Ukraynada qırılan Gürcüstan “demokratiyası”

5-07-2023, 08:49           
Ukraynada qırılan Gürcüstan “demokratiyası”
Kiyev- Tiflis qarşıdurması nəyə gətirib çıxara bilər?
Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin yeni
görüntüsü Ukrayna və Gürcüstan arasında növbəti narazılığa səbəb olub.
Xatırladaq ki, iki gün öncə Mixeil Saakaşvilinin yeni görüntüləri yayılıb. Saxlanıldığı
xəstəxanadan onlayn formada növbəti məhkəmə prosesinə qatılan Saakaşvili hansı vəziyyətdə
olduğunu nümayiş etdirib. Son dərəcə arıqlayan keçmiş prezident köynəyini qaldıraraq,
qabırğalarını nümayiş etdirib: “Mən arıqlamaqda davam edirəm. Fiziki cəhətdən zəif ola bilərəm.
Amma daxilən çox güclüyəm, çox güclüyəm. Mən vətənim Gürcüstana qarşı cinayət
törətməmişəm”.
Lakin onun bu nümayişi heç bir nəticə verməyib. Məhkəmə hakimləri heç nə olmamış kimi, iclası
davam etdiriblər.
Qeyd edək ki, bir müddət əvvəl mətbuat üçün açıqlama verən Mixeil Saakaşvili özünü Putinin
“şəxsi əsiri” adlandırmış, Gürcüstanın hazırkı hakimiyyətinin əli ilə asta-asta məhv edildiyini
bildirmişdi.
Saakaşvilinin bu görüntüsü onsuz da gərgin olan Ukrayna-Gürcüstan münasibətlərini bir qədər
də gərginləşdirib. Ukrayna prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstan
səfirini çağırmaq, ona etiraz bildirmək və Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tiflislə
məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etmək göstərişi verməyi tapşırıb.
Zelenski növbəti dəfə Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili ilə bağlı narahatlığını ifadə dərək,
Gürcüstan hakimiyyətini keçmiş prezidenti ölkəsinə qaytarmağa çağırıb.
Qeyd edək ki, Kiyev və Tbilisi arasında münasibətlər Rusiyanın Ukraynaya təcavüzündən sonra
pisləşib. Gürcüstan hakimiyyəti ilk gündən etibarən Ukraynadan məsafə saxlamağa başlayıb.
Baş nazir İrakliy Qaribaşvili müharibənin əvvəlində “milli maraqlardan” çıxış etdiyini bildirərək,
Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan etmişdi. Bundan əlavə, rəsmi Tbilisi vaxtilə
Ukraynanın verdiyi “Buk” zenit-raket komplekslərini Kiyevə qaytarmaqdan imtina etmişdi.
Əvəzində isə hökumət qapılarını Rusiya biznesinin üzünə açıb. On minlərlə Rusiya vətəndaşı
daimi yaşayış üçün Gürcüstana köçüb, burada şirkətlər qurub.
Ukrayna və Qərb dövlətləri Gürcüstan hökumətini Rusiyaya sanksiyalardan yayınmağa kömək
etməkdə ittiham edirlər. Rəsmi Kiyev isə Tbilisin bunun üçün kanal yaratdığını da bəyan etmişdi.
Bu yaxınlarda Rusiyanın Gürcüstanla vizasız gediş-gəlişi bərpa etməsi, Gürcüstanın “Georgian
Airlines” aviaşirkətinin 2008-ci il müharibəsindən sonra Moskvaya birbaşa reyslərə başlaması
isə münasibətlərdə yeni narazılığa səbəb olmuşdu. Bir neçə gün öncə Zelenski “Georgian
Airlines” şirkətinə sanksiyalar tətbiq edilməsi barədə sərəncam imzalamışdı. Buna cavab olaraq,
Gürcüstan XİN Ukrayna səfirini çağıraraq, ona etiraz etmişdi.
Göründüyü kimi, vaxtilə bir çox platformalarda birgə hərəkət edən, iki əsas strateji müttəfiq
sayılan keçmiş sovet ölkəsi arasında münasibət getdikcə daha da pisləşir. Zelenskinin XİN-ə
tapşırığı diplomatik münasibətlərin tam kəsilməsi olmasa da, səfirin faktiki olaraq ölkədən
çıxarılması və münasibətlərdə ciddi demarş sayılır.
Hazırda top Gürcüstan tərəfdədir. Rəsmi Tiflisin Ukraynanın tələbini qəbul edərək, Saakaşvilini
azad edəcəyi və ya təhvil verəcəyini gözləmək olmaz. Əksinə, son zamanlar Rusiyaya daha çox
sığınaraq Qərblə qarşıdurmaya gedən Gürcüstan hökumətinin əks addım atacağını və Ukrayna
səfirini ölkəsinə göndərəcəyini gözləmək daha məntiqlidir.
Amma bu qarşıdurma Gürcüstana nə verə bilər? Müharibədə iqtisadi və hətta insan resursu
cəhətdən zəifləsə də, siyasi cəhətdən Ukrayna bölgənin dominant ölkəsinə çevrilir. Bu, keçmiş
SSRİ məkanında Moskvanın mövqelərini zəiflətməyə çalışan Qərbin də maraqlarına uyğundur.
Gürcüstan hökumətinin yanlış addımları isə iqtidar üçün ciddi baş ağrısına çevrilir. Hökumətin
Saakaşvili məsələsində, Ukraynaya münasibətdə tutduğu mövqe, eləcə də rusiyalıları (Rusiyanı)
kütləvi şəkildə ölkəyə buraxmaqla yaşanan böhrana və bahalaşmaya rəvac verməsi
tərəfdarlarını itirməsinə səbəb olur. Ölkə vətəndaşları Ukrayna məsələsində hökumətə qarşı
ciddi müxalifətdədirlər. Daxili dəstəyin itirilməsi və beynəlxalq güclərlə qarşıdurma növbəti
seçkilərdə mütləq şəkildə özünü göstərəcək.
Hələ bir neçə il əvvəl keçmiş sovet məkanının “ən demokratik dövləti” sayılan və hamıya örnək
göstərilən Gürcüstan demokratiyası bu gün çətin günlərini yaşayır. Başqa sözlə deyilsə,
Gürcüstan demokratiyası Ukrayna qayalarına çırpılaraq, qanadlarını qırıb…
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.