Ekofrontun Söyüdlüdəki "zəhərli göl" ilə bağl araşdırmasının ilkin nəticəsi: "Vəziyyət artıq acınacaqlıdır və qarşıda daha böyük təhlükələr var. "

22-06-2023, 17:31           
Ekofrontun Söyüdlüdəki "zəhərli göl" ilə bağl araşdırmasının ilkin nəticəsi:
Gədəbəydə Gədəbəy şəhəri və Söyüdlü kəndi (göy çevrə) ətrafındakı qızıl mədəni (sarı çevrə) və mədənin sionid tullantı anbarı (qırmızı çevrə) ilə bağlı yerli sakinlərin həyəcan təbilinə əsasən problemi yerində araşdırmaq üçün əməkdaşımız əraziyə ilkin baxış keçirib və əhalinin fikrini öyrənib.
Vəziyyət artıq acınacaqlıdır və qarşıda daha böyük təhlükələr var.
Teref.az yazır ki, bunu ekofrontun fəalı Cavid Qara yazır. Daha sonra araşdırmalarının ilkin nəticələrindən danışan Cavid Qara deyir:
- Əvvəla bu mədən və reservuar yaşayış məntəqəsinə bu qədər yaxın bir yerdə olmamalı idi. Mədən rəsmən Gədəbəy şəhərinə bitişikdir. Sionid anbarı isə Söyüdlü kəndinin mərkəzində 1-2 km ən yaxın evlərdən isə 300-400 metr aralıdır.
- Əsas reservuarın bəndi beton deyil presslənmiş daş bənddir və dözümlülüyü şübhə altındadır. Bənddə uçqun ya dağıntı əmələ gəlsə faciənin miqyası ağlasığmazdır.
- bəndin içi davamlı bir örtüklə deyil sukeçirməz menbranla örtülüb. Əvvəl axır bu menbran deqradasiya uğrayacaq. Gölü boşaldıb menbranı dəyişmək seçimi yoxdur. Gölü boşaltmadan menbran əlavə etmək seçimi və effektivliyi barədə məlumatlı deyiləm.
- əsas anbardan artıq sızma var və altında əlavə kiçik anbar tikilib. O anbar isə düz çayın kənarındadır. Şəmkirçayın qollarından birinin. Və bu kiçik anbardan çaya birbaşa boru var. Bu boru suyu çaya axıtmaq üçün deyilsə başqa nə üçündür? Və bir neçə əlavə şlanq var ki, bu şlanqların da təyinatı bəlli deyil. Adamın ağlına gələn ilk odur ki, göl dolub daşıb söz-söhbət yaratmadan toksik suyu vaxtaşırı çaya axıdırlar.
Hər halda kimsə bu suallara cavab verməlidir.

Göldən təbii üsulla və tullantınının emalında istifadə edilən texniki üsul kimi buxarlandırmada təkcə su buxarı yox, sionidin bir hissəsi də havaya qarışır. Kənd su anbarına və bu müəssisələrə o qədər yaxındır ki, insanlar havada toksik çirklənməni birbaşa hiss edirlər və bir çox sakinlərdə artan xərçəng və nəfəs yolu xəstəliklərini bununla əlaqələndirirlər.
Anbardan ayrılan buxarlanmanı azaltmağın bir yolu var. Suyun üstünü üzən örtüklə, platformalarla ya kürələrlə örtmək. Bu həm də gölə düşən quşların sayını minimuma endirə bilər.
"O vaxtı harda idiz?" deyənlərə. O vaxtı ecofront yox idi. Biz də tələbə ya məktəbli idik. İndiyə qədər isə dəfələrlə bu problemə toxunmuşuq. Ölkənin “ekoloji” təşkilatları Qarabağda ekoşou göstərəndə biz haqlı olaraq deyirdik ki, Gədəbəydə qızıl mədəninin ekoloji təsirinə etiraz etməyənlərin Qarabağda qızıl mədənin ekoloji təsərindən danışmağa mənəvi haqqı yoxdur. Onda az qala vətən xaini çıxarırdılar ki, ecofront niyə Qarabağa getmir.

Qayıdaq Gədəbəyə. Əsas reservuarın 2023-cü ilin sonuna qədər maksimum tutumuna çatacağı "Anglo Asian Mining" şirkətinin saytında da qeyd edilib. Və əlavə anbarların tikintisi “icazə” söhbətinə görə gecikib. Əlavə anbar tikilməsi problemi sadəcə ertələyib daha da böyüdəcək. Kənd sakinləri bunun fərqində olduğu üçün indi etiraz edirlər. O vaxt niyə etməyiblər, ediblərmi bilmirəm. Tarixçilər araşdırsın. 10 il sonra da kimsə çıxıb deyəcək ki, o vaxt niyə etmirdilər. Bu fenomenə bir ad tapmaq da olar. “Retrospective whataboutism” demək olar. Kimin həvəsi var tərcümə etsin.
Hökümət və şirkət mədənin fəaliyyət gələcək planları barədə ictimaiyyətə məlumat verməlidir.
Məsələni araşdırmağa və mövzunu diqqətdə saxlamağa davam edəcəyik.
Cavid Qara | ecofront






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.