriblər ki, “azərbaycanlılar bizim evlərdə xoşbəxt yaşaya bilməyəcəklər...”

“Yeni Müsavat’’ın müxbiri bu vandal hərəkətdə həm də azərbaycanlıların dini inanclarına qarşı yönələn təcavüz faktına diqqəti cəlb etmək istəyib. Buna görə də dini ekspertlərə bu suallarla müraciət etdik: sizcə, ermənilərin ”donuzlu mesajı"’ İslam inancını təhqir edirmi? Bu hərəkətin dinimizcə qarşılığı nədir? Bir də, məsələyə sırf praktik nöqteyi-nəzərdən yanaşsaq, otaqlarına və divarlarına donuz qanı çəkilmiş, bir növ murdarlanmış evlərdə müvafiq təmizliklərdən sonra bir müsəlmana yaşamaq caizmi, yoxsa haram sayılırmı? Bu cür şəraitdə, dinimizin paklaşdırma, halallaşdırma ritualları, yaxud hansısa əməllər varmı? İslam alimləri necə hesab edirlər, Laçına qayıdan azərbaycanlılar ermənilərdən boşaldılan evlərdə rahat yaşaya bilərlərmi?

İlahiyyatçı Hacı İlqar İbrahimoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bunları söylədi: “İşğalçı erməni daşnaklarının bu hərəkətləri heç də təəccüblü deyil. Bu, onların işğalçı eybəcər mahiyyətini və insani kimlik tənəzzülünü yaşadıqlarının bariz nümunəsidir. Bu, eyni zamanda, onların terrorçu-işğalçı mahiyyətini bir daha təsdiq edir. Heç kəs öz doğma bildiyi yurdla bu cür davranmaz. Bu hal həm də kütləvi psixoz əlamətidir. Biz isə işğaldan azad olunmuş öz Vətən torpaqlarımızda təbii ki, xoşbəxt yaşayacağıq, inşallah. Kimin xoşbəxt yaşayıb-yaşamamasını bu kimi erməni vandallıqları müəyyən etmir. Bu, əslində xəstə təxəyyüllü daşnak xurafatıdır. İslam inancımız - ağıl və şüur dinidir. Təbii ki, torpaqlarımız azad edildikdən sonra yaşama yerlərimizi təmizləyəcəyik də, paklayacağıq da. Əsas odur ki, biz həmin torpaqlarda ləyaqətli və rifahlı yaşayışa nail olaq”.

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu da məsələ ilə bağlı fikirlərini açıqladı: “Bu, islam və müsəlmanlara olan münasibətlə əlaqədardır. Çünki bir qayda olaraq Avropada islamofoblar, islam düşmənləri müsəlmanlara nifrətlətini donuz əti və qanı ilə bildirirlər. Bunun nəzəri tərəfi İslam dini və ”Qurani-Kərim"də donuz əti və qanının haram, yəni qadağan edilməsidir. Buna görə də islamofoblar bir qayda olaraq müsəlmanlara nifrətlərini bu şəkildə bildirirlər. Əlbəttə, bir yerə donuz əti və ya qanı sürtülməsi oranın əbədi murdar olması mənasına gəlmir. Təmizlənib müvafiq qaydalarla paklandıqdan sonra təmiz olacaq. Ermənilər isə elə həmin ermənidir. 100 il əvvəl də belə idilər, indi də. Bu cür hərəkətlərin İslama hər hansı təsiri yoxdur".

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli də mediaya açıqlamasında bu mövzu ilə bağlı münasibət bildirib: “Artıq tarixlər boyu haqla batilin savaşı olub. İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalır. 44 günlük Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımızda haqq-ədalət öz yerini tapdı. Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində artıq öz torpağımızdan erməni vandallarını çıxardıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il bizim işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanların Allahın evinə buraxılması vandallığın təzahürü idi. Bu, erməni cinayətkarlarının cinayəti idi. Şükürlər olsun ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi. Amma buna baxmayaraq, düşmənlərin torpaqlarımızda hələ də gözü var. O ki qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməyinə, ermənilər bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar buna nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs abidələr kimi qorunur”, - deyə Surxay Məmmədli qeyd edib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib ki, bu yaxınlarda Azərbaycan dövləti tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatları Avropa Məhkəməsinə təqdim edib. O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan dövləti Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib: “Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkməlidirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.