İranın Gürcüstan üzərindən Azərbaycana qarşı savaşı - TƏHLİL

3-10-2023, 11:54           
İranın Gürcüstan üzərindən Azərbaycana qarşı savaşı - TƏHLİL
Və yaxud Gürcüstan hakimiyyətinin “İran pambığıyla baş kəsmək” siyasəti

I YAZI

Bəzi Qərb dövlətləri tərəfindən Azərbaycana qarşı “səlib yürüşü”nün aparılması kimsəyə sirr deyil. Bununla yanaşı, sərgilənən düşmənçilik əməllərinin arxasında yer tutan ölkələrdən biri də İrandır. Hərçənd, bu ölkə illərlə bizə nəinki din, hətta məzhəb “qardaşı” kimi aşılanıb. Şübhəsiz, bu formal xarakter daşıyır. Siyasi maraqların öndə olduğu yerdə digər amillər arxa plana keçir. Din sadəcə İranın əlində Azərbaycan əhalisinə qarşı bir alət rolunu oynayıb. Yəni bir növ məzhəb yaxınlığı gözə soxularaq, mənən silahsızlaşdırılmamız üçün rıçaq funksiyasını yeriə yetirib.

İran rejimi dövlətimizə qarşı həm hərbi (Ermənistan vasitəsilə), həm narkotik (ölkədə narkomaniyanın tüğyan etməsi), həm də dini müstəvidə hibrid savaş aparır. Molla rejiminin bu xəbis niyyəti yüzminlərlə soydaşımız yaşayan qonşu Gürcüstanda da özünü biruzə verir. Bunu İranın Azərbaycan Türklərinə yönəlmiş “beyin savaşı” kimi də anlamaq olar.

Gürcüstan xaricdə kompakt halda yaşayan və ən çox aborigen azərbaycanlının yaşadığı ölkədir. Burada da İranın Qum və Məşhəd şəhərlərindən gələn missionerlər şiəlik adı altında molla rejiminə simpatiyanı, iranmeylliliyi, xomeyniçiliyi təbliğ edirlər. Borçalıda şiəlik İranın xüsusi canfəşanlığı sayəsində siyasi rəngə bürünərək, siyasi şiəliyə çevrilir. Bu işdə İranın Gürcüstandakı səfirliyi və müxtəlif adlar altında fəaliyyət göstərən kəşfiyyat xidməti xüsusi rol oynayır və bir növ “dini çalarlarla çulğalaşmış siyasi təxribat mərkəzi” funksiyasını yerinə yetirir. Əlbəttə ki, burada əsas hədəf məhz "dini kanton" yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah kimi istifadə etməkdir.

İran “Dünya Müsəlmanlarının Vilayəti Fəqihi” kimi qondarma statusuna sahiblənməyə can atır. Hətta İranın guya Azərbaycana qarşı pis münasibətini əsaslandırmağa çalışdığı ölkəmizin İsraillə yaxşı münasibətləri, İsraildə səfirlik açması da buna haqq qazandıra biməz. Çünki İranın Azərbaycandan daha çox dostluq etdiyi, mehriban qonşuluq siyasətinə sadiq qaldığı Ermənistanın İsraildə səfirliyi çoxdan fəaliyyət göstərir. Hətta Gürcüstanın belə, İsraildə səfirliyi var. İsraildə, qonşuluğunda olan respublikaların səfirliyinin olmasından ciddi narahatlıq keçirən Tehran gərək bunu hər üç ölkəyə münasibətdə nümayiş etdirsin. Amma belə olmur, deməli, bu bəhanə istisna olunmalıdır.

"Marneulidə əhalinin 70 faizi şiədir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi", - deyə Marneulinin yaşlı sakinləri danışır.

Gürcüstanda soydaşlarımızın şiəlik vasitəsilə iranmeylliliyə təşviq ediməsinin ən təhlükəli məqamlarından biri də Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir. Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar fars rejiminə böyük simpatiya bəsləyirlər.

Bu arada, Gürcüstanda Azərbaycan əleyhinə din pərdəsi altında müəyyən qrup gənclərin yetiştirilməsi haqda informasiyalar da mövcuddur. Ötən aylarda Borçalıdan olan aktiv soydaşlarımızın xəbər verdiyi kimi, “İran kəşfiyyatının qara eynəkli agent polkovniklərinin” təlimatı ilə Azərbaycan Respublikası Səfirliyi qarşısında bir qrup “azərbaycanlı dindar gəncin aksiyaları”, dövlətimiz əleyhinə səsləndirdikləri şüarlar da bunu sübut edir.

Cənub qonşumuz xüsusilə Marneulidə kifayət qədər güc əldə edib, insanların işsizliyindən istifadə edərək, onları öz maraq dairəsinə çəkə bilib. Yəni soydaşlarımızı İranın cənginə salan amillərdən biri də işsizlik və narkomaniyadır. Bu, Azərbaycanın maraqlarına tam ziddir və İran qaynaqlı təhdidlə üz-üzə qalmağımız bizi ciddi şəkildə düşünməyə vadar etməlidir. Biz xeyli vaxtdır ki, Gürcüstandakı soydaşlarımızla bağlı taktiki, situativ yanaşma ortaya qoyuruq, ancaq İran strateji addımlar ataraq həmin ərazidə böyük bir mexanizm formalaşdırıb. Şübhəsiz, İranın Marneulidəki gücü Gürcüstana deyil, birbaşa Azərbaycana qarşı hədəflənib.

Hazırda Gürcüstanda İran sərmayəli 12 783 struktur, qurum və şirkət fəaliyyət göstərir. Onlar Gürcüstanda İranın dəstəyi ilə fəaliyyət göstərən təşkilat və məscidlərin maliyyələşməsində ciddi rol oynayırlar. Belə ki, İranın Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı filialı, Tbilisi şəhərinin Soğanlıq (Poniçala) qəsəbəsindəki “Rəsul-Əkrəm”, Marneulidəki “İmam Rza” və “Həzrəti Zəhra” mədrəsələri (hər üç mədrəsə İranın sözügedən Əl-Mustafa universitetinə bağlıdır, oradan dəstəklənir), Marneulidəki “Əhli-beyt” cəmiyyəti, “Əhli-beyt” cəmiyyətinə daxil olan “Əhli-beyt Aşiqləri” forumu və “Zeynəb Qadınlar Birliyi”, Soğanlıqdakı “Əhli-beyt” məscidi, Rustavidəki “İman” təşkilatı, Qardabanidəki “Əhli-beyt Hikməti” cəmiyyəti, Marneulidəki “Gürcüstan İslam Araşdırmaları Mərkəzi”, “İmam Əli” məscidi və “İmam Əli” fondu, “İbrahim Müctəba (Gənclər) Birliyi”, habelə İranda Gürcüstandan olan və dini sahədə təhsil alan azərbaycanlı tələbələrin 2021-ci ildə təsis etdikləri “Gürcüstanlı Qum Tələbələr Birliyi” və s. təşkilatlar aktiv fəaliyyətdədir. Bütün bunlardan əlavə, 2016-cı ildən Gürcüstanda İmam Əli adına “Elm Şəhəri” universiteti fəaliyyət göstərir.

İranın bilavsitə dəstəklədiyi “ahlibeyt.ge”, “imanmedia.ge” və “giam.ge” saytları isə rəsmi Tehranın doktrinal ideologiyasının təbliğatı, Azərbaycanda daxili siyasi vəziyyətə qarşı yönəlmiş təşviqatla məşğuldur. "Zeynəb" və "Fatimə" adlı təşkilatlar irançılığın, ABŞ və İsrailə nifrətin, Azərbaycanın mövcud hakimiyyətinə qarşı çıxışların edilməsinin təblğatı ilə məşğuldur. Hazırda Marneulidəki "İmam Əli" məscidi, Borçalıdakı “Gürcüstan Əhli Beyt Cəmiyyəti”, “Əhli Beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, “Şəms” qrupu, “Əl Mustafa Beynəlxalq Universiteti”və s. qurumlar açıq-aşkar şəkildə məzhəb bölgüsünü aparmaq, soydaşlarımız arasında dini zəmində qarşıdurma yaratmaq istəyi və fəaliyyətilə məşğuldur. Nə qədər qəribə də olsa, Tehran rejimi Gürcüstandakı soydaşlarımız arasında təblğat işində bu ölkədəki Yevangelist-Baptist Kilsəsinin baş keşişi Malkhaz Sonqulaşvilidən də istifadə edir. İddia olunur ki, M.Sonqulaşvili baptist xristian olsa da, "İmdad Xomeyni"dən aldığı maliyyə vəsaitinə görə hər il İraqın Kərbəla şəhərində İranın rəhbərliyi və tam nəzarəti ilə təşkil edilən Ərbəin mərasiminə qatılır. Lap elə Gürcüstandakı aşura yürüyüşlərinə qatılan keşişlər kimi.

Sözsüz ki, bizə qarşı olan “dostcasına” münasibətinə baxmayaraq, xristian toplumun qarşısındakı sağlam düşüncəli müsəlman toplumu keşişlərin ürəyincə olmaz. Görünür, elə bu səbəbdən “sürünün qabağında gedən çoban” kimi keşişlər aşura yürüşlərinin qarşısında gedir.

Tehran rejimi Gürcüstandakı soydaşlarımızın din pərdəsi altında idarə olunması və xüsusilə də "vilayəti fəqih" ilə ekstremist-terrorçu "Hizbullah" təbliğatı üçün emissarlarını sürəkli olaraq qonşu ölkəyə yollayır. İran Gürcüstanda işsizlikdən əziyyət çəkən, sosial problemlər içərisində olan azərbaycanlılara din xətti üzərindən ünvanlı və davamlı yardımlar edir. Bundan başqa, orada böyük dövriyyəsi olan narkobazar formalaşdırıb. Halbuki, həmin ərazidə yaşayan əhali heç vaxt narkomaniyaya meylli olmamışdı. İndi isə Marneulidə ucuz narkotik maddələrin satışı şiddətli hal alıb. Bu vəziyyət - azərbyacanlı gənclərin narkotikə qurşanması Gürcüstan dövlətinə də sərf edir, çünki narkomaniya ilə məhv edilən azərbaycanlıların siyasi instinktləri aradan qalxır və milli iradələri şikəst olur.

Bəs İranın bizə qarşı “narkotik savaşı” və dini xürafat rıçaqlarının qarşısını necə ala bilərik? Əlbəttə, maarifləndirmə yolu ilə! Üstəlik, maarifləndirmə yalnız dini müstəvidə yox, paralel olaraq təhsil müstəvisində də aparılmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə soydaşlarımıza yardımçı olmağa çalışır. Komitədən bildirilib ki, Gürcüstanda azərbaycanlıların dinlə bağlı tələblərinin yerinə yetirilməsi üçün əlverişli şərait yaradılıb. Belə ki, Azərbaycan İlahiyyat İnstitutundan 5 nəfər Gürcüstan vətəndaşı olan soydaşımız məzun olub və onlara diplomlar təqdim olunub. Komitə Gürcüstandakı məscid və mədrəsələrin təmiri, kadr hazırlığı və dərsliklərlə təmin olunmasına da yardım etməyə hazırdır. Diplomları təqdim olunan məzunlar fəaliyyətlərini Gürcüstanda davam etdirəcəklər. Əgər bu məzunlar Gürcüstandakı məscidlərdə çalışacaqlarsa və soydaşlarımızın İranyönlülükdən xilasında fəaliyyət göstərəcəklərsə və Azərbaycan dövlətinin dəstəyi davamlı olacaqsa, zamanla müsbət dəyişikliyi gözləyə bilərik.

Amma bu yetərli deyil. Çünki dini maarifləndirmənin effektivliyi üçün təhsil mütləqdir. Söhbət normal dünyəvi təhsildən gedir. Gürcüstandakı soydaşlarımızın gənc nəsillərinin təhsili, yaxud təhsilin əlçatmazlığı fəlakətli həddədir. Çünki Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərdə bir çox məktəblərdə yaşlı müəllimləri əvəz edəcək gənc kadrlar yoxdur. Məktəb ilk növbədə ona görə azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyatı fənni keçirilir. Bunu isə azərbaycanlı müəllimlər keçirlər. Azərbaycan tarixi dərsi isə ümumiyyətlə ixtisara düşüb. Digər fənləri tədris etməyə də müəllim yoxdur. Bu, azərbaycanlıların gürcüləşdirilməsi üçün assimilyasiyaya münbit şərait yaradır.

Təhsilsizliyin vəd etdiyi ən böyük zərbə cəhalət və xürafatdır ki, dini təhsil nə qədər yüksək səviyyədə təmin olunur-olunsun, dəyişən heç nə olmayacaq. Bu ona bənzəyir ki, zamanla dilini, tarixini, keçmişini, köklərini itirmiş müsəlman gürcülər ortaya çıxacaq. Azərbaycan dövləti bu vəziyyəti SOS siqnalı kimi qəbul etməli, təcili tədbirlər görməyə başlamalıdır. Gürcüstanda azərbaycandili məktəblərin Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi həmçinin soydaşlarımızın İranın müəllifi olduğu narkomaniya bataqlığına düşməsinin qarşısının alınmasında da mühüm addımıdr. Aydındır ki, Gürcüstan dövləti azərbaycanlıların öz milli kimliyini qorumasında maraqlı deyil. Amma bizim üçün bu durum həyəcan siqnalı olmalıdır. Gürcüstanda İranın nüfuzlu olması və azərbaycanlıların da İranın “dini çətiri” altına girməsi “yeni Naradaran”, “Hizbulah”ın sıralarına azərbaycanlıların doluşması deməkdir. Bu, nə qədər doğru-yanlış olduğu bilinməyən 2014-cü ilin siyahıyaalınmasına görə, sayları 233 000-ə salınmış soydaşlarımızın laqeydlik nəticəsində itirilməsidir. Hərçənd, Ermənistan 1988-ci ildə de-yure ərazisini aborigen azərbaycanlı-türk əhalidən təmizləməyən yolunu onları deportasiya etməkdə gördü, Gürcüstan bunun üçün daha yumşaq yol “İran pambığıyla baş kəsmək” yolunu tutub.

Ülviyyə ŞÜKÜROVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.