Nazirlər Kabinetinə “Azəristiliktəchizat” ASC-nin idarə edilməsi ilə əlaqədar səlahiyyətlər verilib

2-07-2016, 20:12           

Nazirlər Kabineti “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən “Azəristiliktəchizat” ASC İdarə Heyətinin Cəmiyyətin strukturunda dəyişikliklər etmək sahəsində səlahiyyəti ləğv edilib.

Bu səlahiyyət artıq Nazirlər Kabinetinə məxsus olacaq. Eyni zamanda İdarə Heyəti artıq Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcək.

İndiyə qədər İdarə Heyəti “Azəristiliktəchizat” ASC-nin perspektiv inkişaf planlarının hazırlanması, bu Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Cəmiyyətin illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, mənfəət və zərərin bölüşdürülməsi barədə Müşahidə Şurasına təkliflər verib. Dəyişikliyə əsasən bundan sonra İdarə Heyəti Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, inkişafı strategiyasının müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müvafiq təkliflər verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.