BMT-dən dünya əhalisiylə bağlı yeni hesabat – Azərbaycanın göstəriciləri

8-07-2023, 11:04           
BMT-dən dünya əhalisiylə bağlı yeni hesabat –
1989-cu ildə dünya əhalisinin 5 milyard nəfərə çatdığı tarix olan 1987-ci ilin 11 iyulu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən “Ümumdünya Əhali Günü” kimi qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, bu əlamətdar gün ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) dünya əhalisiylə bağlı yeni hesabat yayıb.
Hesabatda dünya əhalisinin 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatdığı təxmin edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) təxminlərinə görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin olub. İkinci yerdə 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan, üçüncü yerdə isə 338 milyon 289 min 857 nəfərlə ABŞ gəlir. Bu üç ölkə dünya əhalisinin 39,9%-ni təşkil edir.
Azərbaycan əhalisinin sayı isə 2022-ci ildə 10 milyon 156 min nəfər olub. Bu dünya əhalsinin təxminən 0,13%-ni təşkil edir. Əhalinin sayına görə dünyada 90-cı sırada yer alır.

Uşaqların sayı
BMT-nin məlumatına görə, ölkələrin ümumi əhalisi içərisində 0-17 yaş qrupu uşaqların sayı ən çox Mərkəzi Afrika Respublikasında qeydə alınıb. Bu ölkədə 0-17 yaş qrupu uşaqların sayı ümumi əhalinin yarıdan çoxuna – 55,8%-nə bərabər olub. Mərkəzi Afrika Respublikasını 55,6%-lə Niger, 54,3%-lə Çad izləyib. Uşaq əhalisinin ən az olduğu ölkə isə 14,2% ilə Cənubi Koreya olub. Bu ölkəni 14,3%-lə Yaponiya və Sinqapur, 15,3%-lə İtaliya və Monako izləyib. 2022-ci ildə dünya uşaq əhalisinin orta nisbəti 30% təşkil edib.
Azərbaycanda isə 18 yaşına qədər olan uşaqların sayı ümumi əhalinin təxminən 26%-ni təşkil edir.
Bu göstərici dünya ortalamasından aşağı olsa da, Avropa ortalamasından yüksəkdir.
BMT-nin hesabatına görə, Avropa İttifaqına (Aİ) üzv olan ölkələr arasında uşaqların sayının ümumi əhalinin sayına olan nisbəti ən yüksək İrlandiyada qeydə alınıb – 23,6%. Bu ölkəni 21,1% ilə İsveç və 20,9% ilə Fransa izləyir. Uşaq əhalisinin nisbətinin ən aşağı olduğu ölkələr müvafiq olaraq 15,3% ilə İtaliya, 15,6% ilə Malta və 16,2% ilə Portuqaliya olub.
Qonşu Türkiyədə uşaq əhalinin sayı Azərbaycanla təxminən eyni səviyyədə – 26,5% olub.

Gənclərin sayı
Ölkələrin ümumi əhalisi içərisində 15-24 yaş qrupunda olan gənc əhalinin sayına görə Suriya dünyada 1-ci yerdədir. Suriya əhalisinin 23,6%-i 15-24 yaş qrupunda olan gənclərdən təşkil olunub. Bu ölkəni 22,3% ilə Şərqi Timor və 22,1% ilə Mərkəzi Afrika Respublikası izləyib. Ən aşağı gənclər nisbətinə malik ölkə 7,2% ilə Qətər olub. Bu ölkəni 7,8% ilə Ukrayna və 8,4% ilə Monako izləyib.
2022-ci ildə dünyada gənc əhalinin orta göstəricisi 15,5% olub.
Azərbaycanda 15-24 yaş qrupunda olan gənclərin ümumi əhaliyə olan nisbəti dünya ortalamasından aşağı olub – 12,6%.
Aİ-yə üzv olan ölkələr arasında gənc əhali nisbətinin ən yüksək olduğu ölkə İralandiya hesab olunur. Bu ölkədə əhalinin 13%-i 15-24 yaş qrupunda olan gənclərdən təşkil olunur. Bu göstərici Danimarkada 12,1%, Hollandiya və Fransada 11,8% olub. Gənc əhali nisbətinin ən aşağı olduğu ölkələr müvafiq olaraq 9,2% ilə Bolqarıstan, 9,4% ilə Çexiya, 9,5% ilə Malta, Sloveniya və Litva olub.

Yaşlıların sayı
65 və daha yuxarı yaşda olan yaşlı əhalinin sayı ən çox Monakoda qeydə alınıb. Bu ölkədə ümumi əhalinin 35,9%-nin yaşı 65 və daha yuxarı olub. Bu ölkəni 29,9% ilə Yaponiya, 24,1% ilə İtaliya izləyib. Yaşlı əhalinin ən aşağı nisbətinə malik ölkə 1,5% ilə Qətər olub. Bu ölkəni 1,7% ilə Uqanda və Zambiya, 1,8% ilə Birləşmiş Ərəb Əmirlikləri izləyib.
Azərbaycanda 65 və daha yuxarı yaşda olanların ümumi əhaliyə nisbəti 7,9% olub.
Aİ-yə üzv olan 27 ölkədə ən yüksək yaşlı əhali nisbətinə malik ölkə 24,1% ilə İtaliya olub. Bu göstərici Finlandiyada 23,3%, Portuqaliyada 22,9% olub. Yaşlı əhalinin ən aşağı nisbətinə malik Aİ ölkələr isə müvafiq olaraq 14,8% ilə Kipr, 15% ilə Lüksemburq və 15,1% ilə İrlandiya olub.

Gözlənilən ömür uzunluğu
Gözlənilən orta ömür uzunluğu dünya üzrə 71,7 yaş, kişilər üçün 69,1, qadınlar üçün isə 74,4 yaş olub.
Dünyada kişilər üçün gözlənilən ömür uzunluğunun ən yüksək olduğu ölkə Monakodur. Bu ölkədə kişilər üçün gözlənilən ömür uzunluğu 85,1 il olub.
Sonrakı yerdə 83 il ilə Lixtenşteyn, 82,5 il ilə İsveçrə gəlir. Kişilər üçün ən aşağı ömür uzunluğuna malik ölkə 50,3 il ilə Lesoto olub. Bu ölkəni 51,3 yaşla Çad və 52,3 il ilə Mərkəzi Afrika Respublikası izləyib.
Azərbaycanda kişilər üçün 71,3 il olan gözlənilən ömür uzunluğu dünya ortalamasından bir qədər yüksək olub.
Aİ-yə üzvü olan ölkələrdə kişilər üçün gözlənilən ömür uzunluğu İtaliyada 82 il, İsveçdə 81,9 il, Maltada 81,6 il olub. Kişilər üçün ən aşağı ömür uzunluğuna malik ölkə 68,3 yaşla Bolqarıstan olub. Bu ölkəni 69,5 il ilə Litva, 70,7 il ilə Rumıniya izləyir.
Qadınlar üçün gözlənilən ömür uzunluğuna görə də Monako birinci olub – 88,9 il. Bu ölkəni 87,8 il ilə Yaponiya və 87,1 il ilə Cənubi Koreya izləyib. Qadınlar arasında gözlənilən ömür uzunluğunun ən aşağı olduğu ölkə 54 yaşla Nigeriya olub. Bu ölkəni 54,8 yaşla Çad və 55,9 ilə Lesoto izləyib.
Azərbaycanda qadınlar üçün 75,9 il olan gözlənilən ömür uzunluğu dünya ortalamasından yüksək olub.
Aİ-yə üzv olan ölkələrdə qadınlar üçün ən çox gözlənilən ömür uzunluğuna malik ölkə 86,5 yaşla İspaniya olub. Bu ölkəni 86 il ilə İtaliya və Fransa, 85,7 il ilə Malta izləyib. Aİ-də qadınlar arasında gözlənilən ömür uzunluğunun ən aşağı olduğu ölkə 75,1 yaşla Bolqarıstan olub. Bu ölkəni 77,6 il ilə Rumıniya, 78,3 il ilə Macarıstan izləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.