Avropa Məhkəməsi 22 mart 2022-ci il tarixdə məişət zorakılığı ilə bağlı növbəti qərarını qəbul edib.

22-06-2023, 13:39           
Avropa Məhkəməsi 22 mart 2022-ci il tarixdə məişət zorakılığı ilə bağlı növbəti qərarını qəbul edib.
V adlı qadın 2009-cu ildə ailə qurduğu şəxsdən 2014-cü ildə faktiki olaraq ayrılıb və 2 övladı ilə birlikdə anasının yanında yaşayıb. Onların ayrılmasına baxmayaraq əri tərəfindən mütəmadi hədələrdən polisə şikayət edib. Qadın ərinin onun maşının təkərlərini deşməsindən, evinə gəlməsindən, onu təhqir etməsindən şikayət edib. Sofiya məhkəməsi qadına mühafizə orderi verib və onun ərinin iştirakı olmadan işə baxaraq onun qadına yaxınlaşmasını qadağan edən qərar verib. Məhkəmə həmin qərarı polis bölməsinə göndərib. Lakin məhkəmənin qərarı icrasız qalıb. 2017-ci ildə qadın polisə zəng edərək ərinin mühafizə orderinin şərtlərini pozduğunu bildirdi, lakin telefonda olan polis əməkdaşı qadının yazılı şikayət etməli olduğunu bildirdi. Qadının polisə yazılı müraciəti səmərəsiz olub.
2017-ci ilin avqust ayında qadın əri tərəfindən öldürülür. Məhkəmə ona 13,5 il azadlıqdan məhrum etmə cəzasını və qızlarına 127822 avro kompensasiya təyin edir. Qadının hüquqi varisi olan anası apelyasiya şikayəti verərək ömürlük cəzasının verilməsini tələb edir. Lakin apelyasiya şikayəti təmin edilmir.
Qadın öldükdən sonra polis əməkdaşları barəsində araşdırma aparılır və qadının şikayətlərinə səhlənkar yanaşan polislər haqqında müxtəlif intizam tədbirləri görülür.
Qadının anası və iki övladı Avropa Məhkəməsinə müraciət edərək Bolqarıstan hökumətinin qadının həyatının effektiv müdafiə olunması üçün tədbirlər görmədiyindən şikayət ediblər.
Hökumətin əsas arqumenti o olub ki, qadının şikayətləri onun həyatı üçün real təhlükəli olmayıb.
Avropa Məhkəməsi göstərib ki, Qadın öldürülməsinə qədər bir dəfə polisə zəng edib, 3 dəfə yazılı müraciət edib. Həmçinin polisə məhkəmənin mühafizə orderi göndərilib. Qadının müdafiəsi üçün yerli hökumət yalnız mühafizə orderi verib ki, onun da hər hansı effekti olmayıb. Məhkəmənin fikrincə, yerli hüquq mühafizə orqanları aşağıdakı hərəkətləri etməli idi:
- Qadının ərinin odlu silaha malik olmasına dair şikayəti ətraflı araşdırmalı və silahın icazəsiz saxlandığı halında cinayət işi açmalı idi;
- Qadının ərinin mühafizə orderinin şərtlərini pozduğuna görə ona qarşı cinayət işi açmalı idi;
- Qadının şikayətlərinə görə ona polis mühafizəsi verilməli idi.
Məhkəmə belə nəticəyə gəlib ki, qadının həyatı üçün təhlükənin qarşısının alınmasında Bolqarıstan hökumətinin əlində kifayət qədər resurs olub və beləcə Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıdı.
Ərizəçilər həmçinin Konvensiyanın 14-cü maddəsinin pozuntusundan şikayət edərək göstərdilər ki, Bolqarıstan qanunvericiliyi qadınları bu tip şikayətlərdən qorumur, Konstitusiya Məhkəməsi İstanbul Konvensiyasının Konstitusiyaya uyğun olmamasına dair qərar qəbul edib, cinayət məcəlləsindəki normalar effektiv deyil. Lakin Məhkəmə ərizəçilərin dəlillərini yetərli hesab etməyib.
Beləcə Məhkəmə Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıdı və mənəvi zərərə görə 24000 avro, məhkəmə məsrəflərinə görə 4512 avro kompensasiya müəyyən edib.
Link: (Qərar ingiliscədir) (https://hudoc.echr.coe.int/eng...)
***
7 iyul 2022-ci ildə Avropa Məhkəməsi məişət zorakılığına dair daha bir qərarını elan edib. Bu qərar İtaliyaya qarşı çıxarılıb.
Ərizəçi İtaliya vətəndaşı, hüquqşünas olan M.S. əri tərəfindən hücuma məruz qaldığını iddia edərək cinayət işinin başlanması üçün ərizə verir. Belə ki, ərizəçinin həyat yoldaşı 2007-ci ildə boşanma ilə bağlı məsələləri müzakirə etmək üçün ərizəçinin işlədiyi ofisə gəlib. Müzakirə zamanı o, ərizəçiyə hücum edib. Ərizəçi bununla bağlı polisə müraciət edib, lakin məhkəmə çəkişməsi 2014-cü ildə başlayıb. Məhkəmə həmin şəxsi ərizəçi ilə pis rəftara görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ərizəçinin keçmiş əri apelyasiya şikayəti verib. Ərizəçi məhkəməyə vəsatət verərək məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsası ilə işə tez baxılmasını xahiş edib. Lakin apelyasiya məhkəməsi işə baxdığı müddətdə məsuliyyətə cəlbetmə müddəti artıq keçdi.
2007-ci ildə Ərizəçi yeni şikayət verərək ərinin təzyiq və təqiblərinə son qoyulması üçün dövlət orqanlarının müdaxilə etməsini xahiş etdi. Bundan sonra ərizəçi daha bir neçə şikayətlə dövlət orqanına müraciət edib. Lakin bu şikayətlərə məsuliyyətə cəlbetmə müddəti keçdikdən 6 il sonra baxılıb.
Avropa Məhkəməsi göstərib ki, bədən xəsarətləri ilə yanaşı psixoloji təsirlər də məişət zorakılığının təsirləri hesab edilir. Belə təsirlər o qədər ciddi ola bilər ki, məişət zorakılığı qurbanı Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün minimal həddə əzab və əziyyətə məruz qala bilər.
Avropa Məhkəməsi məişət zorakılığı işlərində üzv dövlətin görəcəyi işləri müəyyən edib.
- Məişət zorakılığı ilə bağlı şikayətə dərhal reaksiya vermək;
- Təhlükənin real və qurbana birbaşa hədə olması zamanı riski qiymətləndirmək;
- Bu qiymətləndirmə qurban üçün real və təhlükəli olarsa, preventiv operativ tədbirlər görülməlidir.
Məhkəmə qeyd edib ki, dövlət orqanlarının hərəkətinə görə məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsası cinayət işinə xitam verilirsə, pis rəftar, o cümlədən məişət zorakılığına görə effektiv müdafiəyə nail olmaq mümkün deyil. Üzv dövlətlər öz məhkəmə sistemini elə qurmalıdır ki, hakimlər Konvensiyanın 3-cü maddəsindən irəli gələn pozitiv öhdəlikləri yerinə yetirə bilsinlər.
Məhkəmə belə hesab edib ki, Konvensiyanın 3-cü maddəsinin maddi və prosessual aspektdən pozulub və mənəvi zərərə görə 10.000 avro, poçt xərclərinə görə 18 avro 95 sent kompensasiya müəyyən edib. Maraqlıdır ki, ərizəçi mənəvi zərərin həcmini göstərməyib, sadəcə mənəvi zərərə görə kompensasiyanın ödənilməsini xahiş edib, Məhkəmə özü 10.000 avro kompensasiya müəyyən edib.
Link: (Qərar fransız dilindədir) (https://hudoc.echr.coe.int/eng...)
***
Avropa Məhkəməsi 16 iyul 2022-ci il tarixdə məişət zorakılığına dair növbəti qərarını elan edib. Bu qərar da İtaliyaya qarşı olub.
Ərizəçi əri ilə 2013-cü ildə ayrılıb və 3 övladı onunla birlikdə yaşayıb. Ərizəçi iddia edib ki, ayrıldıqdan sonra əri tərəfindən təqib və təzyiqlərə məruz qalıb.
2015-ci ildə ərizəçi İtaliyada polis funksiyalarını həyata keçirən karabinerə şikayət edərək ərinin onu ölümlə hədələdiyini, telefonunu yoxladığını, təqib etdiyini bildirib və bunu sübut edəcək şahidin adını çəkib. Prokurorluq ailədə zorakılıq hallarına görə cinayət işini başlayıb. Bu ərəfədə ərizəçinin əri onu ölümlə hədələyib və başına xəsarət yetirib. Ərizəçi yeni şikayətlə karabinerə müraciət edib və sonuncu da məhkəmə orqanından kişinin ailədən uzaqlaşdırılmasına dair tədbirlər görülməsini xahiş edib.
Bundan sonra bir neçə ay ərzində ərizəçi keçmiş ərinin hədə və təzyiqlərinə görə karabinerə davamlı şikayətlər edib.
Məhkəmə mühafizə orderinin verilməsindən imtina edib və imtinasını qadınla ərinin artıq ayrılması, ayrı yaşaması ilə əlaqələndirib. Həmin zaman göstərilən mühafizə tədbirinin görülməsi üçün birgəyaşayış əsas şərt olub.
Daha sonra prokuror məhkəmə qarşısında vəsatət qaldırıb ki, ərizəçinin şikayətlərinin bəzi hissəsi rədd edilsin, çünki həmin hallarda qəddar rəftar halları olmayıb.
2015-ci ildə baş vermiş hadisə ilə bağlı 2021-ci ildə məhkəmə çəkişməsi başlayıb. Həmin zamansa Ərizəçi artıq Avropa Məhkəməsinə müraciət etmişdi.
Ərizəçi Konvensiyanın 3-cü maddəsinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə verdiyi şikayətində göstərib ki, İtaliya hökuməti ərizəçinin keçmiş əri tərəfindən zorakılıqla bağlı məlumatlandırılıb, lakin onlar hər hansı tədbir görməyərək Konvensiyanın 3-cü maddəsi üzrə üzərlərinə götürdükləri pozitiv öhdəlikləri yerinə yetirməyib.
Hökumət ərizəçinin daxili müdafiə vasitələrini tükəndirməməsini əsas gətirib və göstərib ki, ərizəçi keçmiş ərinə qarşı mülki iddia qaldıra bilərdi. Ərizəçi buna etiraz edərək göstərib ki, cinayət işi 2015-ci ildən 2021-ci ilə qədər davam edib, buna görə də başa çatmamış cinayət işi üzrə o, mülki iddia qaldıra bilməzdi.
Məhkəmə isə göstərib ki, mülki iddia məişət zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsini deyil, kompensasiyanın ödənilməsini nəzərdə tutur, buna görə də şikayət qəbul edilən hesab edilib.
Məhkəmə göstərib ki, İtaliya hökuməti ərizəçinin şikayətləri üzrə effektiv araşdırma aparmayıb. Belə ki, 2015-ci ildən verilən şikayət üzrə 2021-ci ildə hələ yekun qərar qəbul edilməmişdi, eyni zamanda yerli hüquq-mühafizə orqanları riskləri düzgün qiymətləndirməyib, müdafiə tədbirləri tətbiq etməyiblər, zorakılığın təkrar baş vermə riskini diqqətə almayıblar. Prokurorluq ərizəçinin və onun övladlarının qarşısında passiv mövqedə durub, zorakılıq törədən şəxs məsuliyyətə cəlb edilməyib, ərizəçinin 2016-cı ildən verdiyi şikayətlər hələ davam edir. Yerli qurumlar Ərizəçiyə münasibətdə zorakılığın təkrar törədilməsinin real təhlükəsini bilirdilər və beləcə Konvensiyanın 3-cü maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirməyiblər.
Beləcə Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb, 8-ci maddə üzrə verilən şikayətə baxılmasına ehtiyacın olmadığını qeyd edib və mənəvi zərərə görə 10000 avro, məhkəmə məsrəflərinə görə 6983.75 avro kompensasiya müəyyən edib.
Link: (Qərar fransız dilindədir) (https://hudoc.echr.coe.int/eng...)
***
Avropa Məhkəməsi 4 oktyabr 2022-ci il tarixdə məişət zorakılığı ilə bağlı Rusiyaya qarşı növbəti qərarını elan edib. Məhkəmə 15 ərizəçinin şikayətini birləşdirib.
Ərizəçilər ailə üzvləri (həyat yoldaşı, qardaşı) tərəfindən məişət zorakılığına məruz qalıblar və bununla bağlı verdikləri şikayətlər müvafiq dövlət orqanları tərəfindən lazımi qaydada araşdırılmayıb. Bəzi hallarda hüquq mühafizə orqanları cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə icraata xitam verib, bəzi hallarda isə dəyən zərərin ağırlıq dərəcəsi olmadığına görə cinayət işi başlamaqdan imtina ediblər.
Avropa Məhkəməsi göstərib ki, Rusiya hüquqi bazası məişət zorakılığının bütün formalarına görə effektiv cəza sistemini və qurbanlar üçün kifayət qədər təminatları müəyyən etmir. Rusiya qanunvericiliyi məişət zorakılığını ayrıca hüquq pozuntusu kimi müəyyən etmir və fiziki zorla bağlı olmayan digər zorakı növləri istisna edir. Hətta fiziki zorakılıq olduqda, cinayət hüququ tələb edir ki, xəsarətlər müəyyən ağırlıq dərəcəsinə çatmalıdır. Bədən xəsarətlərinə görə cinayət məsuliyyətinə cəlb etmə zərərçəkmiş şəxsin şəxsi təşəbbüsünə əsasən baş verir. Qanunvericilikdə həmçinin mühafizə orderi və ya analoji müdafiə mexanizmləri nəzərdə tutulmayıb. Rusiya hüququnda olan bu çatışmazlıqlar Avropa Məhkəməsini o nəticəyə gətirib ki, Rusiya hökuməti ailədə zorakılığa görə məhkəmə təqibi üçün adekvat hüquqi baza yarada bilməyib və öz öhdəliklərini yerinə yetirməyib.
2-ci məsələ zərərçəkmiş şəxslərin şikayətlərinə təxirəsalınmaz qaydada baxılmasıdır. Səlahiyyətli qurumlar bununla bağlı məlumat əldə etdikdə, onun təkrarlanması riskini nəzərə almalı və ərizəçinin müdafiəsi üçün kifayət qədər tədbirlər görməlidir.
Avropa Məhkəməsi ərizəçilərə münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb və mənəvi zərərin əvəzi olaraq (bir ərizəçi istisna olmaqla) digər ərizəçilərin hər birinə 20.000 avro kompensasiya müəyyən edib.
Link: (Qərar ingilis dilindədir )(https://hudoc.echr.coe.int/eng...)
Mehriban Zeynalova
Hüquq Platforması
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.