İlham Əliyevdən ŞAH GEDİŞİ: - Ermənistanı və havadarlarını mat etdi

29-09-2023, 20:22           
İlham Əliyevdən ŞAH GEDİŞİ: - Ermənistanı və havadarlarını mat etdi
Azərbaycan dövlət rəhbərliyinin son uğurlu hərbi-siyasi addımları nəticəsində ata-baba torpağımız – Qarabağda yeni tarixi proseslər yaşanmaqdadır.

Bu proseslər nəinki ölkənin daxilində, hətta regionda müsbət dəyişikliklərə gətirib çıxaracaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı birgünlük antiterror əməliyyatları sayəsində separatçı rejimin “özünümüdafiə ordusu” təmamilə tərkisilah olundu, xeyli sayda silah-sursat və hərbi ləvazimatlar ordumuza təhvil verildi. Növbəti addımı qondarma qurumun özünü buraxması oldu və bununla da təhlükəsizliklə bağlı bütün problemlər həll olundu.

Demək olar ki, Azərbaycan Qarabağ iqtisadi rayonuna daxil olan ərazilər – Xankəndi, Xocəvənd, Xocalı, Əsgəran və Ağdərə üzərində de-yure suverenliyini və yurisdiksiyasını tam olaraq təmin edib. Tezliklə, həmin ərazilərdə ölkəmizin icra strukturları və hüquq-mühafizə orqanları fəaliyyət göstərəcək.

Eyni zamanda, bölgədə yaşayan erməni sakinlərin reinteqrasiyasına yönələn ciddi tədbirlərin görüləcəyi gözlənilir. Azərbaycan hakimiyyəti ərazidə qalıb yaşayacaq ermənilərin reinteqrasiya məsələsinə ciddi yanaşacaq.

Xüsusilə vurğulamaq lazımdır ki, ölkəmiz bütün bu nailiyyətləri və uğurları Prezident İlham Əliyevin lider qətiyyəti hesabına əldə edib. Dövlət rəhbərinin Qarabağda antiterror əməliyyatının aparılması ilə bağlı qərarı zamanında verilən, rasional, nəticəyönlü və hədəfə söykənən addım idi.

Çünki bu addımın atılması ilə Ermənistan və onun havadarlarının Qarabağla bağlı məkrli planları tamamilə fiaskoya uğradı.
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya Federasiyası tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı kontigentinin Qarabağda qalma müddəti 5 ildir və bu müddət 2025-ci ildə başa çatır.

Üçtərəfli Bəyanatın 6-cı maddəsinə görə, əgər iki tərəfdən biri, yəni Azərbaycan və ya Ermənistan bu müddətin uzadılmasına razılıq vermədiyi halda rus sülhməramlıları bölgədən qeyd-şərtsiz çıxmalıdır.

Paşinyanın son davranışları və hərəkətlərini, o cümlədən ABŞ və Avropa ölkələrinin bir çox məsələlərdə dəstəyini nəzərdən keçirsək görərik ki, Ermənistan Rusiyanın orbitindən ayrılıb Qərbə doğru getməyə çalışır.

Artıq Rusiyanın dövlət rəhbərləyi bununla bağlı öz narahatlığını bildirməyə başlayıb və İrəvanın hazırki xarici siyasət kursunun qəbuledilməz olduğunu vurğulayır. Yaxın zamanda Ermənistan-Rusiya münasibətlərində gərginliyin daha da artacağı istisna deyil.

Belə olan halda 2025-ci ildə altı ay əvvəl Ermənistan hakimiyyətinin Rusiya Sülhməramlı Kontigentinin Qarabağda müddətinin uzadılmasının lehinə qərar verməsi şübhə doğurur. Əgər Ermənistan buna etirazını bildirərsə, rus sülhməramlıları ərazidən çıxacaq. Amma hər hansı ölkənin sülhməramlı qüvvələri də bölgəyə gələ bilməyəcək.

Lakin burada mühüm bir məqama diqqət yetirmək lazımdır. Əgər Azərbaycan son tədbirlərini görməsə idi, Paşinyan hakimiyyəti bundan istifadə edib hiyləyə əl atacaqdı. Rus sülhməramlıların bölgəni tərk etməsi ərəfəsində Emənistan BMT-nin Təhlükəsizlik Şurasında Rusiya Sülhməramlı Kontigentin məsuliyyət zonasına daxil olan ərazilərdə beynəlxalq sülhməramlı qüvvələrin, xüsusilə Fransa hərbiçilərinin yerləşdirilməsi məsələsini qaldıracaqdı.

Sözsüz ki, ABŞ və Fransa Ermənistanın bu təşəbbüsünü dəstəkləyəcək və Azərbaycanı öz əraziləri üzərində suverenliyini bərpa etməsinə ciddi əngəllər yaradacaqdı. Çünki regionda öz təsir imkanlarını artırmaq üçün Qarabağ kartı təkcə Rusiya üçün yox, həmçinin Qərb güc mərkəzləri üçün sərfəlidir.

Prezident İlham Əliyev bu prosesləri çox düzgün və dəqiqliklə hesablamışdı. Məhz onun siyasəti və rasional qərarları nəticəsində Ermənistanın, onun Qərb havadarlarının gələcək məkrli planları heç vaxt baş tutmayacaq. Hər hansı hiyləyə əl atsalar belə, öz istəklərinə nail olmayacaqlar.

Son 30 il ərzində Azərbaycan xalqına məşəqqət, fəlakət və faciə yaşadan, saysız-hesabsız insan itkisinə səbəb olan, qocalarımız, qadınlarımız və uşaqlarımızı gözü yaşlı buraxan Qarabağ münaqişəsi bitib və tarixin dərinliyinə qərq olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.