“Erməniyə etibar yoxdur” -

3-10-2023, 08:05           
“Erməniyə etibar yoxdur” -
1920-ci də XI ordu Bakıya soxulanda ona bələdçilik edən bizim kommunist satqınlar şəhərin varlı-karlı müsəlmanlarının dəqiq ünvanlarını xüsusi şöbəyə vermişdilər. 70 il ərzində manqurd tarixçilər şəhərdə başlanmış misilsiz qətl-qarətdən bir kəlmə də yazmadılar.

Düzdür, əksər kübarların bir qismi əhli-əyalı ilə birlikdə ölkədən çıxdısa amma, qalanların başına özgə cürə müsibət gətirdilər. Əvvəlcə hündür tavanlı, bər-bəzəkli mənzillər müsadirə olundu, onlar gəlmə rus məmurlara və erməni kommunistlərə peşkəş edildi. Qəzənfər Musabəyov, Həmid Sultanov, Sultanməcid Əfəndiyev, Çingiz ildırım və digər “vətənpərvər” əbləhlərin kütlüyündən istifadə edən ermənilər qısa müddətdə dövlət strukturlarında ən mühüm postları tutdular və çox keçməyəcək ki, çörək verənlərini bir-bir dənləyəcəklər.

Nə onda, nə də sonralar heç nədən ibrət götürmədik. O məcmuə, o “tarixi” kitab yox idi ki orada ən aşağı səviyyəli erməni yazarı üzərimizə çirkab atıb, dinimizi, imanımızı təhqir etməsin. Bizim şair isə yazırdı “qardaş olub Hayastan, Azərbaycan, əzəldən qardaşdır ellərimiz”. Moskvanın qarşısında hamıdan çox təzim edən biz idik, hamıdan çox alçaldılan, təhqir edilən də biz. Azərbaycanda özünü əsl diktator kim aparan S.M.Kirovun əməllərindən on illər boyu danışmağa heç kim cürət etmədi. Ona şəhərin üzərində ucalan təpədə əzəmətli heykəl qoyduq... Kimin hünəri vardı bir kəlmə danışaydı? Rusiyaya müftə neft, qaz pambıq və faydalı qazıntılar lazım idi, onları da yerli satqın kommunist satrapların köməyi ilə aldılar.

İrtica artıq müqavimət göstərə bilməyən millətin dilini tapa bilmişdi, əvvəlcə kənd yerində, sonra də sənaye mərkəzlərində ordenli, medallı “fəhlə aristokratiyası” yaradıldı. Bunun nə olduğunu tarixçilər yaxşı bilirlər. Sürgün edilən, zindanlarda çürüdülən, güllələnməyə məhkum edilsə də, əyilməyən əsl ziyalıların yerini komsomolçu “firqəçi” qələm zinakarları tutdu. Məhz bunların sayəsində rus şovinistlərinə açıq cavab verməkdən çəkinən ruspərəst yazarların hər uydurmasını həqiqət kimi qəbul edən, mənən şikəst “Pavlik Morozovlar nəsli” yetişdi.

Moskva irticasının etnopsixologiya sahəsində çalışan yüksək erudisiyalı mütəxəssisləri vardı. Məhz onların tövsiyələrini rəhbər tutan ideoloqlar Azərbaycanda öz işlərini qurdular. Millətimizə xas olan unutqanlıq mərəzi onların karına gəldi. Milli dəyərlərə qarşı mübarizə elə bu amilin üzərində quruldu və rus irticası fırıldaqda uduzmadı.

Deyəcəyim sözlər on illər boyu dərindən öyrəndiyim, təhlil etdiyim mühüm bir nəsnə ilə bağlıdır. Bizim xalq min müsibətlə, faciələrlə, sosial parlayışlarla üzləşsə belə, heç bir vaxt düşmənə əbədi kin, nifrət bəsləməyib, elə bu da evimizi yıxıb. O qan qisasını həmişə öz soydaşından alıb. Kin saxlamamaqda ruyi-zəmində bir qövm bizə çatmaz, qərinələr boyu həm vuran, həm də hədəf olmuşuq.

Azərbaycanda sovet hakimiyyəti qurulana qədər çar üsuli-idarəsinin üstünə mərd-mərdanə gedənlər tək-tük qaçaqlar olub. Bizim satqın tarixçilər isə azğınlaşmış rus məmurlarının, kazaklardan təşkil olunmuş cəza dəstələrinin üzərinə gedən igidləri yox, yolda, izdə bir-iki ulaq, ya da qatırla yük aparan, xırda alverlə məşğul olan çarvadarları soyan Nəbini xalq qəhrəmanı kimi vəsf ediblər. Bu da rus şovinistlərinin planlarına uyğun idi. Şeyx Şamil hərəkatını ölüm-zülümlə yatırdan Rusiyaya Azərbaycandan da qəhrıəmanların çıxması əl vermirdi. Lakeylik, gədalıq bizdə elə həddə çatdı ki, bizim “alimlər” rusların özləri barədə yazdıqları doğru, düzgün məlumatları belə yaxın buraxmırdılar. Xankəndində baş vermiş məşhur qətlamdan ruslar utanmadan, çəkinmədən yazıblar, zavallı xanın ailəsindən, yaxınlarından qadınlı, uşaqlı 32 nəfər öldürülüb.

Qarabağ mövzusunu inhisara götürmüş ata-bala Əfəndiyevlər bir dəfə də olsun bu müdhiş cinayət barədə tutarlı bir sətir də yazmadılar. Nələrinə lazım idi? Anar Dədə Qorqudu gorbagor edəndə, cürət edib Mirzə Cəlilin irsinə də müdaxilə edəndə bu xarabada danışan oldu? İndi nifrət və qəzəblə danışmaqda tam haqqım var. Əlli il olar ki, mütəmadiyən asari-ətiqənin oğurlanıb talan edilməsindən, memarlıq, arxeoloji abidələrin vicdansızcasına dağıdılmasından, Üzeyir bəy kimi dahiyə biganə münasibətdən o ki var yazmışam. Məni ən çox yandıran göz qabağında asari-ətiqənin talanması idi.

“Millətin səsi” qəzeti hələ 2001-ci ildə özünün 13-cü sayında dəqiq faktlara əsaslanaraq yazırdı: “Hər il (1992-ci ildən başlayaraq) Azərbaycandan 13 milyon dollar məbləğində asari-ətiqə çıxarılıb”. Mən şəxsən yəhudi millətindən olan, bizlərə də həmişə məhəbbət bəsləyən, bir hərbçi kolleksioner tanıyırdım, sərvətini də görmüşdüm. Başımla cavabdehəm ki, evindəki asari-ətiqənin qiyymətini müəyyn etmək üçün xüsusi komissiya yaratmaq lazım idi. Şəhərimizdə belə şəxsi kolleksiyalar çox idi, İndi biri də qalmayıb. Yazırdıq, qədim nekropolların kotanlar, buldozerlər altında yerlə-yeksan edilməsini deyirdik. Göz qabağında olan, bütün rejimlərlə dil tapa bilən bizim elçinlər, anarlar, YAP-ın “dahiləri” susurdular.

“Yenə var tazə xəbər, tazə tamaşa”

Yenə də özümüzə əl qatmışıq, otuz il ərzində vətənimizin ən gözəl mahallarının altını üstünə çevirmiş, şəhidlərimizin məzarlarını belə dağıtmaqdan çəkinməmiş giyenalar üçün ərzaq daşıyırıq, yanacaq veririk.... Təki səlib dünyası bizim nə qədər humanist, ədalətli olduğumuzu bilsin. Səlib dünyası çoxdan bizlərin nəyə qadir olduğumuzu lap yaxşı bilir. O bilir ki, biz təkcə əfəl deyilik, biz səhər üzümüzə tüpürüləndə günorta onu unuduruq.

Rus şovinisti, cəfakeş Sabirimizin dili ilə desək, onu da bilir ki, biz “Zülmətsevər insanlarıq, üç -beş yaşımızdan, fitnə göyərir torpağımızdan, daşımızdan, qanlar tökərək bac alarıq qardaşımızdan!”. Moskva irticası çoxdan başa düşüb ki, min oyun açsa da şüuru zəhərlənmiş azərbaycanlı onun quyruğundan əl çəkməyəcək, əl çəkmir də. Niyə etiraf etmirik ki, özümüzü alçatmaqdan patoloji həzz alırıq. Düşmüşük uşaq, ana qatillərinin qapılarına, amanın günüdür, nə istəyirsiniz sizə verəcəyik, ürəyinizi sıxmayaın 1918-1920-ci illərin dəhşətlərini unudub düşmənlərimizə heykəllər qoyduqsa, arxayın olun, indiki simasız, qorxaq ziyalılarla, dini, imanı, peyğəmbəri pul olan şərəfsiz məmur zümrəsi ilə yenə də həmin yolu gedəcəyik. Əlbəttə ki, Xankəndi üzərində bayrağımız dalğalanacaq, bütün vəzifə kreslolarında soydaşlarımız oturacaq, ara sakitləşəcək. Allah eləməsin nəzarət zəifləsə, çox çəkməyəcək ki, ofislərdə, rəislərin qəbul otaqlarında tomalar, svetalar, jannoçkalar, marqolar oturub qapıya gələn azərbaycanlılara mən bilirəm nə sözlər deyəcəklər. O ki qaldı ərzaq karvanlarına, yanacaq, filan və başqa köməyə, yardıma, bunlar üçün də erməni əvvəl-axır öz “Sağ olunu”, deyəcək. Aqil insanlar yaxşı bilirlər ki, ermənilərin riyakar minnətdarlıqlarının mabədi nə ilə bitir. Məqaləmi məşhur çex antifaşisti Yulius Fuçikin sözləri ilə bitirirəm: “İnsanlar ayıq olun!” Dahimiz Üzeyir bəy də yazırdı: “Erməniyə etibar yoxdur!”

Firuz HAŞIMOV
hurriyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.