Cəmiyyət də, nazir də, DİM sədri də narazıdır... - Əlaçı və müəllim 0 bal toplayırsa, günahı kimdə axtaraq?

12-07-2023, 16:01           
Cəmiyyət də, nazir də, DİM sədri də narazıdır... -
Ölkədə təhsilin inkişaf səviyyəsi və mövcud problemlər barədə dəfələrlə fikirlər səslənsə də, hələ də bu istiqamətdə öz həllini gözləyən məsələlər var.

Bu sahədə hazırkı problemlər yalnız cəmiyyət tərəfindən səsləndirilmir, eyni zamanda müvafiq dövlət qurumlarının rəhbərləri də bunu təsdiq edirlər. Belə ki, bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev də bildirib ki, qarşıda iki məqsəd var:

“Birincisi, keyfiyyəti qaldırmaq, ikincisi isə həmin keyfiyyəti bərabər paylamaq”.

Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz:

“Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var. Biz savadsızlığa qarşı total reaksiya vermirik”.

O bildirib ki, bu problemi nazirlik tək həll edə bilməz:

“Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq”.

Sertifikasiya ilə bağlı nazir bildirib ki, 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb.

10 faizi isə 10-19 bal toplayıb. Nazir qeyd edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib. Dövlət İmtahan Mərkəzinin (DİM) hesabatında açıqlanıb ki, ötən il orta məktəbi “əlaçı” kimi bitirmiş 149 abituriyent qəbul imtahanında 0-100 bal arası nəticə göstərib:

"Məzunların bir hissəsi təhsil proqramının 43-73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 27-57 faizinə düzgün cavab verib”.

Göründüyü kimi, ETN sertifikasiya zamanı bəzi müəllimlərin, DİM isə bir sıra abituriyentlərin çox aşağı nəticə göstərdiyini deyir. Onu da qeyd edək ki, bəzi repetitorlar da şagirdlərin dəsləri tam olaraq mənimsəyə bilmədiklərini bildirirlər. Bu gün fakt odur ki, həm müəllimlər, həm də şagirdlərlə bağlı problemlər var, cəmiyyət də, müvafiq qurumlar da, ekspertlər də narazıdır.

Təhsilin mövcud problemlərinin həlli yolu varmı?

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bir tədris ilində orta ümumtəhsil məktəblərimizi 85 minə yaxın şagird bitirir ki, onların arasında 9-cu sinifin məzunlarının sayı 130 mindən çoxdur:

“Çox təəssüflər olsun ki, son 3 il ərzində buraxılış və qəbul imtahanlarının nəticələrində geriləməni müşahidə edirik. Xüsusilə də “Azərbaycan dili” fənnindən şagirdlərimizin test tapşırıqlarımıza cavab vermə faizi sürətlə aşağı düşür. Bu, orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətində geriləmədən, təhsilin idarə olunmasındakı problemlərdən xəbər verir. Görürük ki, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər tədris proqramını mənimsəmirlər.

Halbuki onlar sinifdən-sinifə keçirlər, bununla bağlı müvafiq qərarlar olur, müəyyən tədbirlər həyata keçirilir. Buna baxmayaraq, orta ümumtəhsil məktəblərini “əla” qiymətlərlə bitirən əlaçılar, hətta fərqlənmə attestatı alanlar arasında müvafiq imtahanlarda minimum balı toplayan kifayət qədər şagirdimiz var. Bu, birmənalı olaraq yaxşı hal deyil. Bunun aradan qaldırılması üçün mütləq şəkildə orta ümumtəhsil məktəblərində monitorinqlər həyata keçirilməlidir. Hansı fənlər üzrə şagirdlərdə məzmun standartlarının mənimsənilməsində problemlər varsa, o istiqamətdə güclü iş aparılmalıdır.

Ancaq biz görürük ki, bu gün müvafiq qurum, yəni Elm və Təhsil Naizrliyi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində heç bir addım atmır. Onlar yalnız müvafiq QHT-lərə böyük məbləğdə pullar ayırırlar. Ancaq heç bir əməli iş görmürlər. Yəni məzunların nəticələrinin aşağı olmasının əsas səbəbi orta ümumtəhsil məktəblərində təhsilin idarə olunması, tədrisin təşkilindəki boşluqlardan qaynaqlanır.

Bu gün 10 il əvvəllə müqayisə apardıqda görürük ki, çox ciddi şəkildə tədrisin təşkilində, təhsilin idarə olunmasında problemlər var. Məzmun standartları uşaqlara çatdırılmır. Dəyişən dərsliklər şagirdlərin yaş xüsusiyyətləri və psixologiyasına uyğun deyil”.

O bildirib ki, hazırda repetitor köməyi olmadan uşaqlar heç nə öyrənə bilmir:

“Yəni dərsliklər o qədər qəliz yazılıb ki, repetitor köməyi olmadan hər hansı bir formada dərsliklərin mənimsənilməsi mümkün deyil. Bu gün artıq repetitorlar, hazırlıq kursları tam olaraq kömək edə bilmirlər. Artıq dərsliklərin çətinliyi, digər çətinliklər ciddi şəkildə problem yaradır.

İmtahan nəticələridə bunu göstərir. Yalnız ali məktəblərə deyil, magistratura pilləsinə qəbul, müəllimlərin işə qəbulu, sertifikasiya nəticələri onu göstərir ki, Azərbaycan təhsili sürətlə son 3 il ərzində geriləməyə doğru gedir və bu təhsilin idarə olunmasındakı ciddi problemlərlə bağlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.