Xəritə məsələsi gündəmə gətirilsə, delimitasiya prosesi ümumiyyətlə baş tutmayacaq" - DETALLAR

22-06-2023, 10:39           
Xəritə məsələsi gündəmə gətirilsə, delimitasiya prosesi ümumiyyətlə baş tutmayacaq" - DETALLAR
“Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı Ermənistan Azərbaycan tərəfdən müsbət cavab alıb”. Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın bu açıqlaması böyük marağa səbəb olub və tərəflərin delimitasiya prosesində razılığa gəldiyi ilə bağlı fikirlər formalaşdırıb. Amma Qriqoryan danışıqların tarixi və yerinin hələ dəqiqləşdirilmədiyini vurğulayıb. Bəs görəsən, delimitasiya və demarkasiya prosesi bu yaxınlarda başlana bilərmi? Ümumiyyətlə, danışıqlarda hansı xəritənin əsas götürülməsi ehtimalı böyükdür?

Mövzunu Konkret.Az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan və Azərbaycan arasında aparılan Moskva danışıqlarında Overçuk məhz delimitasiya və demarkasiya məsələsi ilə bağlı məlumat verib:

“İndi isə Armen Qriqoryan Azəırbaycandan müsbət cavab alındığını vurğulayır. Düşünürəm ki, Ermənistanın təklif etdiyi 1975-ci il xəritəsi əsasında delimitasiya prosesinin həyata keçirilməsini Azərbaycan qəbul etməyəcək. Ümumiyyətlə, növbəti danışıqlarda xəritə məsələsi mühüm rol oynamayacaq. Yəni demarkasiya və delimitasiya prosesi indiki situasiyaya uyğun olaraq həyata keçiriləcək. Üstəlik, Armen Qriqoryanın açıqlaması manipulyasiya xarakterli də ola bilər. Ona görə də, Azərbaycan tərəfi Ermənistanın bu bəyanatına ciddi yanaşmamalıdır. Yəqin ki, bir neçə gündən sonra bu məsələ ilə bağlı Azərbaycanın da mövqeyi sərgilənəcək. Çünki prosesi məhz rəsmi Bakı idarə edir. Azərbaycanın verdiyi təkliflər əsasında delimitasiya və demarkasiya prosesi həyata keçirilə bilər”.

Politoloqun sözlərinə görə, bu, çox ciddi bir məsələdir:

“1975-ci il xəritələrinin əsas götürülməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda rəsmi Bakı hazırda yerləşdiyi ərazilərdən geri çəkilməyə məcbur qalacaq. Azərbaycan isə buna getməyəcək. Qalib tərəf Azərbaycandır və Ermənistan bizim təkliflərimiz əsasında masaya əyləşməlidir. Əgər ikitərəfli komissiya ortaq məxrəcə gəlib delimitasiya ilə bağlı işə başlasa, bu, sülh prosesinə müsbət təsir göstərəcək. Amma xəritə məsələsi gündəmə gətirilsə, delimitasiya prosesi ümumiyyətlə baş tutmayacaq. Ona görə də, proses xəritələr əsasında yox, hazırkı vəziyyətə uyğun aparılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.