Çox ağır keçid dövründə yaşamaq bizim taleyimizə yazılıbmış...

11-05-2023, 08:54           
· Çox ağır keçid dövründə yaşamaq bizim taleyimizə yazılıbmış...
Azərbaycan iqtidarı dünyan “dilini” yaxşı öyrənib, trendləri əla tutur, indiki dünya elitasının gündəliyini, prioritetlərini, onlara nəyin xoş gələcəyini çox gözəl çözüb.
Dünya elitası bəşəriyyətin köklü problemlərinə, aclıq, səfalət, bərabərsizlik, haqsızlıq, qlobal müharibə təhlükəsinin böyüməsinə, dünya iqtisadiyyatının təməl “xəstəliklərinin” çözülməsinə köklənməkdənsə “LGBT”, gender, iqlim dəyişikliyi kimi məsələləri qabardır, ölkələrə bu prizmadan qiymət verirlər.
Bizim iqtidar da bunu bilir, “Eurovision”-a iştirakçıları bu trendlərə görə seçir – xal qazanır, elmi deyil də populist yanaşma ilə iqlim dəyişikliklərini gündəmə gətirənlərə dəstək verir, ölkədə elmi bazası olmayan, iqtehsal sahələri yaratmadan yeni enerji keçidinə milyardlar sərf edir - bəyən qazanır, ÜST kimi cinayətkar qurumun bütün protokollarını sorğusuz yerinə yetirir, hətta onlardan da irəli gedib “pandemiyanı” ləğv etmir, sərhədləri açmır, uçuşları baha saxlayır, əlçatan etmək istəmir (dünya elitası da deyir ki, hər yerindən duran təyyarəyə minib ekologiyanı korlaya bilməz).
- Gender deyirlər – buna elmi, iqtisadi yanaşıb xanımların köklü problemlərini həll etməkdənsə, bəzi vəzifələrə xanım təyin etməklə bu tələbi yerinə yetirirlər,
- Azlıqların hüququ deyirlər – “Eurovision”-a elə görüntü verənləri göndərirlər,
- Bərpa olunan enerji deyirlər – bizimkilər yüzmilyonlarla xərc çəkib burdan Avropaya günəş-külək enerjisi xətti çəkirlər,
- Elitalar yeni texnologiyaları bizdən alın, asılı olun, deyirlər – bizimkilər hərfi mənada bunu yerinə yetirirlər,
- Daha çox neft-qaz deyirlər – bizimkilər hər şey edir.
Azlıqların hüququ vacibdir – bütün vətəndaşların hüququ təmin edilərkən bu yanaşma işləyəcək.
Gender məsələsi vacibdir – xanımların iqtisadi asılılığı azalanda, təhsil imkanları artanda həll olunacaq.
İqlim dəyişikliyi vacibdir – bu sahəyə elmi yanaşma olanda, PR deyil də iş görəndə, ekoloji problemləri iqlim dəyişikliyi kimi təqdim etməyi tərgidəndə həllini tapacaq. Ekologi problemlərin həlli bizdən, dünya əhalisindən asılıdır, dünyamızı zibilləməyək, su hövzələrini, təbiəti qoruyaq, ağac əkək, zibilləri doğru utilizasiya etməyi öyrənək, amma iqlim dəyişikliyi adı altında “ekofaşizmi” bizə sırıyanda da etiraz etməyi bacaraq. Ən azından sual verək ki, Bəşəriyyət tarixində onlarla dəfə iqlim dəyişikliyi olun, buz dövrləri olub, iqlim tez-tez müxtəlif bölgələrdə dəyişib, amma bunlar antropogen təsirlərlə olmayıb axı, deməli bunun öz alqoritmi var, elmi yanaşması var, daha populizmə niyə yol verirlər?! Nədən, məsələn, rəsm əsərlərinə boya töküb korlamağı iqlim dəyişikliyi ilə pərdələyn, izah edən radikal qruplara ciddi dəstək verirlər?!
Nə isə, dünyanın çivisi çıxıb, elitaların bacarıqsız və izaholunmaz idarəetməsi iqtisadi, sosial problemləri dərinləşdirib, insanları radikallaşdırıb, ideoloji-elmi siyasi mübarizə kənarda qalıb, PR və populizm önə çıxıb. Çox ağır keçid dövründə yaşamaq bizim taleyimizə yazılıbmış...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru