"Yağlı müştərilər" uğrunda vuruşma

13-07-2023, 10:55           
"Yağlı müştərilər" uğrunda vuruşma
Hər bir evə fiber optik internet xəttinin çəkilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bütün ölkə üzrə "Onlayn Azərbaycan" layihəsi icra edilir.
Gələn il başa çatması nəzərdə tutulub.
On il öncə hökumət bu layihəyə 0.5 milyard manat büdcə vəsaiti nəzərdə tutsa da, sonralar bu reallaşmadı.
Odur ki, Nazirlik bu layihəni həm öz resursları ilə, həm də Avropa banklarından aldığı kredit hesabına reallaşdırır.
Diqqət çəkən məqam həm də odur ki, layihə özəl provayderlərin də iştirakını nəzərdə tutan dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilir.
Ötən müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. Əksər rayonlarda yerli telekommunikasiya qovşaqları və onlarla podratçılar tərəfindən kabelləşmə aparılır.
Amma bu yazıda diqqət yetirmək istədiyim məqam tam fərqlidir.
Müşahidələr göstərir ki, bəzən bu infrastrukturun qurulmasında nizamlı, ağlabatan bir yanaşma olmur.
Kim necə gəldi dirəklər basdırır, kabelləşmə aparır.
Bəzi hallarda eyni bir yerdə fiber optik xətlər üçün 4-5 dirəyin necə gəldi basdırıldığı görsənir.
Həm şəhərdə, həm də xüsusən regionlarda, rayon mərkəzlərində bu daha çox müşahidə olunur.
Amma maraqlıdır ki, bu dirək basdırılan ərazinin yaxınlığındakı yaşayış məntəqələrində, yaxınlıqdakı küçə və məhəllələrdə heç bir dirək də basdırılmayıb.
Zamanında bir çox özəl provayderlər regionlarda potensial müştərilərin çox olduğu ərazilərdə infrastruktur qurublar.
Hazırda bəzən dövlət operatorlarının da, xüsusən Aztelekom-un da ilk növbədə digər ərazilərdə deyil, məhz həmin ərazilərdə infrastruktur qurduğu müşahidə olunur. Bu, doğru bir yanaşma deyil.
Yəni, görünən odur ki, bəzi hallarda həm dövlət, həm də özəl provayderlər "yağlı müştərilər" yaşayan və işləyən əraziləri ələ keçirmək uğrunda vuruşurlar.
Düşünürəm ki, Nazirlik, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bu məsələlərdə bir nizamlama aparmalıdır.
Qarmaqarışıq , bir neçə dirəklər basdırmaq əvəzinə vahid infrastrukturdan birgə istifadə qaydaları hazırlamaq olar.
Layihənin isə başa çatmasına az qalıb.
Görünən odur ki, bir çox yerdə kabelləşmə və qoşulmalar ləng gedir. Dövlət operatorları əksər regionlarda, özəllərdən fərqli olaraq qoşulma ilə bağlı vətəndaşlara seçim imkanları vermir. Bəzi hallarda vətəndaşlara məcburən "tələbat olmayan" sürətlər təklif edilir.
İndiki halda dövlət provayderlərinin heç bir internet infrastrukturu olmayan yaşayış məntəqələrinə, kəndlərə və qəsəbələrə üz tutması, bu məntəqələrdə infrastruktur qurması daha doğru olardı.
Əgər bu baş verməyəcəksə "Onlayn Azərbaycan" layihəsinin gələn il reallaşması ağlabatan görsənmir.
İKTA -nın bununla bağlı monitorinq aparması, tənzimləyici səlahiyyətlərindən istifadə etməsi, infrastrukturla bağlı keyfiyyət standartları müəyyən etməsi , dövlət operatorlarına nəzarəti gücləndirməsi faydalı olardı.
Osman Gunduz
Teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.