Yaxşı, bəs niyə Rusiya bu qədər mağmın davrandı?!

3-10-2023, 08:44           
Yaxşı, bəs niyə Rusiya bu qədər mağmın davrandı?!
Siyasi diskussiyada ən önəmli məsələ arqumentlər və əks-arqumentlərdir, bu zaman keyfiyyətli diskurs alınır və oxucular, izləyicilər də müəyyən qənaətə gələ bilirlər. Amma təəssüf ki, Azərbaycanın siyasi-ictimai səhnəsində publik şəxslərdən bir çoxu sadəcə bəsit “tezislər” səsləndirib altını doldurmadan üstündən keçirlər.
Son zamanlar bir neçə “populyar” tezis var, gəlin onları müzakirə edib “çürüdək”.
Tezis: Azərbaycan Rusiyaya nəsə vəədlər verib ki, son hadisələr baş verdi.
- Bu sözləri bir çox adamdan eşitdim-oxudum, amma heç birində əsaslandırma görmədim, ictimayyətin də bir hissəsi bu tezisi tez-tez təkrar edib yayır. Yaxşı, gəlin araşdıraq ki, Azərbaycan Rusiyaya nə vəədlər verə bilər, nələr edə bilərdi:
1) Ən bəsit versiya odur ki, tutalım, Azərbaycan Putinə, Rusiyaya pul verib – primitiv versiyadır, amma hətta elədirsə lap yaxşı, pulla həll olunan məsələ problem deyil,
2) Başqa nə ola bilər, tutalım, Azərbaycan KTMT, Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv olacağı sözü verib – Bu tezisin də içi boşdur, əvvəla, KTMT-də hələ ki, Ermənistan var, bu ölkə olduqca Azərbaycanın ora üzv olması mümkün deyil, ikincisi, Azərbaycanın Türkiyə, NATO ölkəsi ilə qarşılıqlı hərbi əməkdaşlıq və ərazi bötövlüyünün qarşılıqlı qorunması müqaviləsi var, ölkə ərazisində Türkiyə ilə birgə Təlim-Tədris Mərkəzləri yaradılır, Azərbaycan ordusu Türkiyə (NATO) standartlarına sürətlə keçir – belə olan vəziyyətdə Azərbaycanın nə işi var KTMT-də?! Azərbaycanın iqtisadi əlaqələri tamamiylə Qərblə, ABŞ və Avropa Birliyi ilədir, iqtisadiyyatımız bəsit formada olsa da məhz Qərbə inteqrasiya olunub, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında iqtisadi olraq Rusiyadan ƏN AZ asılı olan ölkədir – yaxşı, bizim Avrasiya, Gömrük İttifaqına daxil olmağımızın nə anlamı var?! Heç bir dividend gətirməyən, amma Qərbdə tərəfdaşlarla problem yarada biləcək addım olar ki, buna da iqtidar getməz. Həmdə ki, Ermənistan o qurumların da üzvü, hətta təsisçilərindən biridir, Ermənistan ordadırsa, deməli bizim olmağımız mümkün deyil, texniki və iqtisadi olaraq mümkün deyil. Bizim ölkənin xarici ticarətinin 90%-i Qərbə (Türkiyə də Qərbdir) bağlıdır,
3) Azərbaycan Rusiyanın neft-qazını Qərbə sata bilər – bu tezis gülməlidir, çünki, bu gün hələ də Ukrayna üzərindən Qərb günə 45 mln. m3 Rusiya qazı alır - bu olsa belə, deməli Qərbin istəyi və iştirakı ilə ola bilər ki, bunun da ziyanı yoxdur, hətta xeyri ola bilər ki, tranzit gəlirləri artar,
4) Rusiya bunu etdi ki, Paşinyanı devirsin – bu tezis çox yayılıb, amma 2-3 addım sonrasını görən, danışan yoxdur. Birincisi, alınmır, Rusiya cəhd edir, amma hələ ki, alınmır, ikincisi, tutalım alındı, Paşinyanın yerinə tam ruspərəst bir “yan” gəldi – o zaman Qərb Ermənistandan bütün dəstəyini çəkəcəkmi – çəkəcək, bu bizə xeyirdimi – xeyirdi, Rusiya tam Ermənistanın yanında durub provokasiyalar edə bilərsə Azərbaycan nə edəcək – bəli, Rusiyanı urvatsız yola salıb tam Qərb yolunu tutacaq. Bu Rusiyaya sərf edirmi – məncə, yox, Azərbaycanı tərəfdaş kimi itirmək istəmir, çünki Türkiyə amili var.
Yəni, dostlar, siyasi diskursda “püləmək” dəbdir, amma bu “dəbi” yenmək, marginallaşdırmaq, arqument və əks-arqument modunu dəb etmək lazımdır. Yaxşı, bəs niyə Rusiya bu qədər mağmın davrandı?! Çox sadə - gücü bura qədərdir, Türkiyə ilə üzbə-üz gəlmək istəmir, gücsüzlüyünü, 150-200 ildir ermənilərə verdiyi sözü tuta bilməməsini Paşinyana yükləməklə məşğuldur. Əslində ermənilərə "xəyanət" etdiklərini bilirlər, amma bacardıqları bir şey yoxdur və Xankəndindən də gedəcəklər, erməni əhalisi köçüb-dönməsə zatən gedəcəklər, qalmaqları üçün təməl yox olur, köçənlərin bir qismi geri qayıtsa da güvən itiriblər deyə gedəcəklər, geri qayıdanlarla BMT institutları və Azərbaycan dövləti birgə məşğul olacaq...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.