Kartof kisəsi deyilsiniz, siz əmək resursusunuz

Bu gün, 10:38           
Kartof kisəsi deyilsiniz, siz əmək resursusunuz
Bizə niyə istədiyimiz qədər deyil, aldığımız qədər pul ödəyirlər?

İnsanlıq mövcud olduğu gündən işəgötürənlər bir məsələ üzərində baş sındırırlar: işçiləri necə daha çox işlətmək və onlara daha az pul ödəmək olar?

Biz – əmək resurslarıyıq. Artıq qulağa xoş gəlmir, elə deyilmi? Elə bil insan yox, kartof kisəsiyik. Amma əmək bazarında reallıq belədir: biz – əmək təchizatçılarıyıq, işəgötürənlər isə alıcılar. Əsas malın siz özünüz olduğunuz bazara xoş gəlmisiniz.

Qamçıdan KPI-yə

Əmək tarixi tək istiqamətli marafondur: insanları daha çox işlədib, daha az ödəmək üsulunu tapmaq.

Əvvəl kölələr vardı. Kölə etiraz etmirdi – işləyirdi. Sonra feodallar gəldi: ağa üçün işləyirsən, qarşılığında bir qab şorba alırsan və ölməmək xoşbəxtlik əldə edirsən. Kapitalizm gələndə köləlik ləğv olundu, amma arzu qaldı: az ödəyib, çox qazanmaq. Reklamdakı kimi, amma hər şey tam tərsinə.

Sonra həmkarlar ittifaqlarının “qızıl dövrü” başladı. İşçilər birləşdilər, hüquqlarını tələb etdilər və çox şey qazandılar: səkkiz saatlıq iş günü, məzuniyyət, ödənişli xəstəlik icazəsi... Amma kapitalizm 2.0 dövründə həmkarlar ittifaqlarının “işığı söndü”. ABŞ-da 1950-ci illərdə işçilərin üçdə biri həmkarlar ittifaqlarında idi, 1990-cı illərdə bu göstərici 17%-ə qədər azaldı. İndi özəl sektorda bu rəqəm təxminən 6%-dir. Dövlət sektorunda isə daha çoxdur. Azərbaycanda isə həmkarlar ittifaqları hələ də yeni biznes kimidir: onlar sanki mövcuddurlar, amma səs-soraqları çıxmır. Qiymətləndirmələrə görə, üzvlük təxminən 10%-dir və əsasən dövlət sektorundadır.

Yeri gəlmişkən, 90-cı illərdə ölkəyə xarici investorlar gələndə verdikləri ilk suallardan biri bu idi:
– Sizdə həmkarlar ittifaqları var?
– Yox.
– Əla.

Bəs bu necə bazardır?

Məktəbi bitirəndə kim olmaq istəyirsiniz? Proqramçı? Aşpaz? Yoxsa itlər üçün idman ayaqqabısı dizayneri?

Necə olursa olsun, tez ya gec əmək bazarına çıxacaqsınız. “Bazar” sözü sizdə göy soğan və keşniş satılan piştaxtalar və alverçilərlə assosiasiya yaratsa da, əslində hər şey daha mürəkkəbdir. Bu, işləmək istəyənlərlə işçi axtaranların görüşdüyü böyük bir dünyadır. Bəziləri öz bilik və bacarıqlarını təklif edir (biz), digərləri buna görə pul ödəməyə hazırdır (işəgötürənlər). Sonra isə köhnə qayda işə düşür: bacarığınız nə qədər nadir və dəyərlidirsə, qiymət, yəni maaş, bir o qədər yüksəkdir.

Əmək maldırmı?

Qulağa xoş gəlmir, amma belədir: bu bazarda əmək maldır. Və hər bir bazarda olduğu kimi, klassik qayda işləyir: tələb çoxdursa – qiymət yüksəlir, təklif çoxdursa – qiymət düşür.

Niyə torna ustasının maaşı fəhlədən yüksəkdir? Çünki “qızıl əllərə” malik torna ustaları azdır, amma fəhlələr çoxdur. Deməli, torna ustasının əməyinin dəyəri yüksəkdir. Defisit mala isə həmişə daha çox pul ödənir.

Maaş – kimininsə kefinə və emosional şəkildə danışmasına görə verilən rəqəm deyil, o, tələb və təklifin kəsişməsində formalaşan əmək qiymətidir.

Əgər işçilər çox istəyirsə – şirkət ödəyə bilər, amma işə az adam götürəcək və daha çox işlədəcək. Digər tərəfdən, şirkət az ödəyirsə – heç kim ora getmək istəməz. Deməli, kompromissiz yol yoxdur.

Bəs niyə Yaponiyada Hindistandan çox maaş verirlər?

Yaponiyada və Hindistanda eyni idman ayaqqabısı istehsal olunsa da, maaşlar fərqlidir. Və ya, məsələn, İngiltərədə maaş Hindistandan 20 dəfə yüksək ola bilər.

Səbəb sadədir: harada avtomatlaşdırma, texnologiya və logistika yüksək səviyyədədirsə, orada maaşlar da yüksəkdir. Əgər sizdə hələ 1975-ci ilin dəzgahı işləyirsə və hər şey əl ilə görülürsə – maaşın rəqəmi də elə olacaq. Yüksək məhsuldarlıq – yüksək əmək haqqı deməkdir.

Amma unutmayın – ucdantutma hamının maaşını qaldırmaq mümkün deyil.

Hamı istəyərdi. Amma iqtisadiyyat xeyirxah sehrbaz deyil.

Məsələn, sizin ayaqqabı emalatxananız var. Beş nəfər ayda 200 cüt ayaqqabı tikir. Hər biri 600 manat maaş alır. Ayaqqabı 30 manata satılır. Bir cüt ayaqqabının maya dəyəri – 25 manatdır. Onun 15 manatı – əməkhaqqıdır.

Birdən yeni, müasir avadanlıq peyda olur və məhsuldarlıq ikiqat artır – artıq ayda 400 cüt istehsal etmək olar. İşçilər sevinir:
– Əla, biz axı iki dəfə çox tikirik, gəlin maaşı da iki dəfə artıraq!

Amma sahibkar kalkulyatoru götürür. Əgər maaş eyni qalsa, mənfəət artır. Əgər maaş ikiqat artırılsa – mənfəət azalır. Sual yaranır: bəs o, ümumiyyətlə, bu avadanlığa niyə pul xərcləmişdi?

Çıxış yolu – kompromis tapmaqdır. Maaş ikiqat yox, 1,5 dəfə artırılır. Hamı razıdır. Ya da, demək olar, hamı...

Kim tezliklə oyundan kənarda qalacaq?

Bu gün əmək bazarı rəqəmsal inqilab yaşayır. Təkrarlanan və müəyyən ssenariyə uyğun gələn hər şey avtomatlaşdırılır. Microsoft-un son araşdırmasında yaxın 3-8 ildə yox olma təhlükəsi altında olan peşələr göstərilib. Onlardan bəziləri:

Bir sözlə, sadəcə informasiya ötürülməsi tələb olunan köhnə ünsiyyət yaxın illərdə kütləvi şəkildə yox olacaq. Yalnız süni intellektdə olmayan xüsusiyyətlərə – empatiya (yəni qarşı tərəfin hisslərini anlama və hiss etmə bacarığı), məsuliyyət və düşüncə elastikliyinə sahib yüksək ixtisaslı mütəxəssislər qalacaq.

Parovozun qabağında qaçmayın

Məhsuldarlıq artmadan maaş artırmaq – ortası boş tort kimidir: görünüşü var, amma çətin dayanır. İşəgötürənlər qiymətləri qaldırmağa başlayır, inflyasiya maaşdan daha sürətli artır və nəticədə, guya daha çox qazanırsınız, amma aldığınızın alıcılıq qabiliyyəti azalır.

Bəs ibrət dərsi olmadan olar? Yox, olmaz.

Beləliklə, nə əldə edirik?

Hələlik isə – əmək bazarına xoş gəlmisiniz. Bu dünyada əsas qayda bazardakı kimidir: yaxşı mala pul verirlər. Sadəcə unutmayın – daha çox qazanmaq üçün əvvəlcə daha dəyərli olmaq lazımdır…
Fuad Rəsulov
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru