Naxçıvan daha bir polisi ”xan” dərəbəyliyinin qurbanı oldu

7-09-2022, 09:06           
Naxçıvan daha bir polisi ”xan” dərəbəyliyinin qurbanı oldu
Xəbər verdiyimiz kimi, Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahim Abdullayevlə Kəngərli rayon polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Tuncay Əliyev ötən ayın 28-dən işə gəlməkdən imtina etmişdilər.
Ovqat.com-un məlumatına görə, polislər ”tətil elan” etmələrinin səbəbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsindən doğan hüquqları ilə əsaslandırmışdılar.
Həmin maddəyə əsasən, hər bir Azərbaycan vətəndaşının istədiyi zaman könüllü şəkildə işdən ayrılmaq hüququ var. Bunun üçün işçilər bir ay əvvəldən işlədikləri müəssisənin rəhbərinə ərizə yazmalı və qararlarını ona çatdırmalıdırlar. İşçinin bu ərizəsindən sonra müdirin onu işdən çıxarmamaq hüququ yoxdur.
”Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur”, - Maddədə bildirilir.
Naxçıvan polisləri də Azərbaycanda yaşadıqlarını və Azərbaycan Respublikasının qanunlarının onlara da şamil olunduğunu, istefa ərizəsi yazandan 1 ay sonra işlə əlaqələrinin kəsildiyini düşünərək, işə gəlməyiblər. Amma unutduqları bir nüans vardı: onların yaşadıqları diyarın adı Naxçıvan MR-dir və bu məmləkətdə Azərbaycan Respublikasının Qanunları yox, Vasif Talıbovun dərəbəylik qaydaları keçir. Polislərin bu unutqanlıqları onlara baha başa gəlib. Daha doğrusu, hələlik birinə.
Naxçıvan MR DİN-dəki mənbələrdən əldə etdiyimiz məlumata görə, polis baş leytenantı İbrahim Abdullayev qanunvericiliyə əsasən işdə çıxmamaq hüququndan yararlanmasın baxmayaraq bu 10 gündə 2 dəfə bölməyə çağırılıb. İlk çağırışda ona öz hüququndan yararlandığına görə töhmət, ikinci çağırışda isə şiddətli töhmət verilib. Polis zabitinin yenə ”ağıllanmadığını” görən Vasif Talıbovun ”darğaları” üçüncü dəfə onu xüsusi maddə ilə işdən çıxarıblar. Halbuki İbrahim Abdullayev qanunən həmin bölmənin işçisi sayılmırdı.
Mənbəmizin bildirdiyinə görə, İbrahim Abdullayevin şəxsi işinə yazılan maddə ilə işdən çıxarılmış şəxs həyatının sonuna qədər bir daha polis və digər dövlət orqanlarında işləyə bilməz. Digər polis əməkdaşı Tuncay Əliyevi də eyni tale gözləyir.
Vasif Talıbovun dərəbəylik repressiyasına məruz qalan İbrahim Abdullayev də, yaxınlarda onun tale ortağı olmağa hazırlaşan Tuncay Əliyev də Azərbaycan Polis Akademiyasının məzunlarıdır. Naxçıvanda bu ali məktəbi bitirənlərə Azərbaycanın, dolayısıyla Prezident İlham Əliyevlə I Vitse-Prezident Mehriban xanım Əliyevanın agentləri kimi baxırlar. Qəribədir ki, Azərbaycan rəhbərliyi də Vasif Talıbovun bu özbaşınalığına yox demir. Lap şair Heydər Oğuzun (təvazökarlıqdan uzaq kimi çıxmasın) dediyi kimi,
”Şah məni eldən sanır,
El məni məni şahdan sanır,
Xan məni öz mülkünə
Göz dikən şeytan sanır.
Qalmışam ortalıqda
Yox sahibim, yox yiyəm,
Heç kimin görmədiyi
Naxçıvan köçkünüyəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru