Qarabağ kətəsi... və İrəvan kətəsi... - Mehriban Vəzir yazır

30-09-2022, 00:11           
Qarabağ kətəsi... və İrəvan kətəsi... -
Bu gün yaxınlıqdakı təndirdə ağızsulandıran bir kökə gördüm. Soruşdum bu nədi belə? Çörəkdi? Elə həmin kökəyə oxşayan göyçək bir xanım "Qarabağ kətəsi"di dedi. Al, dedi, dadlıdı. Necə alım, dedim. Alsam, yeyəcəm axı, ən yaxşısı almayım...
Yadıma Qarabağda yaşayan rəhmətlik xalam düşdü, tez-tez "İrəvan kətəsi" bişirərdi. Çox yeməli olurdu, heç kəs onun kimi bişirə bilmirdi İrəvan kətəsini... ağızda qovurğa kimi ovulurdu...
Fikir fikiri çəkdi və düşündüm... axı niyə bu irəvanlılar, Ermənistan qaçqınları "İrəvan mətbəxi" adlı yerlər açmadılar, öz mətbəxlərini, yaşamlarını Bakıda təbliğ etmədilər. 88-də gəldilər və sanki hər şeyi, xatirələrini, vərdişlərini belə atıb bir dəfəlik gəldilər. Heç nəyi özləri ilə gətirmədilər... yaşatmadılar... tərk etdikləri yerə deyil, pənah gətirdikləri yerə sahib çıxmağı daha üstün tutdular...
Qarabağ qaçqınları sanki kültür məsələlərində daha çevik oldular. 30 ildir Bakıda "Şuşa", "Xarı-Bülbül", "Laçın", "Xan Qızı" və digər ünvanlar ayaq tutub yeriyir. Hansı, xüsusən ağdamlı, harada bir dəzgah açırsa kəndinin adını verib kabab çəkir, buğlama satır. Ən azı yaşadır...
Keçmişini, kimliyini diri tutur...
Gücü buna çatır, bunu edir...
Eşitdiyimə görə İrəvan mətbəxi də çox unikal imiş, şirniyyatı da elə Şəki, Quba şirniyyatı qədər özəl imiş... amma... görmürük...
Sahib çıxmırlar, təbliğ etmirlər...
YAŞATMIRLAR
YAŞATMADILAR
30 ili boşa verdilər. Bütün mənalarda...
İctimai təşkilatları belə gah yarandı, gah dağıldı... düzdür, daha çox mövcud olandan, dövlətin verdiyi imkanlardan faydalandılar, əlləri yüksək ətəklərdə oldu. Bütün fürsətlərə əlləri çatdı. Olsun. Bizimkilərdir. Dövlət bütün vətəndaşlara bərabər imkanlar tanımasa belə... son sözü yerlibazlıq, qohumbazlıq desə belə... olan olmuş artıq...
Amma indi konumuz o deyil...
Axı o qədim torpaqlarımızın, xüsusilə İrəvanın tarixi var, kültürü var, mətbəxi var, sənəti var... Onu barı yaşatsınlar...
Məsələn, çox istərdim Bakıda bir İrəvan restoranı olsun, İrəvan tarixini, xanlarını, şairlərini, mətbəxini, folklorunu təbliğ etsin...
Arkadaşlar, axı əlinizi İrəvandan, sizin, bizim olandan niyə üzmüsünüz?
Niyə zorakılıqla barışırsınız?
Niyə Kremlin hökmünə boyun əyirsiniz?
Heç olmasa tarixinizə, kültürünüzə sahib çıxın.
Demirəm ki "İrəvan bizimdir" deyin. Zatən, deyə bilmirsiniz.
Heç olmasa bizim olub, deyin.
Və bu "İrəvan kətəsi"di deyin.
Bizim icadımızdı, deyin...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.