Araik Bakının ayağına gələcək: - Əks halda...

8-07-2023, 00:04           
Araik Bakının ayağına gələcək: - Əks halda...
Qarabağda erməni separatçıların bütün çabaları fiaskoya uğrayıb və onların Ermənistan, Rusiya və Fransadan imdad nəticəsiz qalıb.

Belə olan halda onlar iki mümkün variantdan birini seçmək məcburiyyətindədirlər. Ya Azərbaycanın Qarabağ üzərində yurisdiksiyasını qəbul edəcəklər, ya da həmin əraziləri tərk edəcəklər. Eyni zamanda, nə Ermənistan, nə Fransa, nə də Rusiyanın bölgədə siyasi oyunları öz bəhrəsini verəcək. Rus sülhməramlılarına güvənən erməni separatçıları həqiqətən ağır və çıxılmaz vəziyyətə düşüblər.

Qeyd edək ki son zamanlar Ermənistan hakimiyyəti öz yaxasını Qarabağ ermənilərindən qurtarmağa çalışır. Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, Paşinyan hakimiyyəti qondarma qurumun rəhbəri Araik Aratyunyanı iki seçim qarşısında qoyub. İrəvan Arutyunyandan tələb edir ki, ya Azərbaycanın dövlət rəhbərliyinin dialoq təklifini qəbul etsin, ya da erməniləri tamamilə Qarabağdan çıxartsın. Digər erməni mətbuatı - “Hetq” nəşrinin redaktoru sosial şəbəkə hesabında yazıb ki, Ermənistan rəsmiləri Araik Arutyunyanın və digər erməni separatçıların zənglərinə cavab vermir.

Bu, onu göstərir ki, artıq Paşinyan və onun komandası rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində baş verən proseslərə, eləcə də erməni separatçıların imdad çağırışlarına məhəl qoymurlar. Hazırda Paşinyanın əsas çabası və hədəfi Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq, ən əsası da ölkəsinin iqtisadi təcriddən xilas etməkdir.

Ermənistanın onlara arxa çevrildiyini görən erməni separatçılarının rəhbəri Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanliyaraq ondan kömək istəyib. Lakin Arutyunyanın bu addımı da öz nəticəsini verməyib.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında Araik Arutunyanı və onun qondarma qurumun “prezident vəzifəsini” tanımadığını bəyan edib. Zaxarovanın açıqlaması müsbət hesab oluna bilər. Amma Rusiyada müəyyən hərbi-siyasi dairələr, habelə Kremldə bir çox önəmli fiqurlar Qarabağda qondarma qurumun rəhbəri və rəsmiləri ilə gizli sıx təmaslara malikdirlər.

Məhz həmin dairələrin və fiqurların göstərişləri ilə rus sülhməramlıları üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmirlər, qeyri-qanuni erməni silahlı birləşmələrin özbaşnalıqlarına və təxribatlarına göz yumur, hətta lazım gələndə erməni separatçılarını ordumuzun mövqelərinə qarşı təxribatlar törətməyə sövq edirlər.

Bütün bunları nəzərə alaraq, həmin dairələr əslində Kreml Qarabağda qondarma rejimin mövcudluğunu və qeyri-stabil vəziyyətin qalmasını Rusiyanın Cənubi Qafqazda geostrateji mövqeyi üçün önəmli hesab edirlər. Qarabağda məskulaşan ermənilərin Azərbaycanla dialoqa gedib-getməyəcəyi ehtimalına gəlincə, Araik Arutyunyan erməni separatçıları ilə görüşündə bildirib ki, o, hər iki tərəf arasında dialoqun aparılmasında Rusiyanı vasitəçi kimi görmək istəyir.

Onun sözlərinə görə, Rusiya vasitəçi rolunu öz üzərinə götürdüyü təqdirdə Qarabağ ermənilərinin nümayindələri Azərbaycanın aidiyyəti orqanları ilə dialoqa hazır olacaq. O, həmçinin qeyd edib ki, ABŞ-dan fərqli olaraq Rusiyanın Qarabağla bağlı mövqeyi erməni separatçıları üçün daha məqbuldur.

Təbii ki, Arutyunyan Rusiyaya son ümid kimi baxmaqda müəyyən mənada haqlıdır. Çünki ABŞ, o cümlədən Avropa İttifaqı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin məhz Azərbaycanın ərazi bütövlüyünün tərkibində təmin olunmasının tərəfdarıdır. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvienin son bəyanatı bunu sübut edir. Həm Vaşinqton, həm də Brüsselin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı təşəbbüslərində Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası mühüm amil hesab olunur.

Moskva isə Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasını, həmçinin Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını Rusiyanın regionda geostrateji mövqeyi və dayaqları üçün təhlükə hesab edir. Ona görə ki, Qarabağda erməni sakinlərin nümayindələri ilə ölkəmizin aidiyyəti orqanları arasında hər hansı formada təmasların qurulması sülh prosesində önəmli mərhələ ola bilər. Bu istiqamətdə naliyyətlər əldə olunduğu təqdirdə rus sülhməramlılarına ehtiyac qalmayacaq. Kremldə bunu çox yaxşı hesablayıblar.

Arutyunyan çox yaxşı bilir ki, Moskvanın dialoqun aparılmasında vasitəçiliyi yalnız ermənilərin maraqlarına xidmət edəcək. Yəni Qarabağda qondarma qurum və ona bağlı qeyri-qanuni silahlı birləşmələr öz mövcudluğunu davam etdirəcək və reinteqrasiya prosesi də baş tutmayacaq. Nəticədə erməni təxribatları davam edəcək və işğaldan azad olunan ərazilərdə öz doğma torpaqlarına qayıdan məcburi köçkünlərin həyatı təhlükə altında qalacaq.

Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizin əsas hədəfi bütün Qarabağ üzərində suverenliyin və yurisdiksiyanın bərpası, həmin ərazidə məskunlaşan ermənilərin reinteqrasiyasını həyata keçirməkdir. Məhz bu səbəblərə görə,yaxın zamanda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağda təhlükəsizliyin bərpa edilməsi yönündə daha da ciddi və zəruri addımlar atmasına şahidi ola bilərik.

Ermənistana gəlincə, Köçaryan və Sarkisyandan fərqli olaraq, Paşinyan Qarabağ məsələsində ABŞ-ın mövqeyini dəstəkləyir. Çünki Paşinyan hakimiyyətinin hədəfi öncə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq, ondan sonra Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb Qərb tərəfə aparmaqdır. Öz məqsədinə çatmaq üçün İrəvan əvvəl-axır Qarabağın Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınması ilə bağlı rəsmi sənədə imza atmağa məcbur olacaq. Erməni separatçıları isə öz yersiz inadkarlıqları səbəbindən məhv olacaqlar.
dia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.