BAKI İNZIBATI MƏHKƏMSINDƏ MİA-NIN KARIKATURA ŞOUSU

4-10-2023, 09:24           
BAKI İNZIBATI MƏHKƏMSINDƏ MİA-NIN KARIKATURA ŞOUSU
«Dəryaz» satira-yumor qəzeti redaksiyasının cavabdeh «Medianın İnkişafı Agentliyi»nə qarşı qaldırdığı iddia tələbi əsasında Bakı İnzibati Məhkəməsində hakim Günel Sevdimalıyevanın sədrliyi ilə növbəti məhkəmə prosesi keçirildi. Qeyd edək ki, bir müddət bundan əvvəl media reyestrinə daxil olmaq üçün «Dəryaz» qəzeti redaksiyasının etdiyi müraciətə Agentlik tərəfindən imtina cavabı verilmişdi. Sentyabrın 13-də keçirilən növbəti məhkəmə prosesi zamanı cavabdehin nümayəndələrinin müxtəlif bəhanələr gətirmələrinə baxmayaraq baş redaktor Habil Tağıyevin hakiməyə təqdim etdiyi sübut və dəlillərin qarşısında qarşı tərəfin nümayəndələri çıxılmaz duruma düşmüşdü. Belə olan halda qarşı tərəfin vəkili Elvin Səlimov əsassız iddialar irəli sürməyə çalışsa da, hakim nə onun, nə də Agentliyi təmsil edən Elşad adlı “media eksperti”nin arqumentlərini tutarlı hesab etməmişdi. Nəhayət, hakim xatırlatmaq istəmədiyimiz bəzi nüansları nəzərə alıb prosesin vaxtını dəyişdirdi.

Sentyabrın 26-da Bakı İnzibati Məhkəməsində növbəti məhkəmə prosesi keçirildi. Cavabdeh tərəfin nümayəndəsi “Dəryaz” qəzetində dərc olunmuş məqalələri müşayiət edən 7 ədəd karikaturanın müəllifi olan rəssamların adlarının göstərilməməsi ilə guya “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (İnformasiyadan istifadə edilməsi) tələbinin pozulduğunu iddia etdi. Həmin maddənin 1-ci bəndinin tələbinə görə, “media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər”. Maddənin 2-ci bəndinin tələbinə görə isə, “abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

“Dəryaz” qəzetinin baş redaktoru Habil Tağıyev iddiasını müdafiə edərək bildirdi ki, tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Dəryaz” satira-yumor qəzeti 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Qəzet və onun internet əlavəsi olan “Deryaz.az” veb-saytı ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisələri obyektiv prizmadan işıqlandırır. Bütün dövrlərdə qəzetin kollektivi saf əqidəli, sağlam düşüncəli ziyalılardan, peşəkar, həqiqətpərəst jurnalistlərdən, iti müşahidə qabiliyyətli yumoristlərdən, istedadlı karikaturaçı rəssamlardan formalaşıb. “Dəryaz” elə ilk nəşrlərindən oxucuların qəlbinə yol tapa bilib, öz səviyyəsinə, oxunaqlığına, səhifələrində cəmiyyətin aktual problemlərinə yer verdiyinə görə dövrünün analoji dərgiləri olan məşhur “Molla Nəsrəddin”, “Kirpi” jurnalları ilə müqayisə müstəvisinə gəlib. “Dəryaz” eyni zamanda qardaş Türkiyədə nəşr olunan eyni profilli “Tırpan” satira jurnalı ilə əməkdaşlıq münasibətləri qurub, qarşılıqlı əlaqələrini inkişaf etdirib. Qəzetin işgüzar və həm də təşəbbüskar kollektivinin təşkilatçılığı ilə ayrı-ayrı illərdə respublikamızın paytaxtı Bakıda və digər şəhər və rayonlarda müxtəlif yazı və karikatura müsabiqələri, sərgilər təşkil olunub, qaliblər bir neçə nominasiyalar üzrə qəzetin özünün daxili imkanları və sosial tərəfdaşların köməkliyi ilə mükafatlandırılıblar.

Baş redaktor bir daha xatırlatdı ki, vaxtilə keçirilmiş müsabiqələrdə redaksiyaya təqdim olunan, eləcə də ayrı-ayrı vaxtlarda dərc olunan karikaturaların müəlliflərinə qonorar ödənilib. Hazırda söhbəti gedən, müəlliflərinin adları redaksiyaya bəlli olan 7 ədəd karikatura da ayrıca guşədə deyil, qəzetin özəl məqalələrinin tərkib hissəsi olaraq, bəhs olunan mövzulara uyğun surətdə dərc edilib və həcmcə həmin məqalələrin üçdə birindən çox yer tutmurlar.

Hakim cavabdeh tərəfin nümayəndəsinə karikaturaların başqa hansı dərgidə dərc olunduğunu soruşdu. Cavabdeh tərəfin nümayəndələri karikaturalara başqa heç bir kütləvi informasiya vasitəsində rast gəlmədiklərini dedilər. Hakimin bəs onda nəyə görə “Dəryaz” qəzetinə imtina cavabı verilib” sualının qarşısında cavabdeh tərəfin nümayəndələri aciz qaldılar.

Bizim üçün maraqlı bir nüans da ondan ibarətdir ki, Media Reyestrinə adı daxil edilmiş 1000-dən çox kütləvi informasiya vasitəsi arasında satira və yumor qəzeti yoxdur. Əcəba, Medianımn İnkişafı Agentliyi, onun sədri cənab Əhməd İsmayılov hər vəchlə “Dəryaz” qəzetinin Reyestrə daxil olmasının qarşısını kəsməyə çalışmaqla nəyə nail olmağa çalışır? Yoxsa, qəzetin profilindən bəlli olduğu kimi, səhifələrində “bəy tərifi” getməyəcəyini, əsasən tənqidə üstünlük verildiyini bildikləri üçün fəaliyyətinə mane olurlar? Axı Azərbaycanın müstəqil olmadığı totalitar sovet rejimində belə ölkəmizdə azsaylı KİV arasında heç olmasa 10-a yaxın satirik qəzet-jurnal fəaliyyət göstərirdi.

Əvvəlki iclaslarda olduğundan sentyabrın 26-da məyus görünən hakim Günel xanım Sevdimalıyeva Medianın İnkişafı Agentliyinin nümayəndələrinə imtinanın səbəbini əsaslandırmalarına yetəcək başqa arqumentlər ortaya qoymaları üçün qərardad çıxartdı. Biz isə hesab edirik ki, məhkəmə cavabdehə vaxt verməkdənsə, onun üzərinə “Dəryaz” qəzetinin adının Media Reyestrinə daxil edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul etməli idi. Bu, hakimə hər hansı təzyiqlə əlaqədar ola bilərmi? Əgər məhkəməyə elə bir təzyiq və ya tapşırıq varsa, Medianın İnkişafı Agentliyindən gəlməyibsə, əcəba Prezident Administrasiyasından gəlibmi? Yaşayarıq, görərik.
deryaz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.