Girovlarımızla bağlı jurnalistlərin təşəbbüsünə Mətbuat Şurasından dəstək gəldi

13-07-2016, 09:43           
Girovlarımızla bağlı jurnalistlərin təşəbbüsünə Mətbuat Şurasından dəstək gəldi
Əflatun Amaşov: “Bu ideyanın baş tutması üçün əlimizdən gələni edəcəyik”; Ələsgər Məmmədli: “Buna hüquqi baxımdan hər hansı bir məhdudiyyət yoxdur”
Azərbaycanda bir qrup jurnalist ermənilər tərəfindən girov götürülərək, Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşmək üçün təşəbbüs qrupu yaradıblar. “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupunun yaydığı məlumata görə, onların məqsədi Dilqəm və Şahbazın qaldıqları şərait, səhhətləri ilə bağlı geniş auditoriyaya gərəkli, eləcə də şəffaf informasiyalar verməkdir.

Bildirilir ki, təşəbbüs qrupuna könüllü olaraq üzv olan jurnalistlərin siyahısı və müraciətləri birbaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyinə, Ermənistan və Azərbaycan tərəfinin ombudsmanlarına təqdim olunacaq.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Mətbuat Şurasının rəhbəri, deputat Əflatun Amaşov bildirib ki, jurnalistlərin girovlarla görüşməsi üçün əllərindən gələn köməkliyi edəcəklər: “Bu, kifayət qədər müsbət bir təşəbbüsdür. Belə bir addımı Mətbuat Şurası dəstəkləyir. Mətbuat Şurası həmin qrupun təşəbbüsünün baş tutması üçün əlindən gələni edəcək. Müvafiq beynəlxalq və yerli təşkilatlarla əlaqə saxlamaq lazımdır. Azərbaycan jurnalistlərinin həmin şəxslərlə görüşü üçün nələr etmək lazım olduğu müəyyənləşdirilməlidir. İlk olaraq bu addım atılmalıdır. Hər şey qanunvericilik çərçivəsində aparılmalıdır. Əminəm ki, buna müvəffəq olmaq olar. Bir daha qeyd edirəm ki, ilk olaraq bununla əlaqədar həm yerli, həm də beynəlxalq qanunvericilik baxımdan müəyyən işlər görülməlidir. Müvafiq qurumlarla əlaqə saxlayıb, vəziyyəti dəqiq öyrənmək lazımdır. Mətbuat Şurası belə bir təşəbbüsdə bulunan insanlar üçün mümkün olan hər şeyi edəcək”.



Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, jurnalistlərin Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşməsi hüquqi baxımdan mümkündür: “Jurnalistlərin ölkə sərhədi olmadan informasiyanı almaq və yaymaq hüququ var. Əgər bu səfər informasiya toplamaq baxımından nəzərdə tutulubsa, mümkündür. İstər Ermənistan, istərsə də Azərbaycan Avropa Konvensiyasına qoşulub. Konvensiyanın 10-cu maddəsində isə bilavasitə bu ifadə işlədilir ki, ifadə azadlığı ölkə sərhədləri olmadan məlumatları toplamaq, almaq və yaymaq hüququnu özündə ehtiva edir. Bu baxımdan da əgər Azərbaycan jurnalistləri ora getmək istəyirlərsə, bunun hüquqi baxımdan hər hansı bir məhdudiyyəti yoxdur. Əlbəttə ki, Ermənistan mülahizələrinə görə buna imkan verməyə bilər. Belə olarsa jurnalistlər öz təşəbbüslərini Avropa Məhkəməsinə qədər qaldıra bilərlər. Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı informasiya toplamaq ictimai əhəmiyyət kəsb edir. İctimai əhəmiyyət kəsb edən informasiyanın toplanmasına da məhdudiyyət qoyula bilməz”.

Ə.Məmmədli bildirib ki, girovları ziyarət etmək üçün iki fərqli məqam var:

“İstənilən sayda, yaxud da əlaqəsi olmayan insanın oraya gedərək həmin şəxslərlə görüşmək imkanı olmaya bilər. Çünki həmin şəxslər Ermənistan qanunverciliyinə görə məhkumdurlar. Əslində isə onlar girovdurlar. Təəssüf ki, Ermənistan beynəlxalq qanunvericiliyi kobud şəkildə pozaraq, onları məhkum hesab edir. Məhkumlarla görüşə isə ailə üzvlərinə icazə verilir. Jurnalistlərin, ictimai əməkdaşların hadisə ilə bağlı onlarla görüşmək məsələsinə gəlincə, qapalı yerdə olduğu üçün ola bilər ki, birbaşa görüşə icazə verilməsin və bunu mövcud qanunlarla əsaslandırsınlar. Ancaq bilavasitə ora gedib, onların saxlanıldığı yerin ətrafından informasiya toplamaq mümkündür. Çevrədən informasiya toplamaq üçün heç bir məhdudiyyət qoyula bilməz. Əgər Ermənistan buna mane olarsa, məsələnin Avropa Məhkəməsinə çıxarılması imkanları yüksək olar”.
Xatırladaq ki, 2014-cü ilin 11 iyul tarixində Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan ata-baba yurdları Kəlbəcər rayonuna yaxınlarınının məzarlarını ziyarət etmək üçün getdikləri zaman ermənilər tərəfindən girov götürülüblər. Düşmən tərəf Dilqəm və Şahbazı yaxalasa da, Həsən Həsənov qətlə yetirilib. Dekabr ayında Kəlbəcər girovları üzərində qondarma “məhkəmə” qurulub. İşğalçı rejimin qurduğu “məhkəmə” Dilqəm Əsgərovu ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.