Azərbaycanda “Siyasi partiyalar haqqında” nə qəbul edirlər etsinlər, siyasiləşməmiş cəmiyyətdə heç bir nəticə verməyəcək - Səxavət Məmməd yazır

10-09-2022, 10:08           
Azərbaycanda “Siyasi partiyalar haqqında” nə qəbul edirlər etsinlər, siyasiləşməmiş cəmiyyətdə heç bir nəticə verməyəcək
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmə gəlmişkən çoxdandır beynimdə fırlanan bəzi şeyləri yazım.
Son sözü əvvəldə demiş kimi çıxmasın, Azərbaycanda “Siyasi partiyalar haqqında” nə qəbul edirlər etsinlər, siyasiləşməmiş cəmiyyətdə heç bir nəticə verməyəcək.
Eləmədim tənbəllik internet üzərindən partiyaların hamısı haqqında bir-bir axtarış verdim. Partiyaların çoxunun heç rəsmi internet saytı belə yoxdur. Yalnız wikipedia üzərindən bəzi şeyləri oxumaq mümkündür. 10-dan çox partiya haqqında heç wikipediada belə məlumat yoxdur.
Hamısının nizamnaməsinə demək olar göz atmışam, bir-birinin təkrarı.
Heç bir partiya üzvü olmasam da, mənim üçün partiya deyəndə ideologiya və ideoloji spektr ön plana çıxır. Təbii ki, hamısını araşdırmışam. İdeologiyası fərqli olan vur-tut 3-5 partiya var. Onların fərqli sayılan ideologiyaları uğur qazanmağın imkansız olduğu - mühafizəkarlıq, komunizim, türkçülükdür.
Yerdə qalanlarının ideologiyaları demək olar ki, bir-birinə bənzərdir.
Bir neçə partiyanın (YAP, AMİP) ideologiyasında etatizm var. Partiya üzvlərinin etatizmdən xəbəri varsa...
Bir neçə partiyanın ideologiyası liberalizmdir. Ölkədə Liberal adlı partiya da var.
Hakim YAP-ın ideologiyasında Avropa skeptisizmi də var. Bir neçə dəfə olub partiya üzvlərindən bu ideologiyanın nə olduğunu soruşmuşam, Almaniyanı söyüblər, ikili standartlardan danışıblar.
Bəzi partiyalar var ki, onların sədrlərinin, liderlərinin axırıncı dəfə mətbuata çıxması bir neçə il əvvələ gedib çıxır.
Elə partiya sədrləri var ki, partiyasının ideoloji xətti ilə ağzından çıxan pafosu arasında əlaqə qurmaq mümkün deyil.
Ümumiyyətlə, camaata ağıl öyrədən bir neçəsindən ideoloji spektr sayılan sağ, sol, mərkəz, sağ mərkəz, sol mərkəzin nə olduğunu soruşun, elə biləcəklər yol soruşursan.
Azərbaycanda partiya üzvü olmaq istəyənləri iki qrupa bölmək olar, birincilər işini itirməmək üçün hakim partiyaya yazılırlar, ikincilər isə liderlərin hansısa çıxışından ilhamlanıb üzv olurlar.
Bizim cəmiyyətin bəlkə də birinci bəlası siyasiləşməmiş olmasıdır. Belə cəmiyyətlər ya maaşına baxır, ya da özünə lider seçdiyi şəxsin ağzından çıxana. Kobud deyəcəm, ölkədə ideologiya hərliyən yoxdur.
Bir yeni qanun layihəsinə baxdım, bir də çönüb partiyaların vəziyyətinə bilmədim hansı daha gülməlidir.
Səxavət Məmməd

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru