`İcra hakimiyyətlərində nöqsanlara yol verilir` - PA rəsmisi
13-07-2016, 19:22
“Vətəndaşların müraciətləri ilə bağlı qanunvericilik bazasına edilmiş dəyişikliklər reallıqdan doğan zərurətdən irəli gələrək, bu sahədə olan problemlərin həllinə xidmət edir”.
teref.az xəbər verir ki, bunu AzərTac-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.
Onun sözlərinə görə, məhz Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin ətraflı araşdırılması, orada qaldırılan məsələlərin və onların yaranma səbəblərinin diqqətlə öyrənilməsi göstərir ki, bəzən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu və müraciətlərinə baxılması işində qeyd edilən nöqsanlara yol verilir: “Bu müraciətlərin təhlilindən aydın olur ki, vətəndaşları daha çox narahat edən bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qarşılaşdıqları bürokratik əngəllər, onların problemlərinə laqeyd yanaşılması, müraciətlərinə cavab verilməməsi kimi hallardır.
Bəzən də vətəndaşlar Prezident Administrasiyasına müraciət edərək mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbul olunmalarına kömək göstərilməsini xahiş edirlər. Bu da həmin orqanlarda qəbula düşmək istəyən vətəndaşın müəyyən çətinliklərlə üzləşməsindən irəli gəlir”.
PA rəsmisi bildirib ki, son illər dövlət orqanlarının bir çoxunda vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin xeyli təkmilləşdirilməsinə, onları narahat edən problemlərin əsasən həll olunmasına baxmayaraq, bəzi şəhər və rayonlardan bu barədə narazılıqlar hələ də vardır: “2016-cı ilin birinci yarısında da Prezident Administrasiyasına belə müraciətlər daxil olmuşdur. Onların hər biri diqqətlə öyrənilir, yaranma səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür”.