Avropadan Laçın dəhlizinə özbaşına səfər: Natali Luazo kimdən icazə alıb ki... - HƏQİQƏTƏN DƏ...

21-06-2023, 19:54           
Avropadan Laçın dəhlizinə özbaşına səfər:
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazo Laçın dəhlizinə gedəcəklərini bəyan ediblər.

Ritter və Aİ-nın Ermənistandakı səfiri Andrea Viktorin Luazo və onun nümayəndə heyətini Zəngəzur vilayətinin Qarakilsə şəhəri yaxınlığındakı hava limanında qarşılayıb.

Onlar Aİ missiyasının müşahidəçiləri ilə birlikdə Laçın dəhlizi istiqamətindəki patrul missiyasına baş çəkəcəklər.

Bundan öncə İrəvanda Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan görüşən Natali Luazo Laçın dəhlizinin guya bağlanmasından sonra ermənilərin “blokada”ya düşməsi və yaranmış “humanitar böhran”la əlaqədar vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Natali Luazonun erməni canfəşanlığı onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır.

Daha doğrusu, Avropa Parlamentində erməni lobbisinin əsas nümayəndələrindən biri olan xanım Luazo əvvəllər Fransa Xarici İşlər Nazirliyində mühüm postlarda çalışıb.

1986-cı ildə Fransa XİN-də İnformasiya və mətbuat şöbəsinə rəhbərliklə başlayan Luazo sonralar öz ölkəsinin İndoneziya, Seneqal, Mərakeş və ABŞ-dakı səfirliklərində diplomatik fəaliyyətlə məşğul olub. Sonralar Luazo Xarici və Avropa İşləri Nazirliyinin Müasirləşdirmə İdarəsinin direktor müavini işləyib. Natali Lazo 2014-cü ildə Fransa Milli Assambleyasının üzvü seçilib.

2017-2019-cu illərdə Xarici və Avropa İşləri Nazirliyində Avropa məsələləri üzrə məsul vəzifəyə təyin edilib. 2019-cu ildə bu postu tərk edən Luazo Avropa Parlamentinə üzv seçilib.

Luazo Avropa Parlamentində Azərbaycanın əleyhinə kəskin bəyanatları və ermənilərin müdafiəçisi kimi etdiyi çıxışları ilə tanınıb. Bu dəfə də fransalı deputat yenidən ermənilərin harayına gəlib. O, İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlərdə Laçın-Xankəndi yolunun bağlanması ilə əlaqədar yaranmış vəziyyəti müzakirə edib.

Ermənilərin iyunun 15-də Həkəri çayının üzərindəki körpüdə Azərbaycan əsgərini yaralamasından sonra rəsmi Bakının təhlükəsizlik məqsədilə sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini və hərəkəti müvəqqəti dayandırmasından istifadə edən rəsmi İrəvan guya bölgədə humanitar böhran yaranması barədə Avropa Parlamentində növbəti dəfə məsələ qaldırmağa çalışır.

Ermənilərin sözçüsü sayılan Natali Luazonun təcili İrəvana səfəri də məhz bu məqsədə xidmət edir. Hətta Luazo erməniləri əmin etmək və vəziyyəti “yerində öyrənmək” üçün Laçın dəhlizinə, yəni Laçın şəhərindən yan keçməklə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edən yola səfər etmək iddiasına düşüb.

Qeyd edək ki, işğal dövründə Laçın rayonu Ermənistanın nəzarətində olduğundan fransız siyasətçilər tərəfindən belə qanunsuz səfərlər çox olurdu. Azərbaycan tərəfi isə belə özbaşınalığa etiraz bəyanatları və həmin şəxslərin adlarını “qara siyahıya” salmaqla cavab verirdi. İndi isə Azərbaycan torpaqları, o cümlədən ermənilərin dəhliz kimi istifadə etdiyi Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bögəyə nəzarəti bərpa edib. Ona görə də Natali Luazo Laçın-Xankəndi yolunda vəziyyəti öyrənmək üçün həmin bölgəyə yalnız Azərbaycan ərazisindən keçib gedə bilər. Bundan başqa, o, səfərinin məqsədi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Dövlət Sərhəd Xidmətinə və digər rəsmi orqanlara müraciə etməlidir.

Əgər Luazonun Avropa Parlamentinin üzvü kimi müşahidə aparmaq məqsədilə Laçın-Xankəndi yoluna səfər etməsinə icazə verilsə, bu halda o xüsusi razılıq əsasında öz istəyini həyata keçirə bilər. Laçın-Xankəndi yolu, o cümlədən sərhəd buraxılış məntəqəsinin yerləşdiyi körpü Azərbaycan ərazisidir. O, bölgəyə Ermənistanın şərti sərhəddinə qədər gələ bilər. Lakin Luazo həmin əraziyə Ermənistandan keçməklə daxil ola bilməz.

2020-ci il 10 noyabr Bəyanatına görə, həmin yoldan dəhliz kimi istifadə etmək hüququ yalnız Azərbaycan vətəndaşlarına və Rusiya slühməramlı qüvvələrinə aiddir. Natali Luazo isə Fransa vətəndaşı olduğuna görə Azərbaycan ərazisinə vizasız səfər etmək hüququ yoxdur.

Eyni zamanda, Avropa İttifaqının müşahidə missiyasının rəhbəri Markus Ritter də eyni məqsədlə Azərbaycana daxil ola bilməz. Çünki Avropa İttifaqının qərarı ilə montorinq missiyası yalnız Ermənistan ərazisində fəaliyyət göstərə bilər.

Ona görə də missiyanın rəhbəri Laçın-Xankəndi yoluna gəlməsi Azərbaycanın başqa dövlət sərhəddinin pozulmasına səbəb ola bilər.
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.