Sənədlər hökumətdə, gözlər piştaxtada: - "İmzalanmasa, hər kiloda azı 20 qəpik..."
10-01-2023, 16:32

Prezidentin Fərmanına əsasən, yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilib.
Qeyd edək ki, bu müddət artıq başa çatıb. Məhz ötən il yem və yem əlavələrinin gömrük rüsumundan azad olunması nəticəsində quş əti o qədər də yüksək bahalaşmaya səbəb olmadı. Bu isə ət bazarında mövcud bahalaşma ilə bağlı maddi vəziyyəti o qədər də yüksək olmayan insanların toyuq ətinə üstünlük verməsinə gətirib çıxardı.
Artıq 10 gündür ki, yeni il başlayıb və bu sahədə gözlənilən qərar hələ də qəbul edilməyib. Beləliklə, yem əlavələri və yem məhsullarının idxalı yenidən ƏDV-yə və rüsuma cəlb olunarsa, bu, Azərbaycanın quşçuluq təsərrüfatlarının xərclərinin artmasına və nəticədə quş ətinin bahalaşmasına gətirib çıxara bilər.
Hazırda bu istiqamətdə yeni qərarın qəbul gözlənilirmi və əks təqdirdə quş əti nə qədər bahalaşacaq?
DİA.AZ-ın məlumatına görə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirdi ki, bu istiqamətdə hələ bir qərar qəbul edilməyib:
“Ancaq yaxın müddətdə bu qərarın qəbul ediləcəyi gözlənilir. Hazırda sənədlərimiz Nazirlər Kabinetindədir. Yəqin ki, bu ayın sonuna kimi qərar qəbul olunar. Əgər qərar qəbul olunmasa, toyuq ətinin qiymətində ciddi artım olacaq. Artıma gəldikdə isə toyuğun 1 kiloqramında 15-20 qəpik artım gözlənilə bilər. Qeyd edim ki, Nazirlər Kabineti gömrük rüsumunun qaldırılmasında gecikərsə, quş ətinin qiymətinin yaxın 1-2 ayda qalxması mümkün deyil. Yəqin ki, Novruz bayramına qədər artımı müşahidə etməyəcəyik. Rüsum götürülərsə, inanmıram ki, qiymət artımı olsun”.