NATO artıq bölgədədir: - ermənilərə dəstək çox pis nəticə verəcək

14-07-2023, 16:36           
NATO artıq bölgədədir: - ermənilərə dəstək çox pis nəticə verəcək
Cənubi Qafqaz bölgəsindən tamamən sıxışdırılıb çıxarılmağını istəməyən Rusiya regionun lider dövləti ilə əlaqələrini maksimum inkişaf etdirməli, ədalətin və hüququn tərəfində olmalıdır

NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçirilmiş sammiti əslində ötən ildəki Madrid sammitinin məntiqi davamı sayıla bilərdi, ancaq belə deyil.

Şimali Atlantika Alyansındakı üzv dövlətlərin liderləri təşkilatı sanki letargiya yuxusundan ayıldaraq Qərbin geosiyasi məqsədlərinin ilkin mərhələdəki toplusunu açıqlamaqla yanaşı, postsovet məkanı ölkələrindəki situasiyanı da diqqətlə izlədiklərini və "zərurət duyulduqda" müdaxilələrin ola biləcəyini istisna etmədilər.

Vilnüs sammitini sadəcə, Ukraynadakı hərbi əməliyyatların və xüsusilə də Kiyevə hərbi yardımlarla siyasi dəstəyin miqyasının artırılması məsələsinin müzakirə olunduğu olay hesab etmək yanlışdır.

NATO-nun Vilnüs sammitinin gerçəkdən də, önəmli qərarlarına nəzər salsaq, onlar belədir.

1. Şimali Atlantika Alyansının üzvləri yeni hərbi və müdafiə doktrinalarını təsdiqlədilər. Həmin doktrinalar silah-sursat və hərbi texnika istehsalının artırılmasını, hərbi texnika və silah alışlarının intensivləşdirilməsini, habelə qoşunların əməliyyat uyğunluğu səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.

2. Alyans üzvləri müdafiə xərclərinin artırılması barədə razılığa gəldilər. NATO üzvü olan dövlətlərin hər birinin müdafiə xərcləri bundan sonra ümumdaxili məhsulun (ÜDM) ən azı 2 faizini təşkil etməlidir. İndiyədək heç bir NATO ölkəsində sözügedən xərclər ÜDM-in 2 faizindən artıq olmamaşdı.

3. NATO üzvü olan ölkələrin hava hücumundan müdafiə birləşmələrinin Baltiyanı dövlətlərdə (Estoniya, Latviya və Litva) rotasiya prinsipi ilə daimi yerləşəcəkləri barədə yekun qərar qəbul olundu

4. Latviya, Litva və Estoniya birgə bəyannamə imzaladılar. Sənədə görə, NATO hərbi fəallığını gərəkli səviyyədə təmin etmək üçün bu ölkələrin birləşmiş hava məkanından maneəsiz və hüdudsuz şəkildə yararlana bilər.

5. NATO-nun Litva, Latviya və Estoniyada yerləşdirdiyi taktiki alay qrupları briqada səviyyəsinə yüksəldiləcək. Latviya və Litvadan fərqli olaraq, Estoniyada NATO-nun birləşmiş briqadası olmayacaq. Bunun əvəzində Estoniya Britaniya ilə saziş imzaladı: sənədə görə, zərurət yarandığı təqdirdə 1 briqada britaniyalı hərbçi Estoniya Silahlı Qüvvələrinin ştat vahidləri sayılacaq və ölkədə yerləşdiriləcək.

6. NATO-nun Qara dəniz hövzəsindəki quru qoşunları da briqad səviyyəsində olacaq. Məsələn, İspaniya Slovakiyadakı hərbçilərinin sayını 700 nəfərə, Rumıniyada isə 250 nəfərə çatdıracaq. Əlavə olaraq Çexiya da Slovakiyaya hərbi kontingent yollayacaq, Slovakiyanın qərbindəki Lest şəhərində hərbi baza genişləndiriləcək, orada 1 batalyon NATO hərbçisi olacaq. Daha bir batalyon daimi olaraq Çexiyada qalacaq, zərurət yaranan kimi Slovakiyaya göndərilməyə hazır olacaq.

7. “Qara dəniz hövzəsində imkanların artırılması məqsədilə” Bolqarıstan və Rumıniyada Regional Xüsusi Əməliyyatlar Komandanlığı (Regional Special Operations Component Command, R-SOCC) yaradılacaq.

Göründüyü kimi, NATO-nün Vilnüs sammitinin yekun sənədləri və ən önəmli qərarları arasında Ukraynadakı hərbi əməliyyatlarla bağlı məsələ, xüsusilə də Kiyevə dəstək məqamları əlahiddə yer almayıb.

Bunun da obyektiv səbəbləri var. Şimali Atlantika Alyansının son sammitində yaradılmış NATO-Ukrayna Şurasının qarşısında qoyulan məsələlər əslində illərdir ki, Brüssellə Kiyev arasında digər, alternativ qarşılıqlı əlaqə kanalları vasitəsilə həll olunur. Ona görə də NATO strukturları çərçivəsində ayrıca olaraq Ukrayna ilə bağlı komitə yaradılsaydı belə, prinsip etibarilə heç bir ciddi dəyişiklik olmayacaqdı.

Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına keçidi ilə bağlı 2 illik proqramla bağlı situasiya eynidir.

Ukraynaya silah-sursat və hərbi texnika yardımları ilə bağlı bəyanata da ehtiyac yox idi: zatən belə yardımlar var və davam edəcək.

NATO-nun Vilnüs sammitindəki qərarların tam əksəriyyəti, göründüyü kimi, təşkilatın Avroatlantika regionunda müdafiə və hərbi güclə bağlı yeni konsepsiyasının 3 subregional planının tərkib hissəsidir.

Belə ki, hələ 9 il əvvəl, 2014-cü ildə "Hazırlığın Təminatı Planı" (Readiness Action Plan) qəbul edilmişdi: sənəd NATO-nun son illərdə ən genişmiqyaslı güclənməsini nəzərdə tuturdu.

Sonradan bu plan çərçivəsində Şimali Atlantika Alyansının şərq cinahında 8 İnteqrasiya Qərargahı (NFIU) yaradıldı, birgə təlimlərin intensivliyi artırıldı, Operativ Yüksək Hazırlıq Qrupu (VJTF) təsis edildi və Rumıniyada "Cənub-Şərq" çoxmillətli diviziyasının qərargahı formalaşdırıldı.

Dahat sonra Latviya, Litva, Estoniya və Polşada 4 çoxmillətli taktiki batalyon qrupları yerləşdirildi.

Bir qədər də keçdi, ABŞ Avropadakı "Atlantic Resolve" əməliyyatını genişləndirərək Almaniyada hərbi aviasiya briqadasını, polşada isə zirehli-tank briqadasını yerləşdirdi.

Şimali Atlantika Alyansının yeni subregional müdafiə konsepsiyaları isə 2014-cü ildəki "Readiness Action Plan" (RAP) planını davamı olaraq NATO-nun konkret istiqamətlərdəki hərbi gücünün və potensialının artırılmasıdır.

Vilnüs sammitinin digər ən önəmli məqamı odur ki, ABŞ və Britaniya kimi ölkələr NATO mandatı ilə yox, hər hansı dövlətllə imzalanacaq ikitərəfli saziş əsasında qoşunların yerləşdirilməsi, hərbi-hava və ya hava hücumundan müdafiə birliklərinin göndərilməsi və s. ilə bağlı leqal imkanlar əldə edirlər.

Şimali Atlantika Alyansı geosiyasi problemlərə, xüsusilə də Ukraynadakı hərbi əməliyyatlara rəğmən əsas məqsədləri ilə hədəflərindən əl çəkmək niyyətində deyil.

Tam əksinə, NATO postsovet məkanında, xüsusilə də kollektiv Qərbin əlahiddə maraq dairəsi elan etdiyi regionlarda daha da fəallaşacaq.

Məhz bu səbəbdən Ukraynadakı hərbi əməliyyatlar başa çatandan sonra NATO-nun Baltikyanı dövlətlərdə, Qara dəniz hövzəsində, Arktikada və xüsusilə də Cənubi Qafqazda potensialı ilə təsir rıçaqlarını artırmasını gördükdə Rusiya Federasiyası təəccüblənməməlidir.

Cənubi Qafqazda Rusiyanın NATO-ya qarşı sivil rəqabət müstəvisində istinad edə biləcəyi yeganə ölkə Azərbaycandır.

Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri olan rəsmi Bakı özünü Rusiyanın dostu, qardaşı, bacısı və ya müttəfiqi adlandıran bir sıra dövlətlərdən fərqli olaraq Ukraynadakı hərbi əməliyyatları, Qərbin tətbiq etdiyi ifrat sərt sanksiyaları və s. məqamları Moskvanın üzləşdiyi ağır vəziyyətdən faydalanmaq şansları hesab etmədi.

Rusiyanın planlarını dəstəkləməsək də, Kremlə zərbə vurmaq imkanlarını aramayan Azərbaycan bölgədə sülhlə stabilliyin bərqəra olmasına yönəlmiş prosesin sürətləndirilməsi, qarabağlı ermənilərin reinteqrasiyası, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilərin silahlı dəstələrinin tərksilahı, Ermənistanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası kimi problemlərin həllində Rusiyanın daha aktiv iştirakına ümid edir.

Daha doğrusu, rəsmi İrəvanın imzaladığı sənədlərdəki şərtlərə və bəndlərin əməlinə sövq edilməsi üçün Rusiya Federasiyasının zahiri siyasi ətalətdən qurtularaq əməli işə keçəcəyi günü gözləyən rəsmi Bakı NATO ilə intensiv təmasları təxirə salıb.

Moskva bunu görsə də, Bakının jestlərini lazımınca dəyərləndirmir və nədənsə hesab edir ki, NATO-nun Cənubi Qafqaza geosiyasi, siyasi və digər müstəvilərdə ekspansiyası uzaq perspektivdə baş tuta biləcək məsələdir.

Əsla belə deyil: NATO artıq Cənubi Qafqazdadır — Azərbaycanın müttəfiqi, dost və qardaş Türkiyənin NATO-da ikinci ən böyük orduya malik dövlət olduğunu unutmayaq.

Azərbaycan küçələrində, binalarda olan Türkiyə bayraqları sadəcə, bir millət, iki dövlət olduğumuz qardaş məmləkətin yox, həm də NATO üzvünün, real geosiyasi qüdrətə çevrilməkdə olan dövlətin bayrağıdır.

Ermənistanla yekun sülh sazişinin imzalanması prosesində Rusiya fəallaşaraq beynəlxalq hüququn prinsiplərinə, bölgədə Bakının formalaşdırdığı yeni geosiyasi reallıqlara, ədalət və reallıq ünsürlərinə əsaslanan siyasət yürütmək Rusiya üçün Qərb tərəfindən regiondan sıxışdırılıb çıxarılmamaq üçün tək imkan, yeganə şansdır.

Moskva bu şansı konstruktiv şəkildə dəyərləndirməli, Ermənistandakı təsir şəbəkəsinə və saxta narrativlərə güvənərək gerçəkliyin yanlış hesablanmasına istinad edən siyasət yürütməməlidir.

Azərbaycan bölgədə iqtisadi, siyasi, hərbi, maliyyə, humanitar potensial, geosiyasi və bütün digər amillər baxımından lider dövlətdir.

Liderlə tərəfdaşlıqla əməkdaşlğın fəallaşması əvəzinə ən zəif dövlətə çevrilmiş Ermənistanla bağlı hansısa ümidlərə güvənməksə Rusiyanın çox ciddi, hətta fatal səhvi olacaq.

NATO Rusiyanı məhz bu perspektivə yönləndirir: Rusiya gərəkli nəticələr çıxarmalı, yaranmış vəziyyəti dürüst qiymətləndirməlidir.

Vaxt azdır...

Elçin Alıoğlu //trend//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.