Məhkəmə “Azadlıq” radiosunun iddiasını mümkünsüz saydı
30-06-2016, 10:08
Radionun nümayəndəsi isə hakimin gətirdiyi arqumentlə razılaşmır
“Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə prosesi elə hazırlıq iclasında yekunlaşıb. Çünki 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədova radionun iddiasının mümkünsüz sayılması barədə qərar çıxarıb. Hakim buna səbəb kimi, “Azadlıq” radiosunun nümayəndəsi, vəkil Adil Ismayılovun səlahiyyəti olmadan iddia ərizəsini imzalaması və məhkəməyə təqdim etməsini göstərib.
Qeyd edək ki, bu iş üzrə iyunun 23-də məhkəmənin birinci hazırlıq iclası keçirilmiş, amma nədənsə, hakim eyni arqumentlə iddianı mümkünsüz saymamışdı. Yeri gəlmişkən, iddiaya “Azadlıq” radiosunun Adil Ismayılova verdiyi etibarnamə də əlavə olunub. Birinci hazırlıq iclasında hakim Adil Ismayılovdan etibarnamənin daha konkret formada məhkəməyə təqdim olunmasını istəmişdi. Yəni, etibarnamədə konkret yazılsın ki, Adil Ismayılov məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Hərçənd, məhkəməyə təqdim olunmuş etibarnamədə Adil Ismayılova “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi adından bütün addımların atılmasına zəmanət verilirdi.
Bununla belə, Adil Ismayılov hakimin istədiyi formada etibarnaməni dünənki hazırlıq iclasında ona təqdim edib. Bundan sonra hakim bildirib ki, Adil Ismayılov iddia ərizəsini imzalayıb məhkəməyə təqdim edərkən bu addımı atmağa səlahiyyəti olmayıb.
Lakin Adil Ismayılov hakimin dediklərinə etiraz edib: “Məhkəməyə bundan əvvəl təqdim etdiyim etibarnamədə də göstərilib ki, radionun Azərbaycan nümayəndəliyinin bütün səlahiyyətləri mənə verilib. Həmin etibarnamə əsasında faktiki nümayəndəliyin rəhbəri mən hesab olunuram və belə bir səlahiyyətim də var. Vergi orqanı da məni nümayəndə kimi qəbul edir və bu, sənədlərdə də öz əksini tapıb”.
Şərafət Məmmədova qısa müşavirədən sonra iddia tələbinin mümkünsüz sayılması barədə qərarı elan edib.
Xatırladaq ki, 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyində aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi “Akt”ın ləğvi və həmin “Akt” əsasında çıxarılan qərarın etibarsız sayılmasına dair iddia tələbilə radio məhkəməyə müraciət etmişdi. “Akt”da “Azadlıq” radiosunun üzərinə 131 min 540 manat cərimə ödəmək öhdəliyi qoyulub, radionun mənfəət vergisi ödəməməsi, işçilərin XIN-də akkreditasiyadan keçməməsi və s. qanun pozuntusu kimi qiymətləndirilib.
“Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi isə bu barədə deyilənlərlə razılaşmır.
“Azadlıq” radiosunun Bakı bürosu 2014-cü ilin dekabrında qapadılıb.