Beynəlmiləl qüvvələrin Xankəndiyə yeridilməsi məsələsinə SƏRT REAKSİYA - “Bu, artıq müharibə deməkdir”

26-09-2022, 18:38           
Beynəlmiləl qüvvələrin Xankəndiyə yeridilməsi məsələsinə SƏRT REAKSİYA -
“ABŞ üçün Ermənistan-Azərbaycan münaqişəsinin ən ideal həlli qondarma “Artsax”a beynəlmiləl qüvvələri yeritmək və bununla da Azərbaycanın əl-qolunu bağlamaqdır”. Bu cür məlumatlar sosial şəbəkələrin erməni seqmentində və mediada yer alıb. Bu məlumatlar dolayısı ilə ABŞ-ın Xankəndiyə ordu yerləşdirmək niyyətindən xəbər verir. Vaşinqton bununla Cənubi Qafqaza nəzarəti Ermənistanın vasitəsi ilə öz əlinə almaq istəyir. Bəs görəsən yayılan məlumatlar nə dərəcədə realdır? Ümumiyyətlə ABŞ-ın Xankəndiyə ordu yerləşdirməsi yaxud Qarabağa beynəlmiləl qüvvələri cəlb etməsi mümkündürmü?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, bu cür fikirlərin Ermənistan mediasında səsləndirilməsi təəccüblü olmamalıdır: “Hətta rus sülhməramlıları Qarabağ ərazisinə yerləşdiriləndə də qərbyönümlü erməni media resursları və partiyaları buna etiraz edirdilər. Onlar ABŞ və Fransa qüvvələrinin həmin ərazilərə cəlb edilməsinin Ermənistan üçün daha yaxşı olacağı haqda fikirlər səsləndirirdilər. Amma burada əsas məsələ ABŞ və Frananın, yaxud digər Qərb dövlətlərinin həmin ərazilərdə necə yerləşəcəkləri ilə bağlıdır. Onlar Qarabağa haradan gələcəklər? Onları ərazimizə kim buraxacaq? Bütün bu məsələlər qeyri-realdır. Sadəcə olaraq ermənilərin xəstə təxəyyülünün məhsuludur”.

Politoloqun sözlərinə görə, qeyd edilən bu məsələnin gerçəkləşməsi mümkün deyil: “Buna nə Türkiyə, nə Rusiya, nə də ki Azərbaycan imkan verməz. Bu, artıq müharibə deməkdir. Yəni suveren ərazimizin Azərbaycanın razılığı olmadan təcavüzə məruz qalmasıdır. Heç kəs Ermənistana görə, nəinki Türkiyə və Rusiya, heç Azərbaycanla da müharibə etməz. Bu ancaq ermənilərin istək və arzularında mümkündür”.

Əhəd Məmmədli əlavə edib ki, ABŞ-ın hansısa erməni lobbisi tərəfindən maliyyələşdirilən təşkilatları belə bir fikiri nəzəri cəhətdən səsləndirə bilər: “ABŞ-da seçkilər olacaq. Erməni diasporu isə hər zaman “Demokrat”lara səs verir. Onlar isə xal qazanmaq üçün bu cür ideyalardan və onun gələcək perspektivlərindən danışa bilərlər. Amma bu, mümkün deyil. Çünki ABŞ dövlətinin yox, hansısa ermənipərəst fərdlərin və ya dairələrin fikirləridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.