Paşinyan Rusiyanın hərbi bazasını ölkədən çıxarmağa başladı...
10-01-2023, 08:34

Rəsmi İrəvanın anti-Rusiya siyasətinin getdikcə daha açıq müstəviyə keçməsi müşahidə edilir və bu, “Milli Demokratik Qütb” siyasi hərəkatının ötən bazar keçirdiyi aksiya fonunda özünü bir daha qabarıq büruzə verdi. Özünü müxalifət adlandıran bu hərəkat, əslində, hakimiyyət rəhbərliyinə yaxınlığı ilə tanınır. Qurum yanvarın 8-də Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası qarşısında aksiya təşkil edib. Keçirilən aksiyada 100-dən çox adamın saxlandığı bildirilir.
Aksiyanın təşkilatçısı kimi çıxış edən “Milli Demokratik Qütb” siyasi hərəkatının məlumatına görə, aksiyaçılar Rusiya hərbi bazasından Laçın yolunda nəqliyyatın hərəkətini bərpa etməyi tələb ediblər. O da qeyd olunur ki, aksiyaçılar bəyan ediblər ki, Rusiya sülhməramlıları fəal addımlar atmasalar, nümayişçilər onları “işğalçı” elan etməyə hazırdır. “Milli Demokratik Qütb”ün üzvü Vahe Qasparyan bildirib: “Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan Rusiyanın 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal edilib”. Gümrüdəki etirazçılar əllərində “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Rusiya işğalına yox” yazılı plakatlar tutublar. Etirazçılar Rusiya prezidenti Vladimir Putinin ünvanına ağır söyüşlər səsləndiriblər. Bununla yanaşı, ermənilər “Slava Ukrainı” şüarını səsləndirərək Ukraynaya dəstəklərini ifadə ediblər.
Aksiyanın iştirakçıları həmçinin bəyan ediblər ki, Ermənistan KTMT-dən çıxmalı və “Rusiya işğalına yox” deməlidir. Ermənistan polisi etirazçıların Rusiya hərbi bazasına yaxınlaşmasına imkan verməyib. Polis aksiya iştirakçılarına “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarını pozduqları ilə bağlı xəbərdarlıq edib. Burada bir daha xatırladaq ki, ötən il dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər. Rəsmi Bakı bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar. Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, İrəvan Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirmək üçün beynəlxalq tərəfdaşları bilərəkdən çaşdırır. Bakı Qarabağda separatçı qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır. Bu durumdan istifadə etməyə çalışan Ermənistan hakimiyyəti isə anti-Rusiya fəaliyyətini genişləndirir. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Laçın dəhlizindəki vəziyyət və rus sülhməramlılarının hərəkətləri ilə bağlı hakimiyyətin, xüsusən də baş nazir Nikol Paşinyanın səsləndirdiyi bəyanatların, yumşaq desək, problemlə heç bir əlaqəsi yoxdur. Laçın yolunda baş verənlər 2020-ci ildə imzalanan 10 noyabr razılaşmasının nəticəsidir. Artıq əminliklə demək olar ki, Nikol Paşinyan noyabrın 10-da sənədi imzalamaqla İlham Əliyevlə müəyyən razılaşmalar əldə edib və sonradan Vaşinqton, Nyu-York, Brüssel və Praqada keçirilən görüşlərdə bu razılaşmalar formalaşıb. Soçidə Ermənistan və Azərbaycan artıq Rusiyanı Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi kimi tanıması və “öz müqəddəratını təyinetmə hüququ” olmadan Azərbaycanın bir hissəsi hesab etməsi faktı ilə üzləşdirib. Paşinyan, həmişə olduğu kimi, bu yeni biabırçılığı özündən uzaqlaşdırmağa çalışır və vəziyyətlə heç bir əlaqəsi olmayan bəyanatlar verir. Hamı başa düşür ki, sülhməramlı missiyası olan ərazidə heç bir dövlətin silahlı qüvvələri silahsız etirazçılara qarşı silahlı mübarizəyə başlaya bilməz. Laçında isə, dəhlizi kimin kəsməsindən asılı olmayaraq, o insanlar silahsızdır və sülhməramlıların həyatına heç bir təhlükə törətmirlər. İyirmi ildən artıqdır aparılan danışıqlar Rusiyaya qalır. İlham Əliyev uğurlu taktiki addım atıb. Bu arada Paşinyanın Rusiyaya çağırışı, güc tətbiqi də daxil olmaqla, istənilən yolla dəhlizin açılmasını nəzərdə tutur. Yəni Paşinyan çox gözəl bilir ki, Rusiyanı Azərbaycana qarşı təcavüzə sövq edir. Çünki ilk atəşdən sonra Azərbaycan Rusiya sülhməramlılarından ölkəni tərk etməyi tələb edəcək”.
Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan isə bildirir ki, Rusiyadan mütləq şəkildə xilas olmaq lazımdır: “Ermənistan Rusiyanın yaratdığı problemlərlə üz-üzədir”. Onun sözlərinə görə, Ermənistan Rusiyanın hibrid proseslərini ciddi şəkildə məhdudlaşdırmaq üçün addımlar atmağa borcludur: “Moskva dörd sözdən üçünü yalan deyir. Ermənistan faşist Rusiyası ilə münasibətlərinə strateji baxış keçirməlidir. Ermənistanın KTMT-dən çıxması xəbəri məntiqlidirsə, deməli, bu mümkündür. KTMT-dən çıxmaqla Ermənistan özünü şok proseslərdən sığortalamalıdır”.
Erməni siyasi xadim vurğulayıb ki, dövlət sistemində böyük miqdarda rusiyapərəst zibil yığılıb, həmin zibildən qurtulmaq lazımdır: “Bizim əks-kəşfiyyat xidmətimiz Ermənistanda fəaliyyət göstərənlərə qarşı əks-kəşfiyyat aparmır”. Erməni politoloq Stepan Danielyan isə bildirir ki, Laçın yolunda baş verənlərə görə Ermənistanın heç Qərbə də ümid etməsinin anlamı yoxdur: “Anladığım qədər, sivil Qərbə “vicdan”ına lazımsız yerə yük götürməmək üçün Qarabağı qan olmadan ermənilərdən təmizləmək gərəkdir. Laçın dəhlizinin bağlanması onların planıdır və buna görə də böyük sükut hökm sürür. Onlar “insan haqlarını” qorumaqla geosiyasi problemləri həll etmək istəyirlər və onların Ermənistanda fəal analitiklər də daxil olmaqla çoxlu alətləri var. Qarabağa gəlincə, bu plan uğursuz olmalıdır. Nə qədər ki, insanlar orada qalıb, bu plan baş tutmayacaq. Psixoloji güc indi təyinedici amildir. İndi rəqabət oyunu psixoloji sahədədir, kimin ruhu güclüdürsə, o qalib gələcək”.
Samirə SƏFƏROVA
Bakixeber