Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiri seçildi

5-07-2016, 09:36           
Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiri seçildi
Baş redaktor Eldar Mahmudovla bağlılığın qurbanı olub?
Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib. Vəkil Nemət Kərimli bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

DİN F.Fərəməzoğlunun həbsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə F.İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

DİN-in məlumatında daha sonra bildirilir ki, ilkin istintaqla F.İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.

“Mətbuat Şurası hansı formada cəmiyyətdə imic qazanmasından asılı olmayarq bu və ya digər dərəcədə jurnalist fəaliyyəti ilə əlaqəli olan şəxsin azadlıqdan məhrum edilməsindən təəssüf hissi keçirir. Fikrət Fərəməzoğlunun həbsinə də belə yanaşırıq. Ancaq hesab edirik ki, onun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndirilə biləcək hadisə deyil”.
Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O bildirib ki, ona dəfələrlə xəbərdarlıq edilib: “Lakin nəticə çıxarılmayıb. Buna görə də saytın adı Mətbuat Şurası İdarə Heyətinin 21 iyul 2014-cü il tarixli qərarı ilə lqara siyahı»ya salınıb”

Ə. Amaşov bildirib ki, bir sıra saytlar keçmiş MTN rəhbərliyi ilə sıx əlaqədə olub. Həmin saytlar əsasən müxtəlif vəzifəli şəxslər barədə onlara ötürülmüş aşağılayıcı materialları yayırdılar: “Bu kimi hallar sağlam jurnalistika sayıla bilməz. Aydındır ki, bir-birinə qarşı duran qütblər olub. Adlarını jurnalist qoyan bəzi şəxslər bu qütblərin oyunlarında iştirak ediblər. Onların yazdıqları, gündəmə gətirdikləri birbaşa hüquqi müstəvidə dəyərləndirilməli məsələlərdir. Şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza ləkə gətirilməsi və sair bu sayaq hallar onlar üçün tam adi bir şeydir”.

Qeyd edək ki, Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunmuşu. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu şərti olaraq bir il azadlıqdan məhrum edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.