Vardanyanın “qırmızı xətti”nə üçrəngli bayrağımızın sancılması prosesinə start verilsin

28-11-2022, 10:04           
Vardanyanın “qırmızı xətti”nə üçrəngli bayrağımızın sancılması prosesinə start verilsin
İki ildən çoxdur ki, müharibə bitib və qələbədən sonra nəzarət edə bilmədiyimiz ərazilərimizdə separatçı rejimi aktiv subyektə çevirmək üçün bir az gizli, daha çox isə açıq şəkildə siyasi proseslər gedir. Təzad yaradan odur ki, 30 illik işğal müddətində tərəf kimi qəbul etmədyimiz separatçı rejimi qələbəmizdən sonra Rusiya, Fransa, Ermənistan aktiv subyekt olaraq bizə qəbul etdirmək istəyirlər. Kreml süni şəkildə rus icması yaratmağın effekt vermədiyini görəndən sonra daha konkret addımlar ataraq Rusiya vətəndaşı -milyarder Ruben Vardanyanı Qarabağa göndərib həm separatçı rejimin özünü möhkəmləndirmək, həm də bu yolla köçə meyilli olan yerli əhalini ümidləndirmək siyasətinə başlayıb. Vardanyanın özünə “kabinet” formalaşdırması aktiv subyektə çevrilməyin ilk elementi kimi dəyərləndirilə bilər və dünən mətbuata açıqlamasında Moskvanın emissarı ilk uğuru kimi onun gəlişindən sonra “ Artsax mövzusunun daha aktual olduğunu” bildirib, bu günlərdə fransız, alman mətbuatına verdiyi müsahiblərə toxunaraq beynəlxalq cəmiyyətin “maraq dairəsində” olduqlarını fəxrlə söyləyib.

“Qırmızı xətt” ifadəsi son vaxtlar yerli-yersiz siyasi leksikonda çoxalıb və Ruben Vardanyan da özünü guya böyük vətənpərvər kimi təqdim edərək “Artsax mənim üçün qırmızı xəttdir”-deməklə, arxasında dayanan Rusiyanı bir növ neytrallaşdırmaq istəsə də, bu planın harada cızıldığı və nə məqsəd daşıdığını bilmək üçün xüsusi ağıla sahib olmağa ehtiyac yoxdur. Məqsəd separatçı rejimi sadəcə tərəf kimi deyil, tanınmasa da, aktiv subyekt olaraq danışıqlar prosesinə cəlb etməkdir. Və Vardanyan çıxışında bunu xüsusi vurğulayıb, qurmağa başladığı yeni “ kabinetin” planında əsas hədəf olduğunu bildirib. Müsahibədən kiçik bir sitatı qeyd etməklə ermənilərin yaxın planının nədən ibarət olduğunu diqqətinizə çatdıraq: ”Artsax hökumətinin fəaliyyətinə toxunan Ruben Vardanyan qeyd edib ki, hökumətin planı Artsaxın üzləşdiyi çağırışlara qarşı yönəldiləcək. “Birincisi, Artsaxın statusu məsələsidir: təkcə məsələnin hüquqi tərəfi deyil, həm də Artsaxın beynəlxalq aləmdə mövqe tutması məsələsidir. Artsax öz gələcəyi ilə bağlı qərarların qəbulunda iştirak etməli olan ayrıca bir qurumdur. Bu çox iş tələb edir”.

Rusiya Vardanyanın dili ilə danışaraq Azərbaycana təzyiq kimi “status” məsələsinin hələ ölmədiyini bildirmək istəyir, hətta Azərbaycanla münasibətləri pozmamaq məqsədilə guya danışıqlarda separatçıların iştirakının zəruriliyi ilə bizi barışmağa məcbur etmək niyyətini gizlətmir.

Son bir həftədə baş verənlər, ümumiyyətlə Qarabağ məsələsində qlobal dəyişiklik yaratmasa da, yeni situasiyanın yarandığının elementləri ortadadır. Birincisi, KTMT sammitində Paşinyanın mövqeyi birbaşa bu təşkilata deyil, Azərbaycana- Qarabağa yönəlmişdi, çünki Paşinyanın KTMT-dən narazılığı Azərbaycanla bağlı idi, amma zərbə daha çox Rusiyanı tutdu. Şantaj olunan Rusiya İrəvana münasibətində xüsusi dəyişiklik etməsə də, taktiki gedişlərlə Paşinyana dərs verə bilərmi? Hər halda ehtimalın özü yeni bir situasiyadır. Düzdür, Rusiya iCənubi Qafqazın iki ölkəsi arasında ehtiyatlı dəyərləndirmələr edir, xüsusilə Azərbaycanla. Ona görə ki, Qərbin sanksiyaları şəraitində Azərbaycan nəfəsliyini kəsməklə özünə risk yaratdığını yaxşı təsəvvür edir və Ermənistanın demarşları nəticəsində Azərbaycanla 22 fevral müttəfiqliyini fəal səviyyəyə qaldırmağa məcburdur. Baş nazir Mişustinin səfəri, Putinin bir həftə ərzində iki dəfə telefon danışığı həm vəziyyətin mürəkkəbliyindən, həm də Azərbaycanla münasibətləri yumşaltmaqdan xəbər verir. Bu müttəfiqliyin strateji deyil, situativ xarakter daşıdığını hər iki tərəf yaxşı bilir, ona görə fürsətdən biz də yararlanmağa çalışmalıyıq.

Brüssel görüşündən imtina da yeni siyasi gedişlərə imkan yaradır. Sonuncu Brüssel və Praqa görüşündən sonra sülh müqaviləsi imzalanmasının yaxın zamanlarda baş tutacağı gözləntiləri olsa da, əks proses müşahidə olundu. Müharibə bitəndən sonra Ermənistan ilk dəfə idi ki, daha aqressiv ritorikadan istifadə etməyə başladı və 13-14 sentyabr təxribatlarını Azərbaycana qarşı istifadə etmək üçün bütün arsenalını-diasporanı, havadarlarını, ayrı-ayrı senatorları, konkret olaraq isə Fransanı Azərbaycana qarşı yönəltməklə sülhdən imtina etdiyini nümayiş etdirdi. Belə bir vəziyyətdə biz Ermənistana sülh üçün niyə müraciət etməliyik? Delimitasiya, demarkasiya işlərinin süni şəkildə uzadıldığı faktdır, sərhəd müəyyənləşməsini və sonda sülh müqaviləsini ermənilərin istəmədiyi ortadadır. O zaman hədəf niyə Xankəndi olmasın?

Erməni siyasətinin əsas xətti vəziyyəti dəyişməyə, Azərbaycanın qalib statusunun əhəmiyyətsiz faktora çevirməkdir. Vardanyan deyir: “Situasiyanı dəyişmək üçün hamımız birləşməliyik. Bu gün Artsaxın gələcəyi təkcə Artsaxda yaşayan insanların taleyi üçün deyil, həm də bütün erməni dünyasının gələcəyini müəyyən etmək üçün vacibdir”. Əlbəttə, hansısa erməninin nəyisə dilə gətirməsini çox da ciddi qəbul etməyə dəyməz, amma düşmənin nəyə kökləndiyini bilib əks mövqeyimizi ortaya qoymasaq, Qarabağ hadisələrinin başlanğıc dövrünə qayıtmış olarıq. Bir dəfə bu səhvi yaşayıb, 30 il zülm çəkmişik. Zori Balayan da “ Ocaq” kitabını yazanda, “boş şeydi” deyib, üstünə getmədik, sonra ocaqların necə alovlanıb yurdumuzu kül etdiyini yaşadıq. Səhv etməyə ixtiyarımız yoxdur. Xankəndi ilə bağlı siyasi-hərbi təzyiqimizə başlamalıyıq. Vardanyanın “qırmızı xətti”nə üçrəngli bayrağımızın sancılması prosesinə start verilsin.(moderator)

İlham İsmayıl












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.