“PUTİN ARTIQ VƏZİYYƏTƏ NƏZARƏT EDƏ BİLMİR” – “Bu adam artıq tam sərsəmləyir”

23-06-2023, 08:24           
“PUTİN ARTIQ VƏZİYYƏTƏ NƏZARƏT EDƏ BİLMİR” –
“İndi biz bir və ya bir neçə istiqamətdən hücuma keçmək üçün möhkəm fundament hazırlayırıq”

Hərbi ekspertlərin fikrinə görə, müharibədə döyüşən hansısa tərəfin nə qədər ərazi və yaşayış məntəqəsi tutması ən önəmli və həlledici faktor sayılmır. Əsas məsələ ordunun yüksək döyüş qabiliyyətinin saxlanılması və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsidir. Bu fikirləri Ukrayna ordusunun əks-hücumunun hazırkı mərhələsinə də aid etmək olar.

Ukrayna ordusunun hücumları nəticəsində Rusiya tərəfi xeyli canlı qüvvə ilə yanaşı, çoxsaylı artilleriya qurğuları və Radio Elektron Mübarizə vasitələri itirib.

Rusiya təbliğatı cəbhədəki real vəziyyəti gizlətməkdən ötrü geniş miqyaslı yalan kampaniyasına başlayıb. Ancaq real mənzərə onların görmək istədiklərindən fərqlidir. Görünən odur ki, hətta əslində Kreml rəhbəri Vladmir Putinin özü də cəbhə xəttində nələrin yaşandığı barədə dolğun məlumata malik deyil. Bunu xüsusilə onun son vaxtlar səsləndirdiyi və bir-birilə ziddiyyət təşkil edən fikirləri də təsdiq edir.

“Beləliklə, Putin yalan yumağının içində özünü dolaşdırıb və bu, Ukraynanın lehinədir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel.com” saytına müsahibə verən hərbi ekspert Andrey Kramarov söyləyib. Həmin müsahibəni təqdim edirik:

- İşğalçılar son hücumlarında 35 “Şahed” dronundan istifadə edərək infrastruktur obyektlərimizi hədəfə alıblar. Onlardan biri Lvov vilayətinə düşüb. Gördüyümüz kimi, düşmən “Şahed” dronları alan kimi, onları dərhal bizim üstümüzə yollayır. Bunların İrandakı istehsalını məhv etməkdən başqa, dron axınını necə durdurmaq olar?

- Bu dronların istehsalı üçün Tatarstanda zavod tikilməsinə hazırlıq getdiyi barədə Amerika kəşfiyyatında məlumat var. Dronlar İrandan Rusiyaya Xəzər dənizi vasitəsilə daşınır. Təəssüf ki, vəziyyət belədir. Əlbəttə, daha sərt sanksiyalara ehtiyac var. Çinlə danışıqlar aparmaq vacibdir, çünki İran fəal şəkildə lazım olan detalları məhz Çindən alır. Cəmi iki həftə öncə döyüşçülərimiz bizə hücum edən dronu dağılmamış vəziyyətdə yerə sala biliblər. Həmin dronda Çin istehsalı olan çoxsaylı elementlər aşkarlanıb. Təssüf ki, bu gün Xəzər dənizi ilə dron daşıyan gəmiləri batırmaq və ya tədarük limanlarını vurmaq üçün Ukraynanın lazımi hücum imkanı yoxdur. Beynəlxalq hüquq baxımından bizim fəaliyyətlərimizin legitimlik məsələsi də var. Hazırda biz yalnız bu dronlarla mübarizə aparmaq üçün hava hücumundan müdafiəmizi gücləndirə bilərik. Təəssüf ki, hələlik vəziyyət belədir və düşmən bu dronlarla bizə qarşı terror əməlləri törətməkdə davam edir.

- Ukrayna Müdafiə Nazirliyi xəbər verib ki, son həftə bizim qüvvələrimiz Zaporojye istiqamətində 7 kilometrə qədər irəliləyib, 113 kvadrat kilometr ərazini azad edib. Xüsusən də Pyatixatkanın işğaldan azad olunduğu bildirilir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Xerson vilayətindən Zaporojye və Baxmut istiqamətlərinə əhəmiyyətli sayda hərbi birləşmə gətirib. Sizcə, düşmən necə hərəkət edəcək, Ukrayna ordusunun əks-hücumunun qarşısını necə alacaq?
Ətraflı

- Kaxovka SES-dəki bəndin partladılmasından sonra düşmənin orada müdafiə üçün bu qədər qoşun saxlamağa, cinahını qorumağa ehtiyacı yoxdur. Elə buna görə də onların bir hissəsi dərhal Krıma, bəziləri isə Zaporojye istiqamətindən kənara yerləşdirildi.

İndi Ukrayna ordusunun başlıca vəzifəsi müəyyən ərazilərin azad edilməsi deyil. Bizim uğurlarımızı işğaldan azad edilmiş ərazilərlə ölçmək düz olmaz. Biz düşmənin müdafiəsində zəif yerlər, boşluqlar tapırıq və əlavə olaraq onu taqətdən salırıq. Ona görə də, düşmənin bütün itkilərinin göstəricisi, xüsusilə də artilleriya qurğularındakı itkiləri çox böyükdür.

Düşmən üstəlik, hava hücumundan müdafiədə və hücum aviasiyasında xeyli itki verib. Biz görürük ki, onlar son dörd gün ərzində müxtəlif istiqamətlərdə beşinci “Ka-52” hücum helikopterini itiriblər. Bu helikopterlərdən aktiv istifadə olunması məhz artilleriya çatışmazlığı ilə bağlıdır. Digər tərəfdən, düşmən radio elektron mübarizə vasitələrində itkilər verir. Çoxlu sayda müxtəlif texnika, kifayət qədər müasir sistemlər məhv edilib. Bu cür sistemlərin çatışmaması Rusiya ordusu üçün böyük problemlər yaradacaq, çünki işğalçıların radio elektron mübarizə texnikası kifayət qədər yüksək səviyyədədir və ondan yaxşı istifadə etməyi öyrəniblər. Ona görə də Rusiya ordusunda bu texnikanın çatışmaması Ukrayna Silahlı Qüvvələri üçün üstünlük yaradacaq. Əlbəttə, bu həm də şəxsi heyət itkisidir.

Aydındır ki, son ilyarımda düşmən çoxlu itki verib, lakin onlar öz insanlarına etinasız yanaşdığından bu, onlar üçün heç də böyük problem deyil. Amma texnika itkisi baxımından düşmən daha da zəifləyir.

Rusiya ordusu ehtiyat qüvvələrini aktiv şəkildə dövriyyəyə qoşur. Düşmənin Luqansk istiqamətində fəallaşması barədə xəbərlər gəlir. Sözsüz ki, ruslar bizim hücum tempimizi aşağı salmağa çalışacaqlar, lakin vəziyyətin necə inkişaf etməsini izləmək lazımdır. Mənim fikrimcə, Ukrayna ordusu öz qarşısına qoyduğu tapşırıqları nəzərə alaraq, hər işin öhdəsindən çox yaxşı gəlir.

- Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, bizə sadəcə vaxt lazımdır. Sizcə, bu əks-hücum əməliyyatı nə qədər vaxt aparar?

- Yəqin ki, hücum əməliyyatının indiki mərhələsindən danışmağımız daha doğru olar. Əslində, indi biz bir və ya bir neçə istiqamətdən daha iri miqyaslı, daha güclü hücuma keçmək üçün möhkəm fundament hazırlayırıq. Hələlik müəyyən zamana bağlanmağa dəyməz. Sualın cavabı statistikanın özündə olacaq, yəni müdafiədə dayanmış düşməni taqətdən salmaq üçün qarşıya qoyulmuş tapşırıqları nə dərəcədə səmərəli yerinə yetirə biləcəyimizin statistikasından söhbət gedir.

- Terrorçu İqor Qirkin deyib ki, informasiya baxımından Putin tamamilə “nəzarətdədir”, çünki o, yalnız tabeçiliyində olanların ona verdikləri məlumatları görür. Putinin əslində baş verənlərdən xəbərsiz olması barədə deyilənlər nə dərəcədə doğru ola bilər?

- Ruslar Kaxovka bəndinin partladıldığı andan güclü informasiya-təbliğat işi aparmağa başlayıblar. Onlar demək olar ki, hər gün informasiya xarakterli xüsusi əməliyyatlar həyata keçirirlər. Rusların Qərb mətbuatına təsiri də artıb, xüsusilə də bizim itkilərimiz, uğursuzluqlarımız barəsində məlumat tullantılarını çoxaldıblar. Məsələn, Almaniyanın “sarı qəzeti” olan “Bild” bu xüsusda çox fəallaşıb.

Putinin davranışları çox diqqət çəkir. Son həftələr onun təbliğatçılarla görüşdüyünü, iqtisadi forumda çıxışını görürük. Bu adam artıq tam sərsəmləyir. O, reallıqdan tamamilə uzaqlaşıb. Bəli, aydındır ki, o, vəziyyətə nəzarət edə bilmir. Vəziyyətin belə olması Rusiya ordusunun özündəki kommunikasiya problemi ilə bağlıdır. Bu, sovet dönəmindən qalma mirasdır. Onların aşağı səviyyəli komandirləri cəza alacaqları qorxusu üzündən cəbhədəki real vəziyyəti daha yuxarı rütbəli komandirlərə çatdırmaqdan çəkinirlər. Beləliklə, ən aşağı səviyyədən başlayaraq, Baş Qərargah və onların Ali Baş komandanına kimi uzanan böyük bir yalan yumağı böyüyə-böyüyə gedir. Ona görə də cəbhədəki real vəziyyət az başa düşülür.

Əlbəttə, bu, bizim üçün çox yaxşıdır. Lakin döyüş meydanında olan işğalçılar müəyyən əməliyyat-taktiki səviyyədə əsl vəziyyəti yaxşı bilirlər.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.