Rusiya prezidenti Bakıya əlidolu gəlir - düşmən bağrını çatladan anons
13-07-2016, 10:31
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səbirsizliklə gözlənilən və diqqətlə izlənilən Azərbaycan səfəri başa çatdı. Səfərin yekunları, detalları yəqin ki, hələ bundan sonra qızğın müzakirə predmeti olacaq. Siyasi təhlilçilər əsas da bu suala cavab tapmağa çalışacaqlar ki, Lavrov Azərbaycana nə ilə gəlmişdi, özü ilə nə apardı?
Rusiyanın baş diplomatı isə Bakıda bəyan elədi ki, o, Azərbaycan və Ermənistana prezident Vladimir Putinin tapşırığı ilə səfərlər edir. Lavrovun Bakı ziyarəti sözsüz ki, həm də elə Vladimir Putinin qarşıdakı Azərbaycan səfərini hazırlamaq məqsədi güdürdü.
Xatırladaq ki, bu mövzuda danışan Rusiya səfiri Vladimir Doroxin ötən həftə ANS-ə verdiyi açıqlamada bildirmişdi ki, Putin Bakıya əliboş gəlməyəcək və iki ölkə arasında silah ticarəti ilə bağlı yeni müqavilələr də imzalanacaq.
Maraqlıdır ki, Azərbaycanla uğurlu silah ticarəti quran Rusiya işğalçı Ermənistana hələ ötən ildən boyun olduğu 200 milyon dollarlıq kredit çərçivəsində silah-sursat verməyə tələsmir. Neçə gündür erməni tərəfinin yuxusunu qaçıran da budur - Moskvanın İrəvana silah verməkdə xəsislik etdiyi halda, Bakıya yeni partiya müasir silah və hərbi texnika satmağa hazırlaşması.
***
Bu xüsusda Lragir.am saytının şərhçisi Akop Bədalyan ənənəvi giley-güzar və Rusyafob ovqatda yazır: “Bəlli olub ki, Putinin Azərbaycana qarşıdakı səfəri çərçivəsində tərəflər arasında yeni silah müqavilələri bağlanacaq. Azərbaycan Rusiyadan artıq 10 milyard (əslində 4 milyard dollarlıqdı - red.) silah alıb və almaqda davam edir. Bakı müharibənin əleyhinədirsə, niyə silahlanmaqda davam edir? Məgər Azərbaycanın başqa düşməni də var ki, müharibəyə hazırlaşır?”
Erməni analitikə görə, madam ki, Azərbaycan silah alır, demək, müharibə onun gündəmində aktual olaraq qalır. “Əgər aprel müharibəsindən sonra Rusiya Bakıya silah verməkdə davam edirsə, deməli, müharibə Rusiya və Azərbaycanın ortaq gündəmidir... İlham Əliyev müharibə əleyhinədirsə, o zaman o, konflikt zonasında beynəlxalq monitorinq mexanizmlərinin yerləşdirilməsinə qarşı çıxmamalıdır. Hələlik Azərbaycan belə mexanizmlərin yaradılmasına razılıq vermir, deməli, o, müharibə tərəfdarıdır” - Bədalyan vurğulayıb.
***
Qeyd edək ki, erməni şərhçi bu fikri həm də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Varşavada keçirdiyi görüşlərdən sonra söylədiyi “Azərbaycan və Ermənistan prezidentləri müharibəni rədd elədi” açıqlamasına nəzərən yazıb. Guya rəsmi Bakı amerikalı diplomata bir daha savaş etməmək vədi verib.
Əlbəttə ki, bu, amerikalı həmsədrin yalnız arzusu ola bilər. Çünki Azərbaycan 22 il müharibə etməməklə hamıya, ən əvvəl də işğalçı Ermənistana və vasitəçilərə əslində böyük bir şans vermişdi ki, problemi dinc yolla nizamlamaq üçün real iş görsünlər. Bu şans boşuna getdi. Nəticə isə bəllidir - işğalçıya, elə vasitəçilərə də qulaqburması ilə nəticələnən aprel müharibəsi.
Ancaq bundan sonra da Ermənistan özü üçün nəticə çıxarmayıbsa, kontstruktiv mövqe tutmursa, hətta əksinə, havadarlarına aralanıb əvvəlkindən daha radikal yanaşma sərgiləyirsə, müharibə əlbəttə ki, yenə də gündəmdə olacaq, Azərbaycan təcavüzkara qarşı yeganə etibarlı silahından imtina etməyəcək, silahlanmaqda davam edəcək, təmas xəttində onun əl-qolunu bağlayan yeni monitorinq mexanizmlərinə də razı olmayacaq. Bunu anlamaq çoxmu çətin?
O ki qaldı Uorlikin açıqlamasına Azərbaycan prezidenti İlham Əliyev Varşavadan qayıdan kimi, həm də Sergey Lavrovun Bakı səfəri öncəsi “müharibə vədini” təkzib edib. “Ermənistan təxribatçı əməllərini davam etdirsə, vəziyyət dəyişə bilər” - söyləməklə. Bu, təcavüzkar konstruktiv mövqe tutmayacağı təqdirdə Bakının ona qarşı zora əl atmalı olacağı barədə işğalçıya və vasitəçilərə aydın bir ismarışdır.
“Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan edib. Status-kvonun dəyişdirilməsi isə işğal edilmiş torpaqların azad edilməsi deməkdir” - bunu da İlham Əliyev NATO sammitindən qayıdandan sonra bəyan edib.
***
Hər halda kim olmasa da, Azərbaycan bir klassik həqiqəti artıq çox yaxşı əxz edib: “Sülh istəyirsənsə (xüsusən də Ermənistanla!), müharibəyə hazır ol” . Yaxud heç vaxt çomağı əldən qoyma. Elə ona görə hazırlaşırıq və çomağı əldə möhkəm tutmuşuq. Lazım gəlsə ikinci “çomağı” da götürəcəyik!..