“Dövlət ömründə bir şirkət yaratdı, onun da avtobusları qarajda “yatır” - Bahalaşma da kara gəlmədi
22-03-2023, 19:59
2023-cü ilin yanvar ayında ölkəyə 6 458 ədəd minik avtomobili, 376 ədəd yük avtomobili, 20 ədəd avtobus idxal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verib. Yanvar ayında Azərbaycana ümumilikdə 1 milyon 2.7 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15% çoxdur. Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda artım 36.4% olub. Qeyd edək ki, ölkədə ictimai nəqliyyatın fəaliyyətindən narazılıq xeyli müddətdir davam edir. Bu sahədə mövcud problemlə bağlı daşıyıcı şirkətlər əsasən avtobusların texniki nasazlığını və maliyyə çətinliklərini əsas gətirər, o cümlədən qiymət artımına gedilməsi ilə bağlı çıxış edirdilər. Artıq bir müddətdir ki, ictimai nəqliyyatın gedişhaqqı bahalaşıb. Ancaq ötən dövr ərzində qiymət artsa da, mövcud problemləri həlli istiqamətində dəyişiklik müşahidə edilmədi. Belə ki, yenə gecikmələrin səbəbi kimi avtobus sayının azlığı, eləcə də köhnə avtobusların hələ də yenilərlə əvəz edilməməsi kimi amillər göstərilir.
Cari ilin yanvar ayında reallaşdırılan idxal nəticəsində avtobus parkı yenilənəcəkmi və bu proses mövcud problemlərin həllində rol oynayacaqmı?
Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirdi ki, ictimai nəqliyyatın inkişafı ilə bağlı dövlət tərəfindən yürüdülən siyasət qeyri-adekvatdır:
"Bu siyasəti ya dövlət tərəfindən düzgün tənzimlənmir, ya da tənzimləyici qurumlar bunu düzgün inkişaf etdirə bilmirlər. Azərbaycanda ictimai nəqliyyatın 90 faizi sahibkarların əlindədir. Sahibkarlara da normal şərait yaradılmadıqca, onlar heç vaxt inkişafa maraq göstərməyəcək. Ölkəyə yanvar ayında 1 milyon dollar məbləğində gətirilən avtobuslara baxsaq, müasir avtobuslardan cəmi 5-6-sı düşür. Dövlətin müəyyən strukturları- İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti, Maliyyə Nazirliyi məsələyə başqa cür yanaşır. Son vaxtlar ictimai nəqliyyatda 10 qəpik qiymət artımı baş verib.
Digər tərəfdən də iki il öncə dizel yanacağınıın qiyməti artanda sahibkarlara hökumət tərəfindən tapşırıq verildi ki, siz qiyməti artırmayın, biz sizə yanacağın qiymətinin artımı ilə əlaqədar 10 qəpik məbləğində subsidiya verəcəyik. İndi 10 qəpik qiymət artırıblar, eyni zamanda subsidiyanı kəsdilər. Sahibkar da həm yeni qiymətlə 10 qəpik qazanırdı, həm də dizel yanacağı ilə bağlı subsidiya alırdı. İndi qiymət yenə sahibkarın üzərinə 30 qəpiyə başa gəlir. Biz sahibkarı "öldürmək", yaxud bankrot etmək istəyiriksə, hökumət olaraq düşünməliyik ki, bəs biz onlardan nə istəyirik? Çökdürmək istəyiriksə, açıq şəkildə deyək ki, çıxın gedin bu ölkədən, əks təqdirdə bərbad vəziyyətə qalacaqsız. Bu gün 30 qəpiklə sahibkar nə qədər işləməlidir ki, 300-400 min manata aldığı avtobusun pulunu çıxartsın? Tələb qoyuruq ki, avtobusları yeniləsinlər. Sahibkar gedib yeni avtobus alır, gömrükdə də heç bir güzəşt edilmir. Ölkəmiz avtobus istehsal etmir, ölkəyə gətirilməsinə də min cür əngəl qoylub. Bizim məsələyə qeyri-adekvat yanaşmağımız da buradandır. Sanki məqsəd o sahəni çökdürməkdir".
Ekspert deyir ki, nə rayonlarda, nə rayonlararası, nə də Bakı və digər iri şəhərlərdə ictimai nəqliyyat normaldır:
"Biz bununla bağlı təkliflər veririk, hökumət ciddi addım atmalıdır. Əgər dizel yanacağı ilə bağlı dəstəyi kəsirsən, nəzərə alınmalıdır ki, avtobusların 90 faizi dizellə çalışır. "BakuBus" dövlətindir, onun da ilkin mərhələdə gətirdiyi avtobuslar dizellə çalışır, sonralar gətirilənlər sıxılmış qazla işləyir. Ölkədə 27 daşıyııcı var, onların gətirdiyi avobusların böyük əksəriyyəti dizellə işləyir. Məqsəd nədir, sahibkarlardan nə istəyirlər? Dövlət olaraq bu işi öz üzərlərinə götürmək istəyirlərsə, bu da uğursuzdur. "BakuBus"ın timsalında bunu göstərmək olar. Dövlət ömründə bir şirkət yaratdı, bu dəqiqə milyonlarla borcu, kifayət qədər yeyinti var, avtobusların yarısı qeyri-işlək vəziyyətdə qarajda "yatır". Ona görə də bu sahənin inkişafı ilə bağlı konkret plan olmalıdır. Normal iş görə bilən sahibkarları seçmək, onların inkişafı üçün dəstək göstərmək lazımdır.
Ola bilsin ki, bu, 3-5 illik olsun, dövlət onlara güzəşti etməlidir. Sahibkar da maraq göstərsin, 50-100 avtobus alsın, parkı yeniləməyə cəhd göstərsin. 5 ildən sonra görmək olar ki, nəticə var, sonradan buna nəzarət etmək lazımdır ki, bir də yenidən çöküb bu səviyyəyə gəlməsin. Pandemiya dövründə sahibkarların hamısının borcu yaranıb. "BakuBus", "Xaliq Faiqoğlu" və digərlərinin borcu var. Eləcə də köhnə avtobus olduğu üçün xətlər BNA tərəfindən alınıb "BakuBus"a verilir. Çünki yeni avtobus gətirə bilmir. Burada dövlətin marağı sahibkarı bazardan sıxışdırıb, bu işlə özü məşğul olmaq istəyidirsə, bu, başqa məsələdir. Ölkə başçısı bildirib ki, sahibkarlığın inkişafına dəstək olmaq lazımdır. Ancaq mövcud yanaşmanı başa düşmək olmur. Daşıyıcı da sahibkardır. Dövlətin milyardlarla manat investisiyasını öz ciblərindən xərcləyirlər ki, bu işi görürük, bizim də qazancımız olmalıdır. Onun da qarşısını müxtəlif üsullarla kəsirik, üzərlərinə ağır yük qoyuruq. Sonra da deyirik ki, ictimai nəqliyyat niyə inkişaf etmir? Bəzi məmurlar var ki, bürokratik əngəllər yaradırlar, istər metro, avtobus , istərsə də digər sahələrdə inkişafın qarşısını alırlar".