Məqsəd bəlli oldu: Ermənistan ictimaiyyətini sülhə hazırlayırlar

4-06-2023, 08:45           
Məqsəd bəlli oldu:
“Azərbaycan və Ermənistan liderlərinin Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə
keçirilən bugünkü görüşündə may ayında Brüsseldə keçirilən son görüşdə qaldırılan bütün
məsələləri müzakirə etmək imkanımız oldu. Sərhədin delimitasiyası, sülh sazişinin hazırlanması
məsələlərini müzakirə edə bildik.
Bu görüş iyulun 21-də Brüsseldə planlaşdırılan görüşə əla hazırlıq idi”.
Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Kişinyovda keçirilən beştərəfli görüşdən sonra
jurnalistlərə açıqlamasında bildirib.
“Biz fəal işləyirik və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün
bütün müsbət addımları dəstəkləmək niyyətindəyik”, – Mişel deyib.
O, həmçinin əlavə edib ki, oxşar beştərəfli görüş oktyabrın 5-də İspaniyada keçiriləcək Avropa
Siyasi Birliyinin növbəti, üçüncü zirvə toplantısı çərçivəsində də baş tutacaq.
Mişel başqa təfərrüatları açıqlamayıb, Əliyevlə Paşinyanın beştərəfli görüşdə nə barədə razılığa
gəldiyi haqda danışmayıb.
Azərbaycan və Ermənistan liderləri də görüşün yekunları ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, Əliyevlə Paşinyan görüşünə paralel olaraq, Kişinyovda iki ölkənin xarici işlər
nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında da qeyri-rəsmi danışıqlar olub.
Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə
gələcək planlarla bağlı bəzi təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, iyunun 12-də
Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundu
başlayacaq.
“İyunun 12-dən Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri formatında görüş
keçiriləcək”, – Paşinyan bildirib.
Bundan əlavə, iyunun 2-də Moskvada regional kommunikasiyaların bloklanması üzrə üçtərəfli
işçi qrupunun görüşü baş tutub.
Baş nazir Əliyevlə iyulun 21-də Brüsseldə görüşü və oktyabrın 5-də Qranadada (İspaniya)
beştərəfli görüşə dəvəti təsdiqləyib.
Beləliklə, iyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşün nəticəsi necə ola bilər? Bu görüş
nəyə lazım idi və nə verdi? Bəlkə görüş, bu yaxınlarda Ermənistan və Azərbaycan xarici işlər
nazirləri arasında Vaşinqtonda keçirilən və bir neçə gün davam edən danışıqlarda əldə olunan
nəticələri Aİ liderləri ilə razılaşdırmaq məqsədilə təşkil edilib? Əks halda, Aİ prezidenti Şarl Mişel,
Emmanuel Makron və Olaf Şolts bu danışıqlarda hansı səbəbdən iştirak edirdi?
Press Klubun suallarını müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb:
– Beştərəfli görüş ilk növbədə Avropanın təmsilçiləri olan Fransa və Almaniya üçün lazımdır.
Xüsusən də Fransa üçün. Azərbaycan Fransanın istənilən rəsmi vasitəçiliyinə etiraz etdiyi
üçün Fransa bu prosesə Almaniyanı da qoşub. Onların sülh prosesində iştirakı göz
qabağındadır. Onlar beynəlxalq ictimaiyyətə geosiyasi proseslərdən kənarda olmadıqlarını
nümayiş etdirmək istəyirlər.
Əslində, Azərbaycan tərəfi bu formatda görüşlərdə iştirak etməklə heç nə itirmir. Biz,
beynəlxalq ictimaiyyətə sülh naminə istənilən təşəbbüsə, fürsətə və dialoqa açıq olduğumuzu
göstəririk.

Fransa və Almaniyanın münaqişə tərəflərinə təklif edə biləcəkləri konkret təklif və sənədləri
yoxdur. Bu görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Avropa Siyasi Sammiti
çərçivəsində təşkil etdiyi görüşdür. Onların arasında xüsusi razılaşdırılmış format da yoxdur.
Avropa İttifaqı Şurasının prezidenti Mişel tərəfindən əvvəllər təşkil olunmuş 3 görüş daha
məhsuldar olub. Fransa və Almaniya liderləri ilə görüşlərdən sonra isə hər hansı mühüm
məsələ ilə bağlı razılıq əldə olunduğunu eşitməmişik.
Azərbaycan və Ermənistan arasında sülh prosesində iki əsas vasitəçi var. ABŞ və Rusiya.
Rusiya sülh prosesini mümkün qədər ləngitməkdə, ABŞ isə onu sürətləndirməkdə maraqlıdır.
İndiyədək tərəflərin razılaşdığı ciddi məsələlər yalnız ABŞ-ın vasitəçiliyi ilə mümkün olub.
Tərəflər arasında yeni sənəd imzalansa, ABŞ-ın dəstəyi və iştirakı ilə qüvvəyə minə bilər.
Beştərəfli görüşlərin məqsədlərindən biri də Ermənistan ictimaiyyətini psixoloji cəhətdən sülh
sazişinə hazırlamaqdır. Müxtəlif səviyyələrdə keçirilən görüşlər barədə yayılan məlumatlar
Ermənistan ictimaiyyətini tədricən reallıqla barışmağa məcbur edir. Eyni zamanda görürük ki,
Rusiya ABŞ-ın vasitəçiliyinə getdikcə daha çox paxıllıq edir. Rusiyanın tərəflərə təzyiq
imkanları hələ tükənməyib. Amma beştərəfli formatda keçirilən görüşlər Rusiyanı reallıqla
barışmağa vadar edir.
Rauf Orucov
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.